Içimizdəki şeytan


“Içimizdə şeytan səsi,
Yalan səsi, böhtan səsi –
Didir bizi, yeyir bizi…”
(Məmməd Araz)

“Qarşıdakı qurultay azərbaycanlıların birləşməsi üçün gözəl imkandır”. Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri belə deyib.
Tomris xanım, məni bağışlayın, dərindən yanılırsınız.
O “birləşmə” dediyiniz nəsnəyə “azərbaycanlı” adlandırdığınız millətin nail olması çox-çox müşkül məsələdir.
Nədən ki, yüz illərlə qanımızda dövr edən “antibirləşmə” virusu birliyə əsla aman verməz.
Şəkk edənlər, dodaq büzənlər, özümüz haqqında çox yüksək fikirləşənlər Şah Ismayıldan bu yana Azərbaycan tarixinə nəzər salsın.
Yaxın tariximizin Azərbaycan üçün mühüm önəm daşıyan məqamlarında, yadellilərə qarşı savaşlarda xanlıqlara bölünmüş Azərbaycanda başbilənlər – xanlar, bəylər, bəylərbəyilər necə hərəkət etdi?
Hərə atının yüyənini bir tərəfə çəkmədimi?
Və hərənin bir tərəfə üz tutmasından sonra Azərbaycan parçalanmağa, kiçilməyə başladı.
O vaxt üç bəy, üç xan burnunun ucundan uzağı görmədi.
Nəticədə Azərbaycan əldən-ələ keçdi.
Fars gəldi, rus getdi, rus gəldi, fars getdi.
Birləşə bilməməyimizin ucbatından Azərbaycan ya Iranın oldu, ya da Rusiyanın.
Bizim ola bilmir Azərbaycan.
Biz ailə təəssübünü çəkirik, qohum-dost qədrini bilirik, fəqət Azərbaycanın təəssübünü çəkə bilmirik.Biz Azərbaycanın qədrini bilmirik.
Bilsəydik, içimizdə yuva salmış patoloji yekəxanalığı bir kənara tullayıb bir-birimizlə düşmənçilik etməzdik.Bilsəydik, ömrümüzü özümüzdən olanlarla savaşa sərf etməzdik.
Məni qınamayın, bizim hər birimiz içimizdə ŞEYTAN bəsləyirik.

Ta ki, son nəfəsimizədək, o Şeytan bizimlə birgə yaşayır.Bizi haqq yolundan çıxarır.
Yalana, riyakarlığa, saxtakarlığa, yaltaqlığa, pulgirliyə, bir sözlə, cümlə naqisliklərə öyrədir bizi.
O şeytan “oğurla”, “yalan danış”, “saxtakarlıq et”, “birləşmə”, “düşmən ol” əmrini verir bizə.
Biz də lənətə gəlmiş o şeytanın əmrlərini qul kimi yerinə yetiririk.
Şeytanın fitnəsinə uyub Azərbaycan. 
Biz birləşə bilməyənlərin törəmələriyik və o səbəbdən də birləşməmiz arzu olaraq qalır, gerçəkləşə bilmir.
Bu məmləkətin yekə-yekə alimləri, yaxası orden-medallı şair və yazıçıları, özünü dahi bilən siyasətçiləri Şeytanın əmrinə müntəzir dayanıb.Mənəm-mənəmlik, təkəbbür cılızlaşdırır bizi.

Kimi dindirirsən, “dahiyəm”, “bir nömrəyəm”, “əvəzolunmazam” deyir.
Kimsə-kimsəyə əl uzatmır, uzanan əllərə belə məhəl qoyan yoxdur.
Belə vəziyyətdə hansı birlikdən, hansı birləşmədən danışmaq olar?
Bir olmamız üçün birləşmə vaksini qəbul etməmiz lazımdır.
Bu vaksinasiyanı da yalnız və yalnız DÖVLƏT apara bilər.

O dövlət ki, nefti yox, vətəndaşını özünə ən böyük sərvət bilir.
O dövlət ki, fərqli düşünən vətəndaşına düşmən kimi baxmır.
Nə vaxt ki, dövlətin sahibi millətin də sahibi olacaq, əmin olun ki, birləşmədən danışmağa ehtiyac qalmayacaq.