Onlara dünyada sınaqdan çıxmış həll modellərindən birini seçməyə hansı amillər mane olur?
Indiyədək BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycanın işğal etdiya ərazilərilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın ərazi bütövlüyü tanınıb, Ermənistanın işğalçı olduğu təsdiqini tapıb. Amma təəssüf ki, bu qətnamələr yerinə yetirilməyib. Bir neçə gün öncə, 2011-ci il iyunun 22-də BMT Baş Assambleyası daha bir qətnamə qəbul etdi.
“Münaqişələrin həlli və qarşısının alınmasında, mübahisəli məsələlərin dinc yolla nizamlanmasında vasitəçiliyin rolunun möhkəmləndirilməsi” adlı qətnaməyə qoşulmaqdan imtina edən yeganə ölkə Ermənistan oldu.
Qətnamədə açıq şəkildə bildirilir ki, BMT-yə üzv ölkələr xalqların öz müqəddəratını təyinetmə hüququnu yalnız həmin xalqlar müstəmləkə hakimiyyəti, yaxud işğal altında yaşayan xalqlara şamil olunanda təsdiqləyə bilərlər.
Göründüyü kimi, Qarabağda yaşayan ermənilər nə müstəmləkə hakimiyyətindədirlər, nə də əraziləri işğal edilib.
Əksinə, onlar nəinki uzun illər yaşadıqları əraziləri, hətta ona bitişik rayonları da işğal altında saxlayırlar.
Bütün bunlara baxmayaraq, münaqişəyə vasitəçilik edən ATƏT-in Minsk qrupu hələ də “qızıl orta” axtarır.
Onların verdiyi açıqlamalar və ortada olan təkliflər onu deməyə əsas verir ki, vasitəçilər münaqişənin həllini həm ərazi bütövlüyü, həm də öz müqəddəratını təyinetmə prinsipini özündə ehtiva edən bir modeldə axtarırlar.
Bu səbəbdən bu yazımızı indiyədək dünyada tətbiq edilərək, sınaqdan çıxmış həll prinsiplərinə həsr edəcəyik. Onu da qeyd edək ki, bu modellərin bir neçəsi artıq Azərbaycan tərəfindən təklif kimi səsləndirilib.
Tirol modeli
Cənubi Tirol Italiya ərazisidir. Tirol özü Avstriyada yerləşir. 1919-cu ildə Paris yaxınlığındakı Sen-Jermendə imzalanan sülh müqaviləsinə görə, Trentino və Cənubi Tirol Avstriyadan alınaraq Italiyaya verildi. Avsrtiya hökuməti 1946-cı ildə II dünya müharibəsindən qalib çıxmış dövlətlərə müraciət edərək Cənubi Tirolun Italiyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər Avstriyanın bu istəyini qəbul etmirlər. Bunun əvəzində Avstriya və Italiya xarici işlər nazirləri Parisdə anlaşma imzalayırlar.
Həmin anlaşmaya görə, Cənubi Tirol Italiyanın tərkibində siyasi, iqtisadi, mədəni, dil muxtariyyəti əldə etməli idi. Ikinci addım kimi 1948-ci ildə Cənubi Tirol-Trentino bölgəsinin muxtar statusu qəbul olundu. 1960-cı illərin əvvəllərində Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və Italiya danışıqlara başlayaraq, Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Bu danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur.
Yeni statusa görə, Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Avstriya hökuməti 1992-ci ildə “problemin həlli deklarasiyası” adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı Italiya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun Italiya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir.
Aland modeli
Aland adaları 1808-ci ilədək Isveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə Isveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının Isveç əhalisi öz qədim vətənləri olan Isveçlə birləşmək arzusunu bildirib. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib. Alandlılar bu təklifi rədd ediblər.
1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarır. Bu qərarla Finlandiyanın üzərinə Alandda yaşayan əhalinin Isveç dilini, adət və ənənələrini saxlamaq, Isveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulur. Isveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. Isveç adalardakı Isveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır.
1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq(yerli parlament) adaların daxili işləri və büdcə haqqında qanun qəbul edə bilər. Hökuməti də laqtinq təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq özünüidarə qanunlarına Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.
Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz. Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər şurasının işində Aland hökuməti də iştirak edir.
Bask modeli
Baskların əksəriyyət təşkil etdiyi Kataloniya Ispaniyada geniş muxtariyyətə malik bölgədir. 1871-ci ildə Kataloniya Ispaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra Ispaniya krallığının tərkibində qalmağa davam edir. Kataloniyada 1914-cü ildə yerli özünüidarə şurası formalaşıb. Kataloniya ilk dəfə Ispaniyanın tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır.
Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə Ispaniyada referendum keçirilir və referendumun nəticəsinə görə, Ispaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur.
Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Yeni status sənədindəki maddələrin Ispaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.
Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Yeni status anlaşmasına görə, Kataloniya ilə Ispaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin tən yarısı Kataloniyada qalır.
Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.
Tatarıstan modeli
Tatarıstan Rusiya Federasiyası daxilində muxtar respublika statusuna sahibdir. Tatarıstan SSRI-nin dağılması ərəfəsində 1990-cı il avqustun 30-da öz müstəqilliyini elan edib. Ancaq Tatarıstanın müstəqilliyi Rusiya tərəfindən qəbul edilməyib. Rusiyadan ayrılma niyyətinə Dövlət Duması rədd cavabı verib. Bu müstəqillik hələ də heç bir dövlət tərəfindən tanınmayıb. Ölkə Rusiya Federasiyası içərisində Tatarıstan Respublikası olaraq da tanınır. 1992-ci ildə Tatarıstanda keçirilən referendumla yeni konstitusiya qəbul olunub. 1994-cü il fevralın 15-də Tatarıstan Respublikası və Rusiya Federasiyası arasında hökumət dairələrinin və onların səlahiyyətlərinin məhdudlaşdırılmasına dair razılaşma imzalanıb. Bir çox səlahiyyətlərinə görə, Tatarıstan digər muxtar respublikalardan ciddi fərqlənir. Xarici siyasət və hərbi məsələlər istisna olmaqla Tatarısdan digər huquqlarına görə Rusiya Federasiyası qanunlarına tabe deyil.
Ermənistan müstəqil qərar verə bilmir
Tanınmış politoloq Vəfa Quluzadə sadaladığımız modellərin hər birini optimal saysa da, Ermənistanın bunları qəbul edəcəyinə inanmır: “Rusiya Ermənistanın hər hansı sülh razılığına gəlməsinə icazə verməz. 1999-cu ilin noyabrında Istanbulda Heydər Əliyevlə Robert Köçəryan sülh sazişinin imzalanmasında razılıq əldə etmişdi. Parlament gülləbaran edildi, bu iş aradan çıxdı. Tirol modeli müstəqillik deməkdir. Tirol modelində Dağlıq Qarabağın prezidenti olur, parlamenti olur, bütün idarəetmə səlahiyyətləri olur. Özünümüdafiə qüvvələri olur. Bundan artıq nə vermək olar? Heç nə. Bu, Tatarıstan modelindən də, Aland adaları modelindən də artıqdır. Ermənistanın isə siyasi iradəsi yoxdur. Ermənistan prezidenti də, hökuməti də Moskvadan idarə edilir.
Rusiyanın modeli isə nə hərb nə sülh modelidir.
Rusiya gözəl bilir ki, əgər Ermənistan Dağlıq Qarabağ məsələsində müstəqil qərar versə, bu zaman Moksvanın Azərbaycana və Ermənistana təzyiq imkanları sıfıra enəcək. Bu ölkələr Avropa Ittifaqına və NATO-ya qəbul olunacaqdır”.
Turan Əliyev
Yazı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün elan etdiyi müsabiqəyə təqdim edilir.