Mənsum Bayramov: «İttiham tərəfi aciz durumdadır»
Iyulun 4-ü saat 11.00-da Şəmkir Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin işi üzrə növbəti proses keçiriləcək. Ş.Həsənlinin hüquqlarını vəkilləri Mənsum Bayramov və Əlayıf Həsənov müdafiə edəcək. Bununla yanaşı, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev, REAL Idarə Heyətinin üzvü Zöhrab Ismayıl və AXCP fəallarının da məhkəmə iclasında iştirakı gözlənilir.
Vəkil M.Bayramovun sözlərinə görə, prosesdə iş üzrə şahidlər dindiriləcək, müdafiə tərəfinin vəsatətlərinə baxılacaq: “Çoxsaylı suallarımız var. Şahidlərimiz ona görə yoxdur ki, olmayan bir şeyə heç kim şahidlik edə bilməz. Ittiham tərəfi aciz durumdadır. Irəli sürdükləri ittihamı sübut edə bilmirlər. Inanıram ki, Şahin bəyin təqsirsiz olduğunu sübut edə biləcəyik”.
Ş.Həsənlinin səhhətində və saxlanma şəraitində heç bir problem olmadığını deyən M.Bayramov AXCP funksionerinin məhkəməyə çox ciddi hazırlaşdığını bildirir: “Mübariz əhval-ruhiyyədədir. Əks-hücuma keçib, müdafiəsinə çox ciddi hazırlaşıb”.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələrkən həbs edilərək bölməyə aparılıb və orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Ş.Həsənli də ona qarşı irəli sürülən ittihamların saxta və əsassız olduğunu bildirir.
Gültəkin