Daha bir həftəni başa vurduq. Deyilənləri, edilənləri bir tərəziyə yük edib ölçmək qərarına gəlsək, o qədər də boş həftə olmadı. Yadımda qalan və həm də məni sevindirən o oldu ki, bir səhər qəzet köşklərinin birinə yaxınlaşan zaman “Azadlıq” artıq qurtarıb” sözlərini eşitdim. Həqiqətən də çox xoş idi bunu eşitmək. Deməli, insanlar oxuyurlar, oxuyurlarsa nəsə də öyrənirlər və öyrənirlərsə, deməli, nəticə çıxarırlar.
O biri tərəfdə – hakimiyət düşərgəsində isə sükutdur. Elə cəmiyyət də bu detala fikir verməlidir. Bunlar nələrinsə cəmiyyət tərəfindən bilinməsindən ehtiyat etmirlər. Çünki bu ölkəni özlərini və qohumlarını dolandıran, zinətləndirən bir şəxsi mülk hesab edirlər, artıq məzənnəsi yoxdur bu ölkənin. Millət və vətən haqqında deyilənlərsə, sadəcə ritorikadır, aktyorluqdur.
Məni bu bir sual maraqlandırır: Əgər bu ölkə indiki kimi bunların olmasaydı, bunlar yenə də “vətənpərvər” olardılarmı? Bax, bu mənə çox şübhəli görünür. Bunların vətənə və onun insanlarına münasibəti gəlir gətirən şəxsi əmlaka olan münasibət kimidir, gəlir gətirirsə, sevilir və qiymətləndirilir, gətirmirsə ləğv edilir və əvəzində tamam başqa bir “şirkət” yaradılır. Budur məntiq.
Müəmmər Qəzzafinin qızı deyir ki, atası Liviyanın lideri və onun millətinin simvoludur, o, hara gedə bilər ki?! Bəli, Qəzzafinin daha heç bir yerdə və heç bir vaxt Liviya kimi şirkəti olmayacaq! O da bunu başa düşür və ona görə də getmək istəmir.
Bunların mahnısı bəzən çox sadə olur və bir cümləlikdir: mən səni sevəcəm, sən sevməsən də! Əl çəkmək istəmir, özlərini millətə proyeksiya olunmuş kimi aparırlar. Dünyada ancaq bir neçə ölkə sadalamaq olar ki, onlar Qəzzafini qəbul edər, lakin onu həmin ölkədə hansı tale gözləyir? Şəxsi hesabları dondurulub, artıq rəiyyəti yoxdur, daha siyasi rolu da tükənib! Misirlilər düz edir ki, Hüsnü Mübarəki məhkəmə qarşısına çıxarmaq istəyirlər. Diktatorları mühakimə etmək lazımdır – hamıya bir dərs olması üçün! Hətta krallarla diktatorlar arasında fərq var. Diktatorlar milləti aldadaraq, onun müvəqqəti etibarından istifadə edərək, bir uşaq kimi başını tovlayaraq hökmran olurlar və heç vaxt özlərini olduğu kimi qələmə vermir, əksinə, millətin sıradan bir nümayəndəsi kimi təqdim edirlər özlərini. Krallar isə belə deyil. Hətta imperatorlar belə olmur. Napoleonun çox ağır vaxtında Lafayet ona təklif edir ki, xalqı ayağa qaldırsın, yeni parlament təsis etsin və yeni respublika dalğasında hakimiyyətdə qalsın. Napoleonun isə cavabı çox qısa olur: “Mən imperatoram!”. Bəli, o, imperator idi, ölkələr işğal etmiş və səltənətlər zəbt etmişdi, həmişə də özünü olduğu kimi aparmışdı və təqdim etmişdi, o başqa rolu oynamağı bacarmırdı, heç bu haqda düşünmürdü də! O, hakimiyyət düşkünü deyildi, bir kreslodan ötrü can vermirdi, hakimiyyət də, kreslo da ona konkret məqsəd üçün lazım idi. Amma indiki diktatorları, hətta bir şəhərin də diktatoru olmaq qane edərdi, necə ki, qane edir. Çünki onlar üçün əsas olan insanlar üzərində hakimiyyətdir, fərqi yoxdur, insanlar nə qədərdir – bir nəfərdir, yoxsa beş nəfər! Əgər NATO Liviyadakı əməliyyatı dondurub Qəzzafi üçün bir şəhər saxlasa, o, həmin şəhərin diktatoru olacaq və zərrə qədər də dəyişməyəcək, elə həmin Qəzzafi olaraq qalacaq! Heç vaxt da düşünməyəcək ki, axı o cırtdan bir diktatordur, onun üçün əsas bir o olacaq ki, beş-üç bədəvi onun qarşısında diz çökür, ona mədhiyyələr və təriflər yağdırır.
Belə də yaradıcı insanlar olur…
Bu yaxınlarda məşhur bir Çin hüquq müdafiəçisi haqda oxudum. O, həm də gözəl rəssam və heykəltəraşdır. Bu insan təkbaşına Çindəki despotizmə və müstəbid rejimə qarşı etiraz edir. Məni ən çox təsirləndirən onun atası, bəli, atası haqda hekayə oldu. Bu adamın atası Çinin böyük şairi olub. Amma bir müddət hakimiyyətin qəzəbinə gəldiyi üçün əziyyət çəkib, on illərlə yeganə işi kənd tualetlərini təmizləmək olub! Təsəvvür edirsinizmi? Yox, mən belə acı taleləri heç də örnək kimi göstərmək istəmirəm. Sadəcə, hər dəfə insan iradəsinin sərhədi məni heyrətləndirir.