Tanınmış yazıçı Seyran Səxavət Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadəni müdafiə edən məqalə yazıb. Məqalə “Qafqazinfo.az” saytında yerləşdirilib.
Seyran Səxavəti narahat edən, yazdıqlarına görə, Şeyxlə bağlı “yerli-yersiz, haqlı-haqsız” bəzi mətbu orqanlarda dərc edilən məqalələrdir. Yazıçı bu tip məqalələri “qarayaxma” adlandırır və “bizlər qara rənglə “işləməyi” sevirik, hətta şeyximizə, şairimizə, keçmişimizə və əlimiz çatmayan gələcəyimizə də qara yaxırıq” deyə gileylənir.
Məqaləsində 1990-cı illərə ekskurs edən yazıçı qeyd edir: “Səhv eləmirəmsə 90-cı illərin axırlarında şeyx həzrətlərini, dünya şöhrətli azərbaycanlılar – rəssam Tahir Salahovu, Kosmosun fəth olunmasında misilsiz xidmətləri olan Kərim Kərimovu SSRİ Ali Sovetinə deputatlığa namizəd irəli sürümüşdülər. Mən o zaman onların üçünü də müdafiə elədim, Azərbaycan xalqına öz narazılığımı bildirdim- baxmayaraq ki, onların seçilməməsində xalqın heç bir günahı yox idi. Dəhşətə gəlmişdim ki, Allahşükür Paşazadəni, Tahir Salahovu, Kərim Kərimovu seçməyən bizlər kimi seçəcəyik? Məlum oldu ki, onların əvəzinə sağınçı, suçu, pambıqçı və s. seçilib…”.
Şeyxi təmənnasız müdafiə etdiyini təkrar vurğulayan Seyran Səxavət daha sonra fikrini konkretləşdirərək Allahşükür Paşazadənin qudaları ilə bağlı dərc olunan bəzi xəbərlərin təqdimatına etiraz edir: “Əvvəllər yazırdınız ki, şeyxin qudası Hacı Mazan belə elədi, şeyxin qudası Hacı Qalib elə elədi. İndi də bir ucdan döşəyirsiniz ki, şeyxin qudası, türk iş adamı Əli Evsen heylə elədi. Şeyx neyləməlidir? İşini-gücünü atıb qudalarını izləməlidir, yoxsa onlara nəzarət eləməlidir? Dünyanın heç bir ölkəsində qanunla tənzimlənən nikah müqaviləsində göstərilməyib ki, quda qudasına görə məsuliyyət daşıyır”.
Yazıçı başqa ölkələrdə medianın öz dini liderlərinə münasibətdə bu cür davrana biləcəyinə inanmadığını yazır və əlavə edir: “Nə düşmənimiz erməni dövlətində, nə dostluğu ilə düşmənçiliyi bilinməyən Rusiyada, nə də qarış-qarış gəzib dolaşdığım Avropa dövlətlərində belə şeylərə rast gəlməmişəm”.
Yazıçı bu yaxınlarda parlamentə YAP icra katibinin müavini, deputat Səyavuş Novruzovun din xadimlərinin geyimi ilə bağlı ifadə etdiyi irada da etirazını bildirir: “Milli Məclisdəki deputatların birindən gələn təklif isə (adını unutmuşam) kosmik və fantastik olduğu qədər də gülünc və komik əsillidir. Şeyxin əmmaməsi haqqında fikir söyləyən bu millət vəkilinin “dahiyanə” təklifinə heyran oldum. Nə boyda görkəmsiz müsəlman olmalısan ki, ölkənin o boyda məclisndən belə fikir səsləndirəsən – ustadına əhsən. Ay yoldaş, əmmamə şeyximizin kəfənidir, başında gəzdirir. Sənə isə mən bilən sambrero daha çox yaraşardı”.
“Mənə elə gəlir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə bizim son dərəcə ləyqaətli, böyük Allahın qocalmağa izn verdiyi, sevib-seçdiyi bəndələrindən biridir. Ömrünün-gününün müdriklik pilləsində bostanına atılan daşlara fikir vermədən aramla irəliləyir, uzun, ağır, uğurlu-uğursuz illərin verdiyi təcrübədən yararlanıb xalqına, dövlətinə dəstək verir. O, 15-20 il öncə bir ilə başa çatdırdığı işi, indi bir günə eləmək iqtidarındadır. Bu mənada biz şeyximizi daha sərrast qiymətləndirməli və onun qədrini bilməliyik. O hansı dəlidir ki, böyük ağacın dörd tərəfə şaxələnib və şeyxlənib bar verdiyi bir vaxtda onun kökünü baltalasın? Dünyanın çox hissəsini gəzdiyim yerlərdə belə dəliyə rast gəlməmişəm. İnşallah Azərbaycanda da rast gəlməyəcəyəm.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Bütün Qafqazın Şeyxidir, mən də qafqazlıyam və öz şeyximi müdafiə elədim. Düz elədim. Şeyxini müdafiə eləyə bilməyəni Allah da qorumaz. Allah bizi qorusun…”, – deyə yazıçı məqaləsini tamamlayır.