Xamneyinin açıqlaması məntiqdən uzaqdır

İran heç zaman NATO ölkəsi olan Türkiyəyə qarşı hərbi əməliyyata başlamaz

Elxan Şahinoğlu: «Tehran rəsmiləri zamanında bu açıqlamaya aydınlıq gətirməsələr, Türkiyə-Iran münasibətləri gərginləşəcək»

Iranın ali dini lideri Xamneyi Suriya prezidenti Bəşər Əsədin şikayəti ilə Türkiyəyə qarşı ciddi bəyanatla çıxış edib. Iranın dini lideri bildirib ki, əgər Ankara öz ərazisindən Suriyaya qarşı hərbi əməliyyatların həyata keçirilməsinə razılaşacaqsa, o zaman Iran Türkiyəyə qarşı adekvat cavab verəcək. Yəni, belə olan halda, Iranın da Türkiyəyə qarşı güc işlədəcəyi istisna deyil.
“Atlas” Jurnalistlərin Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Suriyada demokratik dalğa baş qaldıran gündən bu dövlətlə Türkiyə arasında münasibətlərin gərginləşməsi faktdır: “Hazırda biz Suriya ilə Türkiyə münasibətlərinin gərginləşdiyi dövrü müşahidə edirik. Suriyanın hazırkı avtoritar rejimi də Türkiyə hakimiyyətinin yürütdüyü siyasətdən narahatdır. Iranın bu prosesə qoşulması da labüddür. Çünki biz bilirik ki, Suriyanın indiki rejiminin Irandakı quruluşla sıx əlaqələri var. Bu əlaqələrin də uzun tarixi var. Iran-Iraq müharibəsindən indiyə qədər Suriya yeganə ərəb ölkəsi idi ki, hər zaman Tehranın yanında olub”.
E.Şahinoğlunun sözlərinə görə, bundan başqa, Iranda yaxşı anlayırlar ki, Suriyadakı indiki avtoritar rejim çöksə, yeni gələn hakimiyyət Iranla əvvəlki əlaqələri qurmayacaq. Nəticədə də Iran Suriya üzərindən Yaxın Şərqə təsir imkanlarını itirəcək. Iranın Türkiyəyə qarşı iddialarına gəlincə, E.Şahinoğlu bildirdi ki, onlar olduqca məntiqsiz və sərsəmdir: “Iranın dini rəhbəri son açıqlaması ilə bir növ Türkiyəni hədələməyə çalışır ki, NATO Liviyadakı əməliyyatlara oxşar addımları Suriyaya qarşı da atacaqsa, Iran NATO ölkəsi olan Türkiyəni vuracaq. Bu, olduqca sərsəm açıqlamadır. Çünki, hətta biz hadisələrin bu cür gedişini ehtimal etsək belə, Iran NATO ölkəsi olan Türkiyəni vura bilməz. Birincisi, bu, Suriyanın məsələsidir və Iranın baş verənlərə qarışması düzgün deyil. Iranın öz problemləri özünə bəsdir. Iran rəsmiləri zamanında bu açıqlamaya aydınlıq gətirməsələr, düşünürəm ki, Türkiyə ilə Suriya arasında olan gərginlik Iranla da yaşanacaq”.

Xəyal