Bir neçə il qabaq, dünya görünməmiş yüksək texnoloji gəlişmə, yüksəliş içində ikən gözlənilməz bir iş baş verdi – dünyanı bu başdan o başa ekonomik böhran bürüdü (fransızca desək, kriz). “Gözlənilməz” dedim, doğrudanmı gözlənilməz? – yox! Uzmanlar bu gün yer üzünü bürüyən ekonomik böhranın hələ uzun illər sürəcəyini, arada sunami sayağı çəkilib yenidən gələcəyini bildirirlər. Ola bilsin, indiki dünya ekonomik böhranının kökündə eləcə ekonomik problemlər – nədənlər dursaydı, onu tezliklə çözüb, aradan qaldırmaq olardı.
Problemin kökü görsəndiyindən, ilkin olaraq düşünüləndən qat-qat dərində, belə desək, bazisdə deyil, üstqurumdadır. Bax, indiki dünya ekonomik böhranına çətin çözüm xarakteri qazandıran başlıca nədən, faktor budur!
Bunu çağdaş dünyanın bir sıra bəlli siyasi liderləri, dövlət adamları xeyli gec olsa da, dilə gətirdilər: indiki dünya ekonomik böhranının kökündə mənəviyyatın aşınması, aşındırılması faktoru, prosesləri dayanır. Bu, hamının deyil, bir sıra bəlli siyasi liderlərin, dövlət adamlarının ortadakı faktı fiksasiyası, göz önündə olanları görüb göstərməsi, deməsidir. Bunu konkret fakta konkret yanaşma da adlandırmaq olar. Burada nə profilaktika var (ola da bilməz!), nə də ağır xəstə üstünə çağırılan həkimin görüb-görəcəyi bir iş. Bu, analitik bacarığı olan, politik-ekonomik proseslərdən baş çıxaran bir jurnalistin deyə biləcəyindən artıq nəsə deyil. Bəlli olduğu kimi, jurnalistin funksiyası ilə siyasətçinin, siyasi liderin, dövlət adamının funksiyası başqa-başqadır. Jurnalistin işi (professional borcu) informasiya vermək, informasiyanı ötürməkdir. Jurnalist özünün professional borcu olaraq yalnız informasiyanın doğruluğuna çalışmalıdır. Jurnalist-analitik baş verənlərə görə sorumlu sayıla bilməz.
Birincilərə gəlincə (siyasilər), onlar baş verənlərdə oynadıqları rola uyğun olaraq, baş verənlərə görə az-çox sorumlu sayılırlar. Bu gün ortaya çıxan, uzun sürə sürəcəyi söylənən dünya ekonomik böhranında dünyanın dünənki-bugünkü, irili-xırdalı bütün siyasət-dövlət adamlarının sorumluluq payı var – çağında gərəkən işləri görmədiklərinə görə!
Bir sıra politoloq-analitiklər indiki dünya böhranının baş verəcəyini 10-20-30 il öncədən deyiblər, göstəriblər. Bunlar kimlərinsə düşünə biləcəyi kimi saya öncəgörmə faktları deyil, obyektiv görsənişlərin obyektiv analizindən ortaya çıxan doğal-qanunauyğun proqnozlardır. Bizə bəlli olduğuna görə, bu yöndə, bu sayaq ilkin proqnozu ötən yüzilin 40-cı illərində hansısa politik-analitik-ekonomist-jurnalist deyil, dünyanın ən ünlü fiziklərindən biri, Nobel ödülü laureatı Albert Eynşteyn vermişdi: “Bəşəriyyətin gələcəyi bilimin (elmin) gəlişməsindən çox asılı deyil.., əxlaqın, mənəviyyatın yarınkı necəliyindən asılıdır”. Görəsən, obyektiv analizlərdən irəli gələn bu sayaq proqnoz-çıxışlara görə kimsə bizdə olduğu kimi Eynşteyni “işverənlikdə”, ayrı nələrdəsə qınayaraq belə anormal dəyərləndirmədə bulunardımı. Eynşteyn baş verənləri deyil, baş verəcəkləri söyləməklə adamları gələcək uğursuzluqdan (uğursuzluqlardan) yayındırmaq kimi bir borcunu yerinə yetirirdi. Buna görə hansı normal adam Eynşteyni qınaya bilər?
Mənəviyyatı, mənəvi-etik prinsipləri gündəlik yaşam-davranış norması olaraq görmək istəyən, başqalarından qabaq özü buna çalışan böyük dünya adamı Eynşteyn deyir: “Hər bir adam nə etməlidir: təmizlik örnəyi olmalı, düşkünlər toplumunda etik normaları, inamları gərəyincə qorumaq kişiliyi göstərməlidir”. Məncə, bu yazını etik (eləcə də estetik) normaların qorunmasının önəmini bütün parlaqlığı ilə göstərən bir Latın formulu ilə bitirmək ən düzgün variant olardı: “Düzəni qoru – düzən səni qoruyacaq”. Mən bu Latın formulunu bilənədək də ona uyğun yaşayış-davranış modelinə üstünlük vermişəm. Bu Latın formulu da, Eynşteyn də ayrıca, önəmli stimullaşdırma örnəkləridir – öyrənən, yiyələnən uduzmaz!4 iyul 2011