AMAY prezidenti: «Bunu təsdiq edəcək bir fakt belə, tapılsa, özümü günahkar bilərək ölkəni tərk etməyə hazıram»
AMAY şirkətlər qrupunun prezidenti Abdulla Abdullayev “Demokratik Islahatlara Vətəndaş Dəstəyi” ictimai birliyinə rəhbərliyi öz üzərinə götürdükdən sonra mətbuatda ünvanına gedən ittihamlara cavab verib. A.Abdullayev AMAY şirkəti əməkdaşlarına müxalifətin mitinqlərini dağıtmaq barədə göstəriş verməsi barədə ittihamı birmənalı rədd edib.
Amma şirkətdə çalışan hansısa əməkdaşın belə bir əmələ yol verməsini istisna etmədiyini də vurğulayıb. “Mən şirkət rəhbəri olaraq heç vaxt belə bir əmr verməmişəm, bunu təsdiq edəcək bir fakt belə, tapılsa, özümü günahkar bilərək ölkəni tərk etməyə hazıram”,- deyə AMAY rəhbəri qeyd edib.
AMAY Ticarət Mərkəzinin yox, AMAY şirkətlər qrupunun prezidenti olduğunu xüsusi vurğulayan və şirkətə 40-a yaxın müxtəlif müəssisənin daxil olduğunu xatırladan A.Abdullayev bu müəssisələrdə çalışan kimlərinsə qanunsuz əmələ əl atmasının heç də özünə qarşı ittihamlar irəli sürülməsinə əsas vermədiyi mövqeyi ifadə edib.
Eyni zamanda, AMAY prezidenti ictimai təşkilata rəhbərlik etməsini müxalifətə keçməsi kimi dəyərləndirməyin də əsassız olduğunu qeyd edib. O, ictimai təşkilat rəhbəri kimi ilk növbədə prezidenti olduğu şirkətin problemlərinin hüquqi müstəvidə həllinə çalışacağını qeyd edib. O, başçılıq etdiyi şirkətin bəzi məmurların təqib və təzyiqlərilə üzləşdiyini, buna baxmayaraq, problemin hüquqi müstəvidə həllini tapacağına ümidvar olduğunu nəzərə çatdırır.
Siyasətçi yox, iş adamı olduğunu deyən AMAY prezidenti ola biləcək təzyiqlərə baxmayaraq, ictimai fəaliyyəti davam etdirmək istəyini qeyd edir. O, bu fəaliyyətilə də dövlət və dövlətçiliyin güclənməsinə dəstək olacağını bildirir.