«Oğlumu tapança ilə öldürüblər, bu məsələləri ört-basdır edənlər Cavid Qurbanovla Rəşid Qurbanovdur»
Polis serjantı Mehdi Həsənovun qətli ört-basdır edilir. Bu barədə “Azadlıq”a mərhumun valideynləri bildirib.
Xatırladaq ki, Mehdi Həsənov mayın 17-də Gəncədə qətlə yetirilib. Bu olayda mərhumun həmkarı, polis kapitanı Inqilab Sadıqov təqsirləndirilir. Lakin Mehdi Həsənovun valideynləri hesab edir ki, övladlarını öldürən bir nəfər deyil. Ötən sayımızda Mehdi Həsənovun atası Musa Həsənovun qəzetimizə müraciətini dərc etmişdik. Musa Həsənov bildirmişdi ki, oğlu bir neçə nəfər tərəfindən amansızlıqla öldürülüb. Lakin qətldə iştirak edən digər şəxslər məsuliyyətdən yayındırılır. Musa Həsənov həmçinin qeyd etmişdi ki, qətl hadisəsilə ilə bağlı ekspertiza rəyi də saxtalaşdırılıb. Dünən isə redaksiyamıza Mehdi Həsənovun anası Şəkər Həsənovanın müraciəti daxil olub. Şəkər xanım da oğlunun qətli ilə bağlı istintaq işinin obyekti aparılmadığını bildirir: “Mənim oğlumu bir nəfər öldürməyib. Onu bir qrup şəxs qətlə yetirib. O, bir çox yerindən ağır xəsarətlər alıb”.
Şəkər xanım da bu işdə “Azəryolservis”in şefi Cavid Qurbanovun adını hallandırıb. O, həmçinin deyib ki, istintaqa təsir edənlərdən biri də Respublika Prokurorluğunda işləyən Rəşid Qurbanov adlı şəxsdir. Şəkər Həsənovanın sözlərinə görə, hər iki şəxsin Inqilab Sadıqovla qohumluq əlaqələri var.
“Mənim oğlumu tapança ilə öldürüblər. Amma bu faktı bizdən gizlətmək üçün onu gizlicə əməliyyat ediblər. Heç birimizi Mehdinin yanına buraxmayıblar. Bu məsələləri ört-basdır edənlər Cavid Qurbanovla Rəşid Qurbanovdur”, – deyə mərhum polisin anası vurğulayıb.
Şəkər xanım sonda Ilham Əliyevdən, onun xanımı Mehriban Əliyevadan bu məsələni diqqətdə saxlamalarını və oğlunun qatillərinin cəzalandırılmasını xahiş edir.
Azad