Amerika diktatorların üzərindən xətt çəkir

Dövlət Departamentinin maliyyələşdirdiyi «Freedom House»nin hesabatı belə deməyə əsas verir

Rahim Hacıyev: «Insan hüquqlarının müdafiəsi ilə bağlı prinsipial təşkilat kimi tanınan «Freedom House» ABŞ-ın mövqeyini əks etdirir»

ABŞ-ın tanınmış “Freedom House” təşkilatı “Keçid dövründə olan ölkələr” adlı illik hesabatında bir sıra ciddi mesajlar ünvanlayıb. Hesabat Mərkəzi Avropadan tutmuş Orta Asiyaya, eləcə də “inkişaf meylləri duyulan” Moldova və Gürcüstana qədər bir sıra ölkələrdə aparılan monitorinqlərin nəticəsində hazırlanıb.
Hesabatda deyilir ki, Baltik ölkələri istisna olmaqla, keçmiş sovet respublikalarında əhalinin 80 faizinin avtoritar rejimdə yaşaması “gələcək üçün potensial təhlükə toxumunun əkilməsidir”.
“Freedom House” təşkilatının icraçı direktoru Kristofer Uolker deyib ki, keçmiş sovet respublikalarında rəhbərlərin öz postlarını güzəştə getməsi, vacib demokratik islahatlara meyl göstərməsi hiss olunmur. Hesabatda həmçinin, göstərilir ki, siyasi plüralizmin çatışmazlığı ekstremizmə yol açır.
Büdcəsinin 60-80 faizi ABŞ Dövlət Departamentindən gələn müxtəlif qrantlar yolu ilə formalaşan “Freedom House”nin hesabatlarını bir çoxları Amerika administrasiyasının mövqeyi kimi qəbul edir. Və təşkilatın budəfəki hesabatında yer alan mesajlar, heç şübhəsiz, diqqət çəkəndir.
“Freedom House” təşkilatının dünyada ən mötəbər təşkilatlardan biri hesab olunduğunu deyən siyasi ekspert Rahim Hacıyevin fikrincə, “Freedom House” dünyadakı siyasi proseslərə təsir gücünə sahibdir: “Freedom House”nin necə nüfuzlu bir təşkilat olduğunu bir neçə il əvvəl ABŞ-ın tanınmış senatoru Liberman ifadə etmişdi. Ondan soruşanda ki, demokratik inqilablar hansı ölkələrdə ola bilər? O bildirmişdi ki, bunun üçün “Freedom House”nin hesabatlarına baxmaq kifayətdir. Insan hüquqlarının müdafiəsi ilə bağlı prinsipial təşkilat kimi tanınan “Freedom House” ABŞ-ın rəsmi strukturlarından maliyyələşir”.
“Freedom House”nin sonuncu hesabatında da vacib məlumatların yer aldığını deyən R.Hacıyev vurğuladı ki, hesabatda olan bir neçə mühüm fikir ABŞ-ın mövqeyini əks etdirir. Çünki Obama hakimiyyətdə olduğu müddətdə onun avtoritar rejimlərə qarşı açıq şəkildə mübarizə aparması praktikası formalaşıb: “Sonuncu hesabatda bir sıra məqamlar xüsusi vurğulanmalıdır. Birinci fikir avtoritar ölkələrin potensial təhlükə mənbəyi olduğu ilə bağlı səslənənlərdir. Çünki avtoritar ölkələr qayda-qanunun zəif olduğu ölkələrdir. Belə yerlərdə ekstremizm də güclənir. Artıq sərt avtoritar rejimlərin olduğu ölkələr bütün dünya üçün təhlükəlidir”.
Sonda R.Hacıyev hesabatdakı daha bir məqama diqqət çəkdi. O bildirdi ki, hesabatda avtoritar ölkələrin heç bir islahata meylli olmadığının vurğulanması təsadüfi deyil: “Amerika açıq şəkildə başa düşür ki, avtoritar rejimlər heç bir islahat aparmaq istəmir. Ona görə də demokratik dünya sərt mövqeyini ortaya qoymalıdır ki, sərt avtoritar rejimlərdə yaşayan insanlar da azadlıq əldə edə bilsinlər”.

Xəyal