“Kimi tənqid edirsən ona ya rütbə verirlər, ya orden”

Üzeyir Cəfərov: «Təltif olunan generalların adı ağır cinayətlərdə hallandırılır»

«Bu cür təltiflərlə kimlərsə ölkə başçısını gülünc vəziyyətə qoyur»

Bir neçə gün əvvəl prezident Ilham Əliyev üç generalı – Rövşən Əkbərov, Nizam Osmanov və Kərəm Mustafayevi “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Ölkə başçısının sərəncamında deyilirdi ki, bu şəxslər Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilirlər.
Maraqlısı odur ki, uzun müddətdir mətbuat bu generalların fəaliyyətindəki nöqsanlardan yazır və hökumətdən səsləndirilən ittihamlara cavab gözləyir. Məsələn, konkret olaraq Rövşən Əkbərov və Nizam Osmanovun adı qətl hadisəsində hallandırılır. R.Əkbərov Ukraynada biznes fəaliyyəti ilə məşğul olan Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur. Mərhumun anası dəfələrlə mətbuat konfransı keçirərək oğlunun qatilinin məhz R.Əkbərov olduğunu bəyan edib. Hətta zərərçəkmiş bu cinayəti bilib-gizlətdiyinə görə Diaspora Komitəsinin sədrini də günahlandırıb. Təltif olunan digər general Nizam Osmanova gəlincə, Masallı sakini Hacı Xəyalət Əsgərov kapitan rütbəli oğlunun məhz bu generalın sifarişi ilə qətlə yetirildiyini bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan bir çox məsələlərdə, eləcə də hərbi məsələdə analoqu olmayan ölkədir: “Biz Müdafiə Nazirliyinin kadr siyasətini tənqid edirik, amma bu siyasəti həyata keçirən adam general-leytenant rütbəsində ola-ola bir gün olsun döyüş bölgəsində xidmət etməyib. O cümlədən ən son təltif edilən generallar. Mətbuat davamlı olaraq bu üç generalın fəaliyyətindəki nöqsanlarından yazır. Orada olan faktların əksəriyyətinin sübuta ehtiyacı yoxdur. Çünki konkret sənədlərə, şahid ifadələrinə əsaslanır. Prezident Administrasiyasında bu sənədi hazırlayan şəxs sanki Azərbaycan ictimaiyyətinin əsəbləri ilə oynayır. Ictimaiyyət bu generalların adı ətrafında səsləndirilən ittihamlarla bağlı ölkənin hərbi və ya siyasi rəhbərliyindən cavab gözlədiyi halda, təltiflə rastlaşır. Insanlara qarşı açıq-aşkar saymamazlıq edirlər. Iki generalın – Rövşən Əkbərov və Nizam Osmanovun adı konkret olaraq çox ağır cinayətdə hallandırılır. Bu məsələlərə aydınlıq gətirmək əvəzinə onları ordenlə təltif etdilər”.
Ü.Cəfərov hesab edir ki, kimlərsə ölkə başçısını cəmiyyət qarşısında gülünc vəziyyətə qoyur: “Bu adamların adları cinayətdə hallanırsa, heç olmasa təltif etməsinlər, vəzifələrini böyütməsinlər. Bu məsələlərə aydınlıq gətiriləndən sonra istədikləri qədər orden verərlər. Bizdə kimi tənqid edirsən, onu mükafatlandırırlar. Ya rütbə verirlər, ya orden. Belə şeylərə yol vermək olmaz. Heç olmasa dövlətin imicini düşünsünlər”.