Peterburqda axıdılan qan kimindir?

Azərbaycanlı nəhənglərin qladiator döyüşü barədə qeydlər

Və biz bunları Azərbaycan diasporu adlandırmalıyıq…

Peterburqdakı konsulumuzla oradakı diasporanın ən nüfuzlu nümayəndəsi arasında qalmaqal səngimir. Bu olaya Rusiyanın hüquq-mühafizə orqanları qatıldı və diaspora nümayəndələrinin konsula qarşı ittihamlarını araşdırmağa başladı.
Xatırladırıq ki, bu münaqişə bu il Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun Peterburqda təşkil etdiyi bayram konsertində partladı. Diasporun nümayəndəsi konsertə gələn minlərlə adamın gözü qarşısında ayağa qalxdı, meqafonu əlinə götürüb konsul Qüdsi Osmanovu bir azərbaycanlı qızı zorlamaqda ittiham irləli etdi. Adı çəkilən qız da bu ittihamı sürən Müzəffər Baxışova qoşuldu və o da meqafonla təsdiq etdi ki, Qüdsi Osmanov ona təcavüz edib.
Bu günlərdə Azərbaycan mətbuatında həmin hadisə ilə bağlı yeni məlumat yayılıb. Bu məlumatda təsdiq edilir ki, Rusiya hüquq mühafizə orqanları hadisə ilə bağlı istintaq aparıblar. Istintaq Qüdsi Osmanova qarşı irəli sürülən ittihamların yalan olduğunu təsdiq edib. Bu ittihamı səsləndirənlərə qarşı cinayət işi açılıb, onlar da istintaqa ifadə verməkdən yayınırlar. Qarşı tərəf olaraq Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Mirzə Baxşıyevin adı aşkar şəkildə, Peterburqdakı Azərbaycanlı milyoner Vaqif Məmişovun adı isə qapalı şəkildə hallanır. Əlbəttə, bu olayın lap əvvəlindən Vaqif Məmişov çalışıb ki, onun adı bu qalmaqalla bağlanmasın, arxa planda hadisələrə müdaxilə etməklə kifayətlənsin. Amma konsert iştirakçıları qarşısında meqafonla çıxış edən Mirzə Baxşıyevin yanında olan iki Məmişov – Ilkin və Nizami Vaqif Məmişovun qohumlarıdır və bu familiyanın bu prosesdə iştirakını heç cür istisna etmək olmur.
Məmişovlar sülaləsinin başçısı olan Vaqif Məmişov Peterburqun ən varlı adamlarının sırasındadır. Amma yanlış ideoloji kurs onun qazandığı yüz milyonların mənasız istiqamətlərə xərclənməsi cəhənnəmə, həm də adamın özünün mənasız iddialarının yaranmasına səbəb olub.

Vaqif Məmişov kimdir?

Qeyd etdik ki, o, Rusiya oliqarxlarının sırasına daxildir. Elə bu ranqla da Ümumrusiya Azərbaycanlıları Konqresinin (VAK) vitse-prezidenti statusunu əldə edib. VAK Rusiyadakı azərbaycanlıların ən əzəmətli təşkilatı olaraq rəhbər heyətini formalaşdırarkən ən səmərəsiz üsula müraciət edib: heç bir ictimai fəaliyyətə yaramayan oliqarx azərbaycanlıları oraya yerləşdirməklə təşkilatı bəri başdan çox varlı və çox tənbəl qurum halına gətiriblər.
Məmişov da bu statusu əldə etmək üçün zəruri sayılan göstəricilərin sahibidir: pulu var: bir neçə iri şirkətin sahibidir; Peterburq Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti (ANKA) adlı bir təşkilatın rəhbəridir (bu təşkilatın nə işlə məşğul olduğu zəruri bilgi deyil); hüquq elmləri namizədidir…
Bizim üçün də maraqlı görünən daha bir detal isə Məmişovun VAK-dakı statusuna dəxli olan göstərici deyil: cənab Məmişov Gürcüstanlıdır, Borçalıdandır, amma özünü Masallıdan olan adam kimi təqdim edir.

Konsul Qüdsi Osmanov

Iki il əvvələ qədər onlar qardaş idilər

Cəmi iki il əvvələ qədər Məmişovla Osmanovun arasından su da keçmirdi. Onların adları rəsmi və qeyri-rəsmi tədbirlərdə bir yerdə çəkilir, hər ikisinin dostluq və qardaşlıq münasibətləri Peterburq şəhərinin çiçəklənməsinin əsas ölçülərindən biri sayılırdı. Məsələn, Peterburq şəhərinin meri Balentina Matvienkonun 2008-ci ildə çıxışından bu hissə ilə tanış olun: “Bu gün Azərbaycanın bir çox yetirmələri istehsalatın müxtəlif sahələri üzrə çalışırlar. Bu işlərdə yerli hakimiyyət orqanları ilə əla münasibətlərdə olan Azərbaycan Respublikasının Peterburqdakı konsulu Qüdsi Osmanovun, Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun böyük xidmətləri vardır. Bizim aramızda aktiv dialoq və əməkdaşlığın çox gözəl nümunəsi yaranmışdır…”.
Amma bu münasibətlər pozuldu. Nəyə görə? Peterburqu bölə bilmədilərmi? Yoxsa bölə bilmədikləri xəzinə tapdılarmı? Ikisi də kifayət qədər varlı olan bu adamlar hansı dəyərin və var dövlətin üstündə bir-birini “qana qəltan elədilər?”

“Qüdsi Osmanov”a qədər…

Bu qalmaqal ərəfəsində Qüdsi Osmanovla bağlı bir çox yazılar dərc olundu. Əlbəttə, nə qədər “məxfi” saxlanılsa da bu qalmaqalın o biri üzündə Vaqif Məmişovun da dayandığı bəlli oldu. Amma hələ bu vaxta qədər Vaqif Məmişov haqqında ətraflı məlumat verilən bir yazı olmadı. Görünür, cənab konsulun özünün ittiham olunduğu məsələ daha ilginc olduğundan bu qalmaqalın arxasında dayanan başqa təfərrüatlar diqqətdən kənarda qaldı. Indi Rusiyada istintaq bu biri tərəfi sorğulamağa başlayıb. Istintaq barədə yayılan məlumatlar göstərir ki, Məmişov və onun kampanyonları yaxalarını qırağa çəkə biləcəklər. Ortalıqda isə bu qalmaqalı yaratmaq üçün istifadə olunan bir-iki qız qalacaq. Amma Məmişov və onun kompaniyası buna imkan verərlərmi? Buna imkan verməmək üçün onların imkanları olmalıdır. Imkan isə çoxdur. Yuxarıda sadalananlardan əlavə…
Vaqif Məmişov Peterburqda həlledici fiqurlardan sayılır. Şəhərin meri V. Matvienko ilə qohumdur. Onu ittiham edirlər ki, əlində topladığı imkan və imtiyazları, o cümlədən Azərbaycan diasporunun imkanlarını şəxsi məqsədləri üçün istifadə etməyi xoşlayır. Onu ittiham edirlər ki, hakimiyyət orqanları ilə əlaqələrdə başqa azərbaycanlıları təsəvvür etmir: bu əlaqələr yalnız onun özünün və qohumlarının vasitəsi ilə ola bilər. Onu ittiham edirlər ki, münasibətlərin aydınlaşdırılması üçün, hətta əl-qol atmağı da özünə rəva görür.
Məsələn oradakı nüfuzlu azərbaycanlılardan birinin 50 illik yubileyi məclisində keflənərək başqa bir azərbaycanlını, Ismayıl adlı vəkili şil-küt eləyib, onun üstünə silah çəkib və orada qadın-uşaq nəzərə almadan Ismayılı nalayiq söyüşlərə qonaq eləyib. Ötən il dekabrın 5-də biznesmen Həmzəyevin qızının toyunda Sayad Əliyev adlı azərbaycanlı deputatı (şəhər Dumasının deputatıdır) döyüb. Başqa bir azərbaycanlının toyunda biznes dairələrində tanınan Malik Babayev adlı azərbaycanlını sillə-təpiyin altına salıb.
Onu ittiham edirlər ki, Peterburqdakı Azərbaycanlı biznesmenlərin obyektlərinə əl qoyur və onları mənimsəyir. Məsələn, Faiq Əskərov adlı biznesmenin “Arsenal” zavodunu, Akif Qasımovun  “Kulon” adlı zavodunu, “Kurakina daça” adlı restoranını onların əllərindən alıb.

“Vaqif Məmişov”a qədər

Bütün bu hadisələr doğrudursa belə, Qüdsi Osmanovun Vaqif Məmişovla yaxın dost və qardaş olduğu zamanların olaylarıdır. Bu döyülən, haqqı pozulan, əmlakı əllərindən zorla alınan azərbaycanlılar, şübhəsiz, Qüdsi Osmanova müraciət ediblər, ya da bunu mənasız sayaraq heç, üzlərini o tərəfə tutmayıblar. Biliblər ki, hər şeyə qadir olan Məmişovun qardaşı Qüdsi Osmanov onların şikayətlərini başlarına çırpacaq. Cənab Osmanovun isə bu qanunsuzluqlardan xəbəri olub. Amma tədbir görmək, Məmişovu,- o, Rusiya vətəndaşı olsa belə, bir eloğlu, Azərbaycan diasporunun rəhbəri,.. bütün başqa yararlı-yaramaz titulların sahibi kimi söhbətə dəvət eləmək əvəzinə onunla kompaniya təşkil edib, Peterburqda Azərbaycan icmasının biznes maraqlarını “təmin edib”. Vaqif Məmişovun azərbaycanlıların başına gətirdiyi oyunlar barədə Rusiya mətbuatına faktlar yağdıran cənab konsulda bu məlumatlar onun öz münaqişəsi başlayana qədər də vardı, axı. Niyə bu faktlar barədə susub dayanıb? Təkcə ona görəmi ki, cənab Məmişov Heydər Əliyevin doğum günlərində Peterburqda iri bayram tədbirlərini maliyyələşdirirdi, ünlü artistləri gətirib oxudurdu? Bəlkə, başqa səbəblər də var?..

Bir fond nə şirin oldu ki…

Bu münaqişə nəyin üstündə düşüb? Heydər Əliyev Fondunun Peterburq filialının rəhbəri kim olacaq? Bu post nə boyda matah olub ki, onun üstündə iki nəhəng biznesmen, az qala səfir statusunun yaxasını döyən iki nəhəng ranq bir-birinin qanına susayır?
Bəlkə, təkcə bu deyil? Axı, belə bir təmsilçilik Azərbaycanda da yekə biznes şəbəkəsi qurmaq üçün korrupsiya şəbəkəsinə daxil olmaq imkanı verir. Yoxsa, bir ictimai təşkilatın Peterburq şöbəsinin rəhbəri nə boyda post oldu ki, bu iki adam kəsdikləri çörəyi, illərin dostluğunu- qardaşlığını ona qurban verdilər?

Azad Akifoğlu