3 polisin 1 qadını zorlamasında əxlaq söhbəti

Məlum olduğu kimi, iyunun 22-də Nizami Rayon Polis Idarəsinin 3 əməkdaşı bir qadını zorlayıb. “Azadlıq” qəzetinin əvvəlki saylarında bu barədə geniş məlumat dərc edilib. Belə ki, hazırda Keşlə qəsəbəsində yaşayan qadın yaxın tanışı ilə Nizami rayonu ərazisində yerləşən parklardan birində gəzişərkən Nizami Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin 4 əməkdaşı onları saxlayıb. Qadının tanışını sərbəst buraxan polislər onu xəlvətə aparıb zorlayıblar. Hadisədən sonra zərərçəkmiş Daxili Işlər Nazirliyinə müraciət edib və polislər saxlanılıb.

Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Azadlıq”a açıqlamasında zərərçəkmiş qadınla görüşmək üçün polisə müraciət etdiyini, lakin qadının ünvanının ona verilmədiyini bildirib. Nizami rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmov isə qadının əxlaqsız olduğunu və onlara şər atdığını deyib.
Polis rəisinin bu açıqlaması sual yaradır. Qadının əxlaqsız olması onun zorlanması üçün əsas verirmi? Təbii ki, yox. Bəs hüquq müdafiəçiləri bu məsələni araşdıracaqmı?

«Qadın restoranda fahişəliklə məşğul olsaydı, şikayət etməzdi»

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova zərərçəkmiş qadının onlara müraciət etməyəcəyi təqdirdə araşdırma aparmayacaqlarını deyir. Çünki mərkəzin iş prinsipinə görə, yalnız kömək üçün müraciət edən qadınlara yardım göstərilir. Hüquq müdafiəçisinin fikrincə, qadının fahişəliklə pul qazanması onu zorlayanlara bəraət qazandırmır. Istənilən halda iş araşdırılmalıdır.
M.Əzizova eyni zamanda müşahidələr apardığını və hadisə ilə bağlı müəyyən nəticəyə gəldiyini deyir: “Bəzi məsələlər üst-üstə düşmür. DIN-in açıqlamasında belə məlumat oxudum ki, qadın restoranların birinin qabağında intim xidmət göstərəndə tutulub və polislər tərəfindən zorlanıb. Deməli, o qadın həmin restoranda işləyib. Adətən, belə yerlərə polislər nəzarət edir. Ora kənardan heç kim müdaxilə edə bilməz. Birdən-birə qadının etiraz etməsi, ərizə yazması şübhə yaradır. Nəyə görə qadın hüquq-mühafizə orqanlarına müraciət edib? Bir tərəfdən o, istəməz ki, ”iş yerində” problem olsun. Əgər o, restoranda fahişəliklə məşğul olsaydı, şikayət etməzdi. Deməli, qadın fahişəliklə məşğul olmur. Onu fahişə kimi təqdim edirlər”.

«Polisin heç bir qadına əxlaqsız deməyə ixtiyarı yoxdur»

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə zərərçəkmiş qadına yardım etməyə hazır olduqlarını bildirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, sübutu olmadığı halda qadına əxlaqsız deməyə heç kimin haqqı yoxdur. Digər tərəfdən, heç kəsə qadını zorlamaq icazəsi  verilməyib: “Qadın sübutlarla gəlsin yanımıza, ona kömək edək. Polisin də heç bir qadına əxlaqsız deməyə ixtiyarı yoxdur”.

Fizzə