Eyvaz Taha Muğanda anadan olub. O, ixtisasına görə fəlsəfə ilə məşğul olur və bədii nəsr yazır. E.Taha doxsanıncı illərdə “Yol” dərgisinin qurucusu və baş yazarı olmuşdur. Sonralar Azərbaycan Cümhuriyyətində “Cahan” dərgisinin təməl daşını qoymuş və o jurnalın baş yazarlığını öz üzərinə götürmüşdür. Habelə o, 2004-cü ildən “Yarpaq” qəzetini çıxarmağa başlamışdır. “Yarpaq” milli hökümət devrildikdən bəri tam azərbaycan türkcəsində çıxan ilk qəzet olmuşdur.
Tahanın indiyədək iki yüzə yaxın irili-xırdalı yazısı (məqalələri, öyküləri, tənqidləri, essələri və tərcümələri) ayrı-ayrı dərgilər və qəzetlərdə çap edilmişdir. Azərbaycan türkcəsində, fars və ingilis dillərində yayımlanan bu yazılarda, daha çox düşüncə və duyğu, fəlsəfə və ədəbiyyat qovuşağında yaranan məsələlər araşdırılmışdır. Bu dərgilər və qəzetlərin bəzisi bunlardır: “Yol”, “Cahan”, “Şəhriyar”, “Dünya Ədəbiyyatı”, “Varlıq”, “Azeri”, “Şərq”, “Mənim ailəm”, “Yarpaq”, “Vəravi”, “Araz”, “Bəhar Zəncan”, “Tək Səbir”, “Avaye Ərdəbil”, “Ulduz”, “Alatoran”, “Yeni Azərbaycan”.
Eyvaz Taha
Bəşər tarixində dövltçiliyin ayrılmaz xırdalıqlarına çevrilmiş belə divan tutmalar, niyə yalnız 18-ci yüzilliyin sonlarından öz funksiyasını itirdi. Az sonra özünə qarşı işləməyə başladı. Niyə belə bir vəhşiliklər tarix boyu uyğulana bildi və yalnız həmin əsrin sonlarında 16-ci Luyinin başınının givtinlə atdırılması ilə təxminən sona vardı. Müttəhim hakim yerində oturdu.
Bəşər Əsəd yıxıldıqdan sonra yalnız Səddamın gizləndiyi yuvaya sığına bilər
Cavabı insanın “vəzifə” ağırlığından “haqq” anlayışına keçməsində axtarmalıyıq. Ortaçağda insanın hökumət qarşısında yalnız vəzifəsi var idi. Çünki güc sahibləri öz məşruiyyətlərini ya göydən alırdılar, ya da qılıncdan. Son dayanacaqda isə tacla xaç bir qapıya çıxırlar. Amma renessansdan başlayaraq “haqq” məsələsi qabarmağa başladı. Insan vəzifəsi ilə yanaşı haqq qazanmalı oldu. Bu, qaçılmaz idi. Örnəyin söylədiyimiz olaydan cəmi 900 il öncə Şarl Monteskyö “Qanunların ruhu” kitabında icra, yarğı və qanunverici orqanları bir-birindən ayırmaqla hakimiyyəti buxov qırmış güc simvolundan məsuliyyətli bir qurum halına gətirməyə çalışırdı. Elə məhz həmin əsrdə Osmanlıda bütün güc strukturlarının bir şəxsin əlində toplanmasının faciəvi nəticələrindən söz açırdı: “Üç hakimiyyətin sultanın əlində birləşdiyi türklərdə dəhşətli istibdad hökm sürür. Təsəvvür edin, belə bir ölkənin vətəndaşı necə durumdadır. Orada hər bir qurum qanunların uyğulanması rolunda qanunverici kimi özünə verdiyi tam hakimiyyətə malikdir. O, hamıya məcburi olan qanunlar biçimindəki iradəsi ilə bütün dövləti dağıda bilər; bundan əlavə, məhkəmə hakimiyyətinə malik olmaqla, tək-tək hökmlər biçiminə salınmış iradəsiylə hər bir vətəndaşı yoxa çıxara bilər. 18-ci yüzilliyin Avropasında belə bir bəsirətin qarşısında güc öz cəllad görkəmini artıq tamaşaya qoya bilməzdi.
Demirəm gücün işgəncə imkanları tükənir, deyirəm maarifçilik dönəmi gəlir və tarixi prosesin nəticəsində dövlətin cəzaverici imkanları gizlinə çəkilməyə başlayır. Hüquqi normalar və yeni zindan fenomeni bu dəyişimin nəticəsi kimi özünü göstərir. Işgəncə varsa da daha hakim onun əyani qorxunc tətbiqilə öyünə bilmir. Kütlənin gözü qabağındakı etiraflar getdikcə yoxa çıxır, ya da arxa plana çəkilir. Sanki etiraf, neqativ bir göstəriciyə çevrilir: hansı ölkədə etiraf varsa, demək o ölkə hələ də feodalizm dönəmini yaşayır. Başqa sözlə, iqtidarın demokratik olub-olmamağının bir şərti həmin fenomenlə bağlı olur. Indi həmin ölçü ilə ərəb dövlətlərinin mahiyyətini daha dəqiq dəyərləndirmək olar: Tunis və Misirdə bu etiraflardan istifadə olunmadı. Demək, hökumət söylənilənlər qədər diktator deyilmiş. Olayların sonrakı axarı da bunu göstərdi. Liviyada olduqca naşı tərzdə, Suriyada isə tam planlı bir biçimdə etiraflardan faydalandılar. Bunun üçün Misir inqilabı 300 qurbanlıq verməklə uğur qazandısa, Liviya və Suriya xalqları 30000 qurbanlıq verməli olacaqlar. Bizim bu ölçü ilə Suriyanı Orta Şərqin ən qəddar hökuməti kimi tanımaq olar. Mübarək müalicə olunmaq üçün Ərəb Əmirliklərindən Şərm-üş Şeyxə qayıda bildisə, Bəşər Əsəd yıxıldıqdan sonra yalnız Səddamın gizləndiyi yuvaya sığına bilər (4).
Hakim etiraf edənin boğaz dəliyindən öz qorxusunu bayıra üfürür
Bu arqumentlərin ardınca bir də yuxarıda söylədiyim tezisə qayıdıram: Etiraflar yalnız müəyyən müttəhimin qaranlıq bucaqlarda vəhşicə dindirilib televiziya ekranına çıxarılmasının göstəricisi deyil. Etiraf hökumətin zahirən sağlam görünən gövdəsindəki ağır xəstəlikləri üzə çıxarıb, yenidən istehsal edən olğudur. Xəstəliklər isə az deyil: kütlədən çəkinmə, onlara bilqüvvə düşmən gözü ilə baxma, özünə güvənsizlik, ədalətsizlik, rantlar, güc və sərvət qaynaqlarının paylanış yolaqlarının qapanışını. Indi etiraf hökumətin totalitar mahiyyəti barədəki məfkurələri fövqəlşüurumuza daşıyır; müttəhim bağlı olduğu kütləni məhkum etdikdə hakimin məşruiyyətində çat yaradır. Dedim ki, modernitədən başlayaraq insan “haqq” qazanır və haqq dönəmində etiraf iki başlı işlək tapır. Hakim etiraf edənin boğaz dəliyindən öz qorxusunu bayıra üfürür.
Etiraf siyasi quruluşun zahiri bütövlüyünü parçalayır
Etiraf yalnız qaranlıq küncdə dindirilmiş suçlunun ruhunu parçlamır, polisin mumiyalanmış gövdəsinə cızıqlar çəkir. Bununla da siyasi quruluşun zahiri bütövlüyünü parçalayır. Lengston Hyuzun bir şeirində ağdərili birisi qaradərilini doyunca əzişdirib ağzının, burnunun suyunu bir-birinə qatır. Sonra qaradərilinin başına çığırır: “Dur ayağa denən ki, bizim əsil soykökümüzə inanırsan!” Ağdərilinin beləcə “tayid dilənçiliyi” nəyi göstərir? Qaradərili onun soykökünün əsil olduğuna inanmır, bu isə ağdərilinin üstünlüyünə dair oturuşmuş diskursu uçuruma sürükləyir.
Etiraf özünə qarşı işləyir. Çünki tam yalan bir aksiya olduğu onun formasından aydın olur. Ilk öncə fərd öz mənliyinə qarşı etiraf süzgəcindən keçməli olur. Sonra öz əzəli nisgilini deyil, yurdunun dərdini deyil, qüdrətin daş ürəyinə calanan iztirabları hayqırmaq məcburiyyətində qalır. Qüdrətin diləyi əbədi qalmaqdır, müttəhimdən isə bu əbədiyyəti ona bağışlayacağını umur. Gizli saxlanılmasına can atılan bu istəkələr, etiraf əsnasında söylənilən sözlərdə deyil, etirafın formasında özünü ifşa edir.
***
Hələ də bir sual cavabsız qalır: yaxşı bəs “güc” bu paradoksal məsələyə niyə boyun qoyur, hakim ona qarşı yönəlmiş etirafın qorxuncluğuna niyə duruş gətirir? Cavab sadədir. Çünki hökumət, onu küncə dirəmiş kütlənin ağır zərbəsindən bu an, burda yayınmaq istəyir. O, qumara qurşanır. Uzun sürə ona gərəkli olan məşruiyyətinin bir bölümünü qurban verərək təcili təhlükəni başından sovmaq istəyir. Belə bir durumda hakim indiki təhlükəni (xalq üsyanını) cilovlamaq üçün uzun müddətli məşruiyyətinin hamısını da qurban verə bilər, öz canını da.