Əhmədinejad rəqbiblərini təhdid etdi

Xamneyinin yaxın adamı isə prezidentlə qudasını əməliyyat masasında ölən siam əkizlərinə bənzətdi

İranda hakimiyyət böhranı dərinləşir

 

Son günlər müxalifət və ölkənin ali dini lideri Əli Xamneyiyə yaxın mühafizəkar dairələrin hücumuna məruz qalan İran prezidenti Mahmud Əhmədinejad özünə qarşı yönəlmiş tənqidlərə münasibət bildirib. Jurnalistlərlə söhbətləşən İran prezidenti rəhbərlik etdiyi hökumətə yönəlik ittihamlardan və komanda üzvlərinə qarşı təzyiqlərə toxunub.

Əhmədinejad hökumət üzvlərinə qarşı hücumlar və ittihamlara sərt münasibət bildirərək, prosesin yekunlaşmayacağı təqdirdə olaylara müdaxilə edəcəyini də söyləyib: “Biz yenədə də bu ittihamlar qarşısında susmağa üstünlük veririk. Mövqeyimizi susmaqla ortaya qoyuruq. Lakin əgər müxtəlif bəhanələrlə Nazirlər Kabinetindəki həmkarlarıma yönəlik ittihamlar yağdırmağı davam etdirsələr, öz qanuni, milli və əxlaqi borcuma görə bunun qarşısında dayanıb onları müdafiə edəcəyəm”.

İran prezidenti son günlər hökumət rəsmilərinin həbsini xatırladaraq baş verənlərə etirazını bildirib. O, həbs olunanlara qarşı irəli sürülmüş ittihamların qərəzli olduğunu vurğulayıb: “Saxlanılan bəzi həmkarlarıma qarşı müxtəlif ittihamlar irəli sürülüb. Bu həbslərin özünə də ciddi iradlar var. Mən bunlarla bağlı iradlarımı İran Məhkəmə Sisteminin rəisinə bildirmişəm. Hər gün yayılan şayiələr hökumətin və ölkənin işinə təsir göstərir. Həm insanlar, həm də həmkarlarım məndən soruşub bilmək istəyirlər ki, nə baş verir, bunun sonu necə olacaq və nə etmək lazımdır”.

Ölkə başçısı həbslərin siyasi xarakter daşıdığını deyib və bunu rəhbərlik etdiyi hökumətə qarşı təzyiq kimi dəyərləndirib: “Bizim üçün aydın məsələdir ki, bu hərəkətlər siyasi motiv daşıyır. Məqsəd isə hökumətə təzyiq göstərməkdir. Bu kimi hərəkətlər və təzyiqlər mütləq ölkəyə xələl gətirəcək. Gözləyirik ki, bu təzyiqləri dayandırsınlar. Bizim bu kimi hərəkət və təzyiqlər qarşısındakı mövqeyimiz bundan sonra da sükut olacaq. Lakin bunun ölkəyə ziyan vuracağını görsəm, vəzifəm bilirəm ki, problemləri xalqla bir araya qoyub öz borcumu yerinə yetirim. Ümidvaram ki, iş o yerə gəlib çatmaz”.

İran prezidentinin təhdid dolu xəbərdarlığının ardından ölkənin ali dini lideri Əli Xamneyinin İnqilab Keşikçiləri Korpusundakı (“Sepah”) keçmiş nümayəndəsi Muctaba Zolnur hakimiyyət daxilində “yolunu azmış cərəyan”dan söz açıb. O, bildirib ki, hakimiyyət “yolunu azmış cərəyan”ın fəaliyyətini tam nəzarətdə saxlayır və onun geniş hərəkət imkanlarını məhdudlaşdırır:“Sistem hazırda bu cərəyanın qol-qanadını budayıb və onun xərçəng kimi yayılmasının qarşısını alıb. Hazırda bu cərəyanla bağlı saxlanılan şəxslərdən etirafedici ifadələr amaqla pərdə arxası məsələlərə aydınlıq gətirməyə çalışır. “Yolunu azmış cərəyan” hökumətdəki bəzi şəxsləri özünə cəlb edə bilib. Elə buna görə də biz ağıl və təmkinlə hərəkət etməliyik. Çünki onları (president Əhmədinejadla onun qudası və aparat rəhbəri Məşayini nəzərdə tutur – red.) bir-birindən ayırmaq istəsək, bu sistem üçün baha başa gələ bilər”.

Xamneyiyə yaxınlığı ilə tanınan Zolnur bir müddət öncə də jurnalistlərlə açıqlamasında Əhmədinejadla PA rəhbəri Məşayini iranlı siam əkizləri Lalə və Ladənə bənzətmişdi: “Əhmədnejadla Məşayini bir-birindən ayırsaq hər şey düzələr. Lakin mən hesab edirəm ki, onlar cərrahiyyə əməliyyatında ikisi də ölən siam əkizləri Lalə və Ladən kimidirlər”.

Xatırladaq ki, son günlər Əhmədinejadın qudası, PA rəhbəri və ölkə başçısının növbəti prezident seçkilərində dsətəkləyəcəyi söylənilən İsfəndiyar Rəhim Məşayiyə yaxın 25 nəfərdən çox adamın saxlandığı barədə məlumatlar yayılıb. Onların əksəriyyətinin kimliyi barədə mediaya açıqlama verilməyib. Həmin şəxslər dini hakimiyyəti zəfilətməkdə və “yolunu azmış cərəyan”la əlaqədə ittiham olunurlar. Ayətullah Xamneyinin tərəfdarları və ona yaxın media da İran prezidentinın ətrafındakı şəxsləri, o sıradan da onun ən yaxın tərəfdaşı sayılan Məşayini “yolunu azmış cərəyan”a başçılıqda günahlandırırlar.

Elxan