Bakıdakı intiharın təfərrüatı “Azadlıq”da

Özünü güllələyən şəxs biznesmen yox, Ədliyyə Nazirliyinin işçisi olubmuş

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sabit Rəhman küçəsi ev 11, mənzil 11-də yaşayan 1970-ci il təvəllüdlü Bayramov Ilqar Nurəddin oğlu özünü öldürüb.
41 yaşlı I.Bayramov yaşadığı mənzilin yataq otağında ov tüfəngi ilə çənəsindən atəş açıb. O, hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Mətbuatda yayılan məlumatlara görə, özünü güllələyən şəxs ailə qurmayıbmış və tək yaşayırmış. Ali təhsilli olan I.Bayramov biznes fəaliyyəti ilə məşğul olurmuş.
Ötən gün adıçəkilən ünvana baş çəkdik. Mərhumun atası Nurəddin Bayramov oğlunun ölümü barədə danışmaq istəmədiyini desə də yayılan bəzi məlumatlara aydınlıq gətirdi: “Oğlum bir ildən çox idi xəstəydi. Kök adamlar şəkərə o qədər də, dözümlü olmurlar. Intihardan öncə məktub yazıb. Orada qeyd edib ki, ölümümdə kimsə günahkar deyil. Yəni, ağrılara dözməyib, intihar edib”.
Nurəddin Bayramov deyir ki, mərhumun biznesmen olması barədə yazılanlar həqiqətə uyğun deyil: “Oğlum hüquqşünas idi. Xəstələyi lap ağırlaşanda ərizə yazıb işdən çıxıb. Vəziyyəti o qədər ağır idi ki, ərizəsini gəlib evdən apardılar”.
Nurəddin Bayramovun sözlərinə görə, oğlu Ədliyyə Nazirliyində hüquqşünas işləyirmiş.

Ramin DEKO