İP üzvləri Əli Həsənovun cavabını verdi

«O, YAP-ın işləri ilə məşğul olsa, yaxşıdır»

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ictimai Palatanın ünvanına bir sıra ittihamlar səsləndirib. Ə.Həsənov mətbuata açıqlamasında qeyd edib ki, Ictimai Palatanın formalaşmasının əsas prinsipi sanki antiiqtidar mövqeyidir: “O qurumda bir-birini yola verməyən, bir-birinə nifrət edən insanlar toplaşıb. Onları birləşdirən yeganə şey antiiqtidar nifrətidir. Antiiqtidar nifrəti üzərində isə siyasət qurmaq olmaz. Onların çıxara biləcəyi ən obyektiv, ağıllı qərar o ola bilər ki, qurumu buraxsınlar”.

«Ictimai Palatanı demokratiya uğrunda mübarizə, hakim komandanı isə korrupsiya maraqları birləşdirir»


Ə.Həsənovun söylədiklərinin tamamilə əsassız fikirlər olduğunu deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, siyasi qüvvələrin IP-də bir araya gəlməsinin əsas motivi Azərbaycanda demokratik dəyişikliklərə nail olmaqdır. Məhz bu niyyətin qarşısında Azərbaycan iqtidarının dayandığını söyləyən F.Qəhrəmanlı vurğuladı ki, ona görə IP-in qarşısında duran əsas hədəf mövcud hakim komandadır: “Əli Həsənov bir qədər diqqətli olsa görər ki, səsləndirdiyi fikirlər daha çox hakim komandaya aiddir. Hakim komandanı birləşdirən ortaq siyasi hədəflər və prioritetlər yoxdur. Onları bir araya gətirən korrupsiya maraqlarıdır. Sadəcə olaraq birgə əsasda sərvətlərin talanması məqsədi ilə bir araya gələn oliqarx qrupların ittifaqıdır. Amma Ictimai Palatada insanlar birgə prinsiplər əsasında fəaliyyət göstərirlər. Bu fəaliyyət də təkcə Azərbaycan cəmiyyətində deyil, Qərbdə də qəbul olunmaqdadır”.
IP rəhbərliyi ilə beynəlxalq təşkilatların görüşlərinin hakimiyyəti ciddi narahat etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu, IP-in Azərbaycanda hakimiyyətə alternativ güc mərkəzi kimi qəbul olunması deməkdir: “Ictimai Palata artıq təşkilatlanma mərhələsindədir. Yəqin ki, bir müddət sonra Ictimai Palata Azərbaycan cəmiyyətinin böyük əksəriyyətini təşkilatlandıraraq rejimə qarşı mübarizədə səfərbər edə biləcək. Bu baxımdan hakimiyyətin narahatçılığı gözləniləndir. Ona görə iqtidar təmsilçiləri bəyanatları ilə Ictimai Palatanı gözdən salmağa çalışırlar”.

«Ictimai Palatada demokratik düşüncəli insanlar toplaşıb»

Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirdi ki, Ə.Həsənov istədiyini, arzularını dilə gətirir. IP-də demokratik düşüncəli insanların toplaşdığını deyən G.Aslanlı vurğuladı ki, burada hər kəs iqtidardan fərqli olaraq fikir söyləməkdə sərbəstdir: “Əli Həsənov YAP-ın problemləri ilə məşğul olsa, daha yaxşı olar. Onun cəsarəti çatırsa, son günlər mətbuatda hakim ailə barəsində gedənləri araşdırsın. Hesabat tələb etsin ki, necə olur ”Azərfon”, “Ata-Holdinq” şirkətləri hakim ailənin mülkiyyəti olub? Və yaxud da Dubay mülkləri ilə bağlı qalmaqala aydınlıq gətirsin”.

Xəyal