Səni başa düşməyəndə…

Kazan görüşü də bitdi, parad da! Ikinciyə həm də “əzələ nümayişi” deyirlər, amma bu, məşhur görüşdən əvvəl baş versəydi bəlkə də doğru olardı. Bizim ritorik çıxışlar, bəyanatlar, uzaqdan-uzağa güc nümayişi təəssüf ki, xarici siyasi səylərə, diplomatik fəaliyyətə elə bir müsbət təsir bağışlamır, indi bu haqda danışmağa dəyər. Əslində diplomatiya hərbi əməliyyatlar üçün çətir olmalıdır, onları əsaslandırmalıdır. Düzdür, bəzən əksinə də olur, görürsən ki, hərbi təzyiq diplomatiyanı irəlilədir. Hər şey ondan asılıdır ki, baxır nələri önə çəkirsən!?

Indi biz sülh prosesini önə çəkmişik və mənə elə gəlir, bizim ritorik hərbi bəyanatlarımız bu prosesə təkan vermək əvəzinə, onu bir qədər əngəlləyir. Bəli, danışıqlarda ermənilər həm bundan, həm də ermənifobiya amilindən gileylənirlər. Bəli, bizim nifrətimiz nə qədər kükrəyib artsa da bu, yenə də ermənilərin bizə olan nifrətinə çatmaz! Amma nə etmək olar? Onlar həmişə öz hərəkətlərini, düşüncələrini bizə sırımaq, bizlərin adınaca çıxmaq istəyirlər. Bu, onların köhnə şakəridir, bəzən alınır, bəzən alınmır, məsələ də bunda deyil. Ondadır ki, biz qüvvətli olmağa çalışmaqla bahəm həm də azca hiyləgər olmağı da bacarmalıyıq. Hiyləgərlik bizdə həmişə çatışmayıb, azca problem olub. Indi bunu bizdən siyasət də tələb edir, milli maraqlar da.

Sülh ritorikası haqda da düşünmək lazımdır. Yox, məsələ onda deyil ki, əməldəcə sülhpərvər olasan. Indi siyasət tələb edir ki, əməldə aqressiv, militarist, zira danışıqda, sözdə sülhpərvər olasan. Hamı belə edir. Ən döyüşkən millətlər belə siyasətdə özlərini sülh tərəfdarı kimi təqdim edirlər. Bu, bir siyasi oyun və siyasi tryukdur, gərək, bunu da öyrənək. Bəli, hələ dünya tarixində belə bir şey görünməyib ki, aqressoru və təcavüzkarı sülhə səsləyəsən, ondan işğal etdiyi torpaqları sülh yolu boşaltmağı, azad etməyi tələb edəsən, hər halda, mən belə şeyi bilmirəm və ona təsadüf etməmişəm. Amma bizim işlər o qədər qəlizləşib ki, bizdən ancaq bunu tələb edirlər. Nə etmək olar? Əgər biz də bu oyunu qəbul ediriksə, onda gərək sülh oyunu oynayaq, sülhpərvər ritorika nümayiş etdirək. Bütün problemlər ondadır ki, biz çox gec ayılmışıq, gec başlamışıq, indi bir çox şeyi eyni vaxtda görməyə məcburuq, başqa bir vaxtda bu qədər problem yaranmazdı. Həm düşmənə nifrət hissi aşılamaq, həm vətənpərvərlik tərbiyə etmək, həm də sülh prosesilə məşğul olmaq! Bu, çox çətindir. Bəzən bizə elə gəlir ki, buradaca, ölkənin içindəcə dediklərimiz elə burada qalır, bunu heç kim eşitmir, heç kim dinləmir, lakin belə deyil, biz informasiya dünyasında yaşayırıq…

Insan nə vaxt ziyalı olduğunu dərk edir?

Qəribə sualdır, deyilmi? Amma bəziləri üçün hətta bu sualın da cavabı var – o vaxt ki, o, hakimiyyətin diqqətindən kənarda qalır və yaxud bu diqqəti elə də hiss etmir. Indi mən bəzi çıxışlara bıxıram. Elə adamlar var ki, parlament üzü də gördülər. Mən ona görə belə deyirəm ki, bizlərdə parlamentə heç də seçilmirlər, ora təyin olunurlar. Olsun. Bununla da işim yoxdur. Amma beş ildə heç olmasa bircə dəfə danışmaq olardı, hansısa problemi qaldırmaq və bununla bağlı bir iş görmək olardı. Etmədilər. Təkrar seçilməyəndən sonra başladılar danışmağa! Kimə lazımdır bu?! Insan o vaxt ziyalı olmur ki, onun hakimiyyətlə hansısa şəxsi problemi olur, insan o vaxtda ziyalı olur ki, hətta belə problemi olmayanda da susmur, danışır, tənqid edir, fikrini deyir. Bəlkə heç kim Volter qədər hökmdarların nəvazişini görməyib, amma elə yenə də buna baxmayaraq, Volter həmişə danışıb, etiraz edib, hökmdarların xoşuna gələni deyil, öz bildiyini edib, bildiyini və demək istədiyini deyib… Ziyalının kredosu bu olmalıdır. Təbii ki, mən iradlarımı hamıya şamil etmirəm. Hətta onu da qeyd edirəm ki, bizim hakimiyyətin bir əyalət təfəkkürü var. Hamının qəbul etdiyi, hesablaşdığı insanları belə, bunlar eşitmək istəmirlər. Fikrimcə, bu, artıq qəliz problemdir. Buna etiraz etmək olar, amma inciməyə dəyməz, çünki başa düşmək və qiymətləndirmək iqtidarında olmayanların qiymətini almağa dəyməz!