Ətrafdakı hadisələrin mürəkkəbliyi rəsmi Bakını səhvlərə yuvarlayır
Fələstin rəhbəri Mahmud Abbasın Azərbaycana səfəri bir bəyanatla yadda qaldı. Ilham Əliyev bəyan etdi ki, bundan sonra Azərbaycan beynəlxalq aləmdə Fələstinin mövqelərini müdafiə edəcək. Bu bəyanatın arxasında dayanan siyasi vəziyyəti gözdən keçirmək vacibdir.
Azərbaycanın on illərdir davam edən Yaxın Şərq böhranına münasibət bildirməsi təbii ki, vacibdir. Amma özünün də üzləşdiyi vəziyyəti gözdən keçirməsi şərtdir. Rəsmi Bakı bu qərarı verərkən nələri nəzərə alıb, yaxud almalı idi?
Azərbaycan hökuməti içərisində olduğumuz geopolitik şərtləri öz siyasətində nisbilik amilinə çevirməklə bütün hallarda ikitərəfli münasibətlərin qurulmasına cəhd edir. Bu isə ilk növbədə etibarsız tərəfdaşlıq imici yaratmaqla yanaşı, düşmənlərin də sayını artırır. Birincisi, ona görə ki, eyni zamanda bütün dövlətlərlə ikitərəfli münasibətlər qurmaq olmaz. Ikincisi də, siyasət qəbul olunmuş prinsiplərdən kənara çıxdıqca öhdəliklər böyüyür.
ABŞ-a, yoxsa Türkiyəyə jest?
Ola bilsin ki, hər iki dövlətə – ABŞ və Türkiyəyə eyni zamanda jest edilir. Amma Azərbaycan unudur ki, beynəlxalq birlik qarşısındakı öhdəlikləri Fələstinlə bağlı deyil. Demokratiya, insan haqları, iqtisadi sahədə də NABUCCO ilə əlaqəlidir. Fələstində müstəqil dövlətin yaradılması prosesinə Azərbaycan dəstək verə bilən sonuncu ölkələrdəndir. Ona görə ki, biz özümüz də separatizmdən əziyyət çəkirik və bu istiqamətdəki fəaliyyətimiz elə də uğurlu deyil. Rəsmi Bakı bir əncam bilirsə, ondan özü üçün istifadə etsin.
Digər tərəfdən, bu addım işğal altındakı torpaqlarımızın taleyində hansısa müsbət dəyişiklik yarada bilərmi? Xeyr. Çünki bu faydanı vəd verəcək qurum və ya dövlətlər yoxdur. Beləliklə, hətta Ilham Əliyev bu jestini Ərdoğanın Qəzzaya olan həssaslığına və ya Obamanın 1967-ci il sərhədlərilə müstəqil Fələstin dövlətinin yaranmasına dair bəyanatına tuşlayıbsa da, yenə də ciddi əhəmiyyəti olmayacaq. Çünki Azərbaycan bu savaşda mühüm atəş nöqtəsi kimi nəzərdə tutulmayıb və ola da bilməz.
İranı neytrallaşdırmaq cəhdi
Bu bəyanatın daha ağlabatan məqsədi isə Iranı son günlər Azərbaycana dair mövqelərindən bir qədər çəkindirmək, neytrallaşdırmaq ola bilər. Amma diqqəti çəkən odur ki, Iranın hazırkı gündəmində Fələstin məsələsi demək olar, yer tutmur. Iran indi ABŞ başda olmaqla, NATO-nun Suriyada nəyə nail olmasını gözləyir və bu əsəbi vəziyyətdə daxili kataklizmlər artır. Məsələn, burada iki çıxış yolu düşünülür:
Bir – növbəti ölkədə Islam inqilabı etmək, yaxud buna cəhd göstərməklə diqqəti və ya təzyiqi öz sərhədlərindən kənarda saxlamaq;
Iki – daxildə iri bir qurban verməklə molla rejiminin bütün günahlarını onunla həbsə salmaq.
Birincidə ölkə kimi Azərbaycanın gözdən keçirildiyi şübhəsizdir. Fəqət, burada fundamentalizmin bərqərar olması və ya özünə kiçik bir meydan tapması elə də ağlabatan deyil. Deməli, indi Iranda bütün cəhdlər Əhmədinejadı molla rejiminin günahları ilə yükləyib qazamata göndərməkdir. Azərbaycan hakimiyyəti isə bu çalxalanmaların yaxınlığında özünü gərginlikdə hiss edir və bu gərginlik onun səhv addımları ilə nəticələnir.
Nəticə – Israillə münasibətlər nə olacaq?
Heç kimə sirr deyil ki, Azərbaycanı bu və ya digər sahələrdə, xüsusilə, işğal bölgəsindəki vəziyyətə dair informasiyalarla daha çox Israil təmin edir. Israil Ilham Əliyevin bu bəyanatından ciddi nəticələr çıxarsa, rəsmi Bakı çətin vəziyyətə düşəcək. Birincisi, Azərbaycan özünün informasiya sahəsində ciddi müttəfiqini itirəcək. Ikincisi, “erməni soyqırımı”nı tanımaqdan açıq imtina etmiş Israilin Azərbaycana olan münasibətləri zərbə altına düşəcək. Əvəzində nə qazanacağıq? Ərəb dünyasının hazırda ancaq inqilab yoluxdurduğunu nəzərə alsaq, Ilham Əliyev şəxsi baxımdan da doğru istiqamətə yaxınlaşmayıb.
Seymur Həzi