Ziyalı – öz azad ideyalarının keşikçisi və savaşçısı…

Baxırsan, aradabir ölkənin gündəminə ziyalılıq müzakirələri gəlib çıxır. Millət də ya belə mövzulara alışqan olmadığından, ya da həmin təbəqədən əl üzdüyündən,  deyilənlərə sadəcə əlini yellədib keçir. Çünki insanlar illərdir ölkədə baş verən haqsızlıqların geniş miqyas almasının bir səbəbini də tanınmış ziyalıların olanlara seyrçi mövqe sərgiləməsində görür. Yəni, məmləkətdə 3-4 nəfər çıxılmaqla, köhnə ziyalı təbəqəsinin tam heyətdə şəxsi maraqlarının əsirinə çevrildiyinin hər kəs fərqində. Artıq Azərbaycan insanı üçün günümüzün ziyalısı evini ölkəsindən, övladını millətindən, nəslini xalqından yuxarı görən şəxslərdən başqaları deyil. Amma maraqlı olan məsələ bütün bunları onların öz dilindən eşitməkdir…

Məşhur kinossenarist Rüstəm Ibrahimbəyov son illərdə bir neçə dəfə ziyalılıq problemləri ilə bağlı səs gətirən fikirlər səsləndirib. Son müsahibəsində isə o, toxunduğu məsələlərə rəsmi səviyyədə heç bir ciddi reaksiya verilmədiyini, danışdıqlarının sanki daşa-divara deyildiyini, bundan sonra susmaq qərarına gəldiyini açıqlayıb. Yazıçı Əkrəm Əylisli də həmkarına tam haqq qazandırıb. O, indiki hakimiyyətdə ziyalılara münasibətin siyasi sədaqət əsasında müəyyənləşdiyini, R.Ibrahimbəyovun belə bəyanat verməsindən daxilən əzab çəkdiyini etiraf edib. Bu səslənən fikirlərin həqiqəti əks etdirdiyini hər kəs gözüyumulu təsdiqləyə bilər.

“Amma bütün bu baş verənlərin günahı kimdədir?” – sualına gəlincə… Axı Azərbaycan nəsrində xüsusi imzası olan Ə.Əylisli özü də bir az əvvəl o hakimiyyətin parlament komandasında təmsil olunurdu. Bilmirəm, bəlkə o, həqiqətən də bu hökumətin xarüqələr yaradacağına inanaraq ora getmişdi. Əgər beləydisə, yazıçı bir məsələni unutmuşdu. Bir dəfə ayağını basdığın o yerdən gileyli geri dönmək orayla körpüləri həmişəlik yandırmaq anlamına gəlir. Görünür ki, artıq yanğın çıxıb…

Türkiyənin məşhur düşüncə adamı Cəmil Meriçə görə ziyalılıq “gerçək bir intellektual ideoloji düşüncə qəlibinə girmədən, ölkəsinin birlik və bərabərlik içərisində olmasına səy göstərəndir”.

O zaman Azərbaycan ziyalısının səhvləri hardadır? Bu birlik və bərabərlik adına bizim ziyalılar hansı məqamda cəsarət göstərib əzilənə sahib çıxıb, haqlının yanında dayanıb, güclünün deyil, ədalətli olanın tərəfini saxlayıb? Ad çəkmək çətin olacaq, təbii. Çünki bu ölkədə yaşananlar tam fərqli mənzərələr canlandırır gözlər önündə. Bu gün diktəli fəaliyyət çərçivəsinə salınmış Azərbaycan ziyalısının nə sözünün canı qalıb, nə də qiyməti. Ziyalının, ziyalılığın bu qədər ucuzlaşmasının əsl səbəblərini isə ilk növbədə onların öz səhvlərində axtarmaq lazım gəlir. Nə olur-olsun, öz ziyalısı haqqında “qorxaq, cəsarətsiz, nəfsinə əsir” ifadələrini yazmaq insanı çox utandırır.

Əslində isə, bir ziyalının kimliyi ən gözəl şəkildə bu tərifdə ifadə olunub: “Cəmil Meriç deyilincə, ağla ”düşüncə hasil edilən məbəd” gəlir. Cəmil Meriç bu məbədin inşa mərhələsində məbədin fəhləsi, inşa prosesi tamamlanıb düşüncə hasil edilməyə başlandıqda məbədin keşikçisi, zərbə alıb yıxılma durumuna gəldiyi və ya düşünə bilməyənlər tərəfindən oxlar atılmağa başladıqda məbədin savaşçısıdır” (Yunus Emre Tozal).

Bəli, əsl ziyalı öz azad ideya və düşüncələrinin fəhləsi, keşikçisi və savaşçısı olmağı bacarmalıdır. Bunu bacarmayan ziyalının aqibəti Azərbaycandakından fərqlənməz…