Hakimiyyət Qarabağla bağlı ritorikasını dəyişdi

Kazan görüşündən əvvəl müharibə bəyanatı ilə çxış edən iqtidar indi erməni liderlərin həbsini istəyir

Şahvələd Çobanoğlu: «Bu təbliğat Qarabağ münaqişəsinin həlli üçün heç nə vermir»

Hakimiyyətin Kazan görüşü ərəfəsində apardığı geniş təbliğat kampaniyasının tezisləri dəyişib. Əgər Kazan görüşündən əvvəl iqtidar müharibə ritorikasına geniş yer ayırırdısa, görüşün nəticəsiz bitməsindən sonra nədənsə müharibə bəyanatları yada düşmədi. Əksinə, hakimiyyət belə bir təbliğata start verdi ki, erməni liderləri Robert Köçəryan və Serj Sərkisyan hərbi cinayət törətmiş şəxslərdir və Azərbaycan onların beynəlxalq hərbi tribunala verilməsinə nail olmalıdır.
Biz də öz növbəmizdə həmin şəxslərin hərbi cinayətlərdə əlinin olduğunu etiraf edirik. Amma sual olunur: hazırda Qarabağ probleminin həllinə bu siyasət necə təsir edə bilər? Hakimiyyətyönlü qəzetlərdə də hakimiyyətin Köçəryan və Sərkisyanla bağlı elan etdiyi siyasət geniş təbliğ olunur. Amma nədənsə o da unudulur ki, Azərbaycan hakimiyyəti öz fəaliyyəti ilə adları çəkilən bu şəxsləri özü üçün legitimləşdirib. Sərkisyanın AŞ PA-dakı çıxışını dinləyən və ona heç bir etiraz etməyən məhz Azərbaycan nümayəndə heyətinin YAP-çı üzvləridir.
Jurnalist Şahvələd Çobanoğlu da bildirdi ki, əslində hazırda bu cür təbliğatın meydana çıxması anlaşılmır. Ş.Çobanoğlunun fikrincə, sanki bu addımlar Azərbaycanın Qarabağ problemini həll etməsi üçün tələb olunan əsas məsələlərdən yayınması üçün atılır. Çünki bir nömrəli məsələ hazırda Azərbaycanda demokratik islahatların aparılmasıdır: “Azərbaycan məhz demokratik islahatlar apardığı təqdirdə onun dünyada nüfuzu qəbul olunacaq. Bundan başqa, Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü olacaq. Üstəlik, Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün etimadı artmış olacaq. Bütün hallarda Azərbaycan demokratik islahatlara getmədən, dünyanın gözündə özünə etimad qazanmadan apardığı bütün işlər bu cür dağınıq və dəyişkən olacaq. Və nəticədə bütün bu addımlardan gözlənilən effekt alınmayacaq”.
Zaman ötdükcə eyni məsələyə baxışların dəyişməsinin mümkün olduğunu deyən Ş.Çobanoğlu vurğuladı ki, hər bir halda bu problemə baxışda ardıcıl taktika olmalıdır. Hakimiyyətdə isə bu, yoxdur: “Sərkisyanla Köçəryan həqiqətən xalqımıza qarşı cinayət törətmiş, Qarabağın işğalında, oradakı insanların amansızcasına qətlində iştirak etmiş insanlardır. Amma əsas sual budur ki, bu təbliğat Qarabağ münaqişəsinin həlli üçün nə verir? Bu cür dəyişkən addımlar və taktika nəyə lazımdır. Əsas odur ki, hakimiyyət bəyan etdiyi kimi, Qarabağ ermənilərinin ölkəmizdə normal yaşaması üçün özü ciddi dəyişikliklərə getməlidir. Azərbaycan demokratik ölkəyə çevrilməlidir”.

Xəyal