Cabbar! Inanmayacaqsan, amma bunlar eşşəyə də heykəl qoydular. Təbii, heyvansevər olduqlarından deyil. Bunlar insanı sevmədikləri kimi, heyvanı da sevməzlər. Bunlar özlərindən başqasını sevməzlər zatən. Və hamıdan da yalnız onları sevməyi istəyərlər. Elə isə niyə qoydular eşşəyə heykəli? Mənim ağlıma bir variant gəlir: Mübarəkin heykəlini götürməyə məcbur oldular, ona görə. Acığa düşüb eşşəyə heykəl qoydular. Ki, zatən bu da çox yerinə düşür: bir diktatorun bir eşşəkdən o qədər fərqi olmaz. Bir diktator da tıpkı bir eşşək kimi, sözdən anlamaz, anlamaq istəməz. Bu qulağından alıb o qulağından ötürər.
Amma düzünə qalsa, Cabbar, Mübarəkin heykəlinə əvəz olsun deyə, bir eşşəyə heykəl qoymaq da o qədər yaxşı fikir deyil. Hər nə qədər bir eşşək bir diktator kimi sözdən anlamasa da, amma o diktatordan qat-qat mehribandır, çalışqandır, cəfakeşdir, ən əsası, zalım deyil, məzlumdur.
Hə, Cabbar, hardan baxsan, bunların eşşəyə heykəl qoymalarını anlamaq çətindir. Dünən bunlar eşşək klipinə görə iki gənci şərləyib həbsə atırdılar, amma bu gün eşşəyə heykəl qoyurlar. Nə deyəsən, necə izah edəsən? Bir halda ki, bir gün çıxıb eşşəyə heykəl qoyacaqdınız, o zaman o iki gənci aylarca həbsxana divarları arxasına niyə tıkdınız ki? Eşşəyə heykəl qoymaq olar da, klip çəkməkmi olmaz? Enində-sonunda ikisi də mədəniyyət hadisəsi deyilmi – bir heykəl də, bir klip də…
Hə, Cabbar, bütün bunlar öz yerində, amma mən ən çox nəyə darıldım, bilirsənmi? Camatımızın “eşşək heykəli”nə qıcıq olmasına… Özünü bundan təhqir olunmuş, alçaldılmış saymasına… “Haqsızdırlarmı?” deyə soruşsan, Cabbar, əlbəttə, haqsızdırlar. Necə yəni, bunlar dövlətin ətək-ətək pulunu havaya sovurub bahalı alman eşşəkləri alanda heç kim özünü alçalmış, aşağılanmış saymadı da, bunlar eşşəyə heykəl qoyandamı xətrinə dəydi, qüruruna toxundu xalqımızın?
***
Daha pisi, daha dəhşətlisi var, Cabbar! Məmləkətdə həftələrcə az qala hər kəs nəfəsini tutub Kazan görüşündən çıxacaq nəticəni gözlədi. Beş-üç ağlı başında adam ha yazdı, ha çizdi, “daşdan səs çıxar, amma bu Qarabağ danışıqlarından bir şey çıxmaz” deyə… Amma çifayda, hər kəs ümidli idi tezliklə Isa bulağında kabab çəkib, Cıdır düzündə “Yallı” gedəcəyinə.
Sonda nə oldu? Olması gərəkən oldu, yəni heç nə olmadı. Kazan görüşündən geriyə növbəti fiasko, növbəti xəyal qırıqlığı qaldı. Öz xalqının övladlarını şüşə qırmaqda suçlayıb dəmir barmaqlıqlar ardına atanlar növbəti dəfə xalqın xəyallarını, ümidlərini qırdıqlarına görə zərrəcə suçlu saymadılar özlərini, düz də elədilər.
Suçlu onlar deyil, suçlu bizik: milətə və vətənə etdikləri bunca pislikdən, bunca çirkinlikdən sonra hələ də çıxıb bunlardan yaxşılığa doğru nə isə gözləyiriksə, suçlu bizdən başqası deyil!
Cabbar, bu, artıq hər kəsin əzbərləməsi, yaddaşının bir yerinə yazması gərəkən aksiomadır: öz xalqına sırtını dönən, öz xalqına danışmaq haqqı tanımayan, öz xalqı ilə danışmayan bir prezidentin Qarabağ danışıqları iflasa məhkumdur, fiaskoya məcburdur!
***
Cabbar, mən bu sətirləri yazarkən “facebook”da da hərifin biri mənə durmadan barmağını Liviyaya tuşlayıb, “qatil Qərb, məzlum müsəlman” nağılları anlatmaqdadır. Mən sənə yazıram, amma hərif də durmadan mənə yazır.
Ona oradan cavab yazmaq imkanım və həvəsim olmadı, izninlə buradan yazım: Ey hərif qardaş, “qatil Qərb” deyirsən, amma illərcə, əsrlərcə xalqını sümürən və süründürən kralları, sultanları, şeyxləri başının tacı edən, şəriətlə idarə olunmaq üçün sinov gedən, hüquq, demokratiya, özgürlük adına bir istəyi və tələbi olmayan, ayətullahlardan, üləmalardan, hürafələrdən mədət uman, mollaların, şıxların, din cambazlarının ətəyini tutub buraxmaq istəməyən toplumların da ən azı Qərb qədər qatil olduğunu düşünmədinmi heç? Onlar da on illərdir, yüz illərdir uşaqlarının gələcəyini, xoşbəxtliyini qətlə yetirmirlərmi zatən? Yoxsa “yaxşı qatil, pis qatil” qavramı kəşf etdiniz də, Nobel Akademiyasınınmı xəbəri yoxdur?
***
Cabbar, bağışla, sənin də başını ağrıtdım, başqa bir bazarda görüşənədək… Özünə yaxşı bax!