Eşşək və eşşəkçiliyin praktik əsasları

Allah Salman kişiyə rəhmət eləsin – əgər ölübsə: Şamaxı rayonunun icra başçısı Asif Məmmədovun atasını deyirəm. Adam Şamaxı şəhərinin girişinə eşşək heykəli qoymaqla ölkənin eşşək boyda problemini gündəmə gətirdi və atasına beləcə rəhmət oxutdurdu. Eşşəyin milli sərvət olduğunu bu hakimiyyətdə ilk dəfə etiraf edən şəxs kimi hörmətli icra başçısına təşəkkür düşür. Niyə?

Illərdir ki, bu məmləkətin yalnız bir dərdi var: eşşək! Və bu problem indi başlamayıb – az qala, yüz il öncə Məmmədhəsən əminin amanatına Xudayar bəyin xəyanəti ilə eşşək bizim ictimai-ədəbi-bədii itkimizə çevrilib və müstəqilləşəndən sonra məmurlar bu itkinin yerini doldurmaq üçün durmadan düşünüblər, qucaq-qucaq paralar xərcləyiblər, ölkəyə cütdırnaqlı, ağ rəngli, mamlı-matan, xumar baxışlı, sərv boylu, çal saçlı, pürani, müdrik, suyuşirin, adamın ağlını başından alan at kimi eşşəklər gətizdiriblər. Amma çifayda – gələn eşşəklər də yerli eşşəklərdən xüsusi qabiliyyətlərinə görə qəti fərqlənmədiklərindən məmurlarımızın daxili eşşək ehtiyacları təmin edilməyib.

Və budur, Asif Məmmədov axır ki, bunun yolunu tapdı: eşşəyə heykəl qoymaqla itkinin yerini doldurdu, rəhmətliklərin – Məmmədhəsən əmi və onun oğurlanan nakam eşşəyinin – xatirəsini əbədiləşdirdi, eşşəyin ideya-siyasi mahiyyətini büsbütün ortaya çıxardı.

Lütfən, eşşəyə sıradan bir heyvan deyib, keçməyin! Bu füsunkar, zəhmətkeş və dözümlü heyvanın adı ilə ənənədən gəlmə bir ideoloji-praktik fəaliyyət mövcuddur. Eşşəklik, özündə sosial-fəlsəfi və təcrübi yük daşıyır və mütləq bu praktikanın elmi əsasları hazırlanmalıdır, həm də dərhal, yubanmadan, təxirə salınmadan. Şükür Allaha ki, bu modelin dünyaya elmi şəkildə izahı və əsaslandırılması imkanlarımız daxilindədir.

Zatən, biz illərdir bilirik ki, bu sosial-fəlsəfi təcrübə bəzi məmurların son illər xüsusi önəm verdikləri idarəetmə formalarından biridir. Məsələn, etdiyin müraciətə heç bir cavab verilməməsində, oturduğun evin birdən, qəflətən başına uçurulmasında, yemək-içməkdə, söz eşitməkdə, anlamaqda, danışıqda, rəftarda, düşüncədə, tabeçiliyində olanların ata və analarının gorunu, izzəti-nəfslərini tez-tez müzakirə predmetinə çevirməkdə, insanların halına yanmaqda, vəzifə məsuliyyətini dərk etməkdə “eşşanilik” və ya “eşşəkpərvərlik” günümüzün reallığıdır.

Ancaq doğrusu, bir məsələdə lap ilişib-qalmışam: A.Məmmədovun eşşək abidəsini qorumaq üçün mühafizə ayırmasını heç cür anlaya bilmirəm. Son aylarda heykəlləşən ideyalardan yalnız Hüsnü Mübarəkin Xırdalandakı abidəsi ətrafına mühafizə düzüldüyünün şahidi olmuşduq və bu da başadüşüləndir: Hüsnü Mübarək Misirdə devrilsə də, onun ideoloji tərəfdaşları heykəlini ciddi-ciddi qorumaqdaydılar.  Yaxşı, bəs, eşşək abidəsi niyə qorunur? Eşşəyə hansı təhlükə var? Eşşəklik bir ideologiya kimi hansı təpkilərə məruz qalıb ki, onun simvolunu hifz etmək üçün xüsusi mühafizə ayrılıb?Vurğulanması vacib olan bir məsələ də var: karyerasının çiçəkləndiyi dönəmini MIS-lər müdiri olaraq keçirən Asif müəllimin heykəlləşdirdiyi ideya eşşək və eşşəklik deyil, eşşək arabasıdır. Abidənin şəklinə baxmaqla bunu görə bilərsiniz. Bəs, “eşşək arabası” ideologiyasının mənası nədir? Bəlkə, mövcud ab-hava əks olunub? Məsələn, eşşəksiz heç cür yeriməyən araba. Bu eşşək kimi və ya kimləri, araba nəyi və nələri ehtiva edir? Eşşək biziksə, “eşşək arabası” kimdir? Araba biziksə, bəs, eşşək kimdir?

Adamın ağlına min fikir gəlir – dilim ağzım qurusun, birdən… olmaya… yoxsa…

Gərək, bu çözümü Asif Məmmədov şəxsən aça ki, camaatın ağlına axmaq-axmaq fikirlər gəlməsin.