Ədalətini göstər, Ilham müəllim, əzələni yox

Ilham Əliyev 10 dəfə turnikdə dartınıb, qulaq-başımız gedib. Sanki böyük bir möcüzə baş verib, sanki qibleyi-aləmdə fövqəladə bir qabiliyyət kəşf olunub. Əlahəzrətin xalqa əzələ nümayiş etdirməsi qədər adi bir hadisə tanımıram. Illərlə bizim də dediyimiz elə bu deyildimi? Demirdikmi ki, rejimin və onun rəhbərinin tanıdığı, istifadə etdiyi bir siyasət var – zor, zorakılıq, əzələ gücü…

Indi Ilham müəllim təzədən qol gücünü xalqa niyə nümayiş etdirir, anlamıram.

Zati-aliləri, biz sizin fiziki gücünüzə, sağlamlığınıza nə vaxt şübhə etdik ki?.. Əksinə biz sizin fiziki gücünüzün çox olmasından və onun xalqın təpəsinə endirilməsindən şikayətçiyik, bezarıq. Bizə qolunuzun gücünü göstərməyin, ədalətinizi, humanizminizi, haqqın tərəfində olduğunuzu göstərin.Qibleyi-aləmin turnikdə dartınmasına mən də qoşulub əl çala bilərəm, ancaq dartınma nəyimə gərəkdir ki? Prezident  qolsuz, əlil də ola bilər, Hermut Koll kimi heç turnikdən sallana da bilməz. Bunun vətəndaş üçün isti-soyuğu azdır. Prezidentin qolu güclü olmamalıdır, siyasəti güclü olmalıdır. Güclü əli ilə imza atdığı sərəncamlar, qanunlar güclü, işlək olmalıdır.

Prezident turnikdə dartına bilər də, bilməz də. Ancaq bu ölkədə işi və vəzifəsi turnikdə dartınmaq olan adamlar var. Məsələn, hərbçilər, polislər. Onlar dartına bilirmi? Böyük şübhələrim var…

Azərbaycandan baş götürüb getmək haqqında

On il bundan əvvəl Azərbaycanda indikindən min nəfər çox adam öz mənzil şəraitini düzəldirmiş. Bu rəsmi məlumatı oxuyub yenicə düşünməyə başlayırdım ki, hökumətin məmuru Səlim Müslümovdan daha bir rəqəm gəldi. O deyir ki, 2000-ci ilin əvvəllərilə müqayisədə Azərbaycandan gedənlərin sayı 2 dəfə azalıb.Bir ölkədə ki, yaşamağa bir ev almaq gün-gündən çətinləşir, orada insanlar hansı səbəbdən qalmağa maraq göstərməlidir?

Heydər Əliyev və onun layiqlı davamçısı Azərbaycanı elə bir səfalət girdabına soxub ki, indi ilk fürsətdə Odlar Yurdunu atıb getməyənə birtəhər baxırlar. Azərbaycanı tərk etməmək üçün çox az səbəb saxlanılıb. Küçəyə çıxmağa ehtiyac yoxdur, elə oturduğunuz yerdə, ətrafınızdakılardan soruşun ki, Azərbaycandan getmək istəyir, ya yox? Hamı dabanına tüpürüb bu ölkədən getmək istəyir. Adamları qınamaq da olmur, Azərbaycanı döndərib ediblər Ilham Əliyevin şəxsi kolxozu. Heç kimə bu kolxozda “stexanovçu” olmaq xoş deyil.

Gənc şair Intiş bu müdhiş mənzərəni çox dəqiqliklə belə ifadə edir:

El bilir ki, sən Ilham Əliyevinsən
Atasının doğma məskənisən
Onda mənim nəyimə gərəksən
Azərbaycan, Azərbaycan…

Bəs rəqəmlər Səlim müəllimin dediyi kimi niyə azdır? Səbəb çox sadədir… Getmək istəyənlər gedib qurtarıblar. Rəqəmlər buna görə aşağı düşüb. Buna isə sevinmək lazım deyil.

Günün lətifəsi və avtoritarizmin əxlaq kodeksi

Yeni Günəşlidə yaşayan bir dostumgilin səhər obaşdan qonum-qonşusunun qapısını döyən sahə müvəkkili soruşurmuş: “Qarajların divarına tərbiyəsiz sözləri kim yazıb?”
Dostum sonra qəzetlərlə tanış olanda bilib ki, polisin tərbiyəsiz söz dediyi şey “Ilham, Istefa!” imiş… Bir gün əvvəl bu şüarları kimsə gecəykən Günəşlidəki divarlara yazıbmış.
Avtoritarizmin əxlaq kodeksinə aid daha bir nümunə isə hüquq müdafiəçisi Leyla Yunusun ofisi ətrafında yaranıb. Bilirsiniz, Leyla Yunusu zorla ofisindən çıxarmaq istəyirlər. O da götürüb binanın divarlarına “Mülkiyyət hüquqları qorunsun!” şüarı yazıb. Polis bu şüarı bir neçə dəfə silib, amma yaxınlıqdakı divarın üstünə yazılan “Bura zibil atanın atasına lənət” sözünə toxunmur…