88-ci ildə qalmaq 8-ci əsrdə qalmaqdan da pisdirmi?

Biriləri tez-tez çıxıb müxalifəti 88-ci ildə qalmaqda, 88-ci ilin beyni ilə düşünüb 88-ci ilin ağzı ilə danışmaqda suçlamağı sevirlər. Sonuncu dəfə Sərdar Cəlaloğludan eşitdik bunu, KXCP-nin qurultayında.

Yaşanılan çağın bir gün, bir saat, bir dəqiqə belə gerisində qalmaq əlbəttə ki, xoş bir şey deyil, yaxşı bir şey deyil. Amma məni incidən müxalifətin 88-ci ildə qaldığı haqqında durmadan üyüdüb-tökənlərin 88-ci ilə ikrahlarıdır, ironiyalarıdır. Sanki 88-ci ilin bu millət və vətən üçün ayıb bir il olduğu görüntüsü yaradılmasıdır.

Oysa 88-ci ildə utanılacaq heç nə yoxdur. Tam tərsinə, 88-ci il bu millətin və vətənin qürur duyması gərəkən, öyünməsi gərəkən, şərəfli səhifələrindən biridir. Və bu gün Azərbaycan cəmiyyətində məhz 88-ci ilin o hirsi, həyəcanı, emosiyası, qaynarlığı, coşqusu çatışmır.Nəyi pis idi ki, 88-ci ilin? Ölkədə pis-yaxşı bir siyasi proses vardı, ictimai təlatüm vardı, bu gün isə ata-oğul Əliyevlərin ölkəni gətirdiyi nöqtə bəllidir: Susqunluq. Durğunluq. Düşünməyin və danışmağın cinayətlə assosiasiya edilməsi.
Azacıq vicdanı və insafı olan hər kəs etiraf edər ki, bu gün ölkədə azadlıqların, hüququn, rifahın səviyyəsi 88-ci illə müqayisəyə gəlmir, Azərbaycanın gələcəyi ilə bağlı 88-ci ilin ümidləri, gözləntiləri isə artıq çoxdan qeyb olub. Hər şey 23 il əvvəldən qat-qat pis, qat-qat ağır, qat-qat dözülməz, qat-qat acınacaqlıdır.

Ən azı buna görə məndən 2011-dəmi, yoxsa 23 il əvvəldə – 1988-dəmi yaşamaq istədiyimi soruşsaydılar, heç düşünmədən sonuncunu seçərdim.2011 88-ci ildən nə qədər geri qalır?

88-ci ili keçmişdə qalmağın, geridə qalmağın simgəsi kimi qələmə verənlərdən soruşuram: allah eşqinə deyin, milyonlarla insanın özgürcə toplaşdığı, istədiyi şüarları məmləkətin baş meydanından rahat-rahat bağıra bildiyi, universitetlərin siyasi müzakirələrlə aşıb-daşdığı, zavodlarda, fabriklərdə siyasi polemikaların meydan suladığı bir ili bu gün biz geridəqalmışlıqla eyniləşdiririksə, onda çayxanalarda belə, siyasi söhbətlərin yasaqlandığı, hətta iki-iki, üç-üç toplaşmağın belə, qadağan edildiyi, demokratiyanın ən təməl prinsipi olan mitinqlərin, yürüşlərin az qala xəyala çevrildiyi 2011 nədir bəs? Bunu görmək o qədərmi çətindir ki, Azərbaycanın gəldiyi nöqtədən baxdıqda 88-ci il 2011-dən arxada deyil, irəlidədir. 2011-in Azərbaycanında hətta 88-ci ilin ən kiçik demokratik görsənişləri belə yoxdursa, biz daha nədən danışırıq? 88-ci ili necə geridəqalmışlıqla eyniləşdiririk? Bəs Ilham Əliyev hansı zamanda qalıb?

Məsələnin adamı daha da əsəbləşdirən tərəfi isə odur ki, müxalifəti 88-ci ildə qalmaqda suçlayanlar sıra Ilham Əliyevə gələndə lal-dinməz olurlar, “çırt” səsləri çıxmır, dillərini pişik yeyir. Axı Ilham Əliyev heç 88-ci ildə də qalmayıb, onun düşüncə və idarəçilik təfəkkürü ən yaxşı halda orta əsrlərə ilişib qalıb. Bəs bunu niyə demirsiniz? Müxalifətin 88-ci ildə qaldığını deyirsiniz, bəs eyni aqressiya, hirs, hikkə, qəzəblə Ilham Əliyevin 8-ci əsrdə qaldığını niyə söyləmirsiniz? Azərbaycanı orta çağ qaranlığının dibinə gömdüyünü, ölkənin ayağından dartıb sürətlə feodalizm bataqlığına çəkdiyini niyə söyləmirsiniz?  Siz müxalifətin 88-ci ildə qaldığını onun günahı kimi qələmə verirsiniz, amma biz razıyıq ki, Ilham Əliyev heç olmasa, 88-ci ilə gəlib çatsın. Xalqın özgürcə meydanlara toplaşa bilmək haqqını tanısın. Siyasətin ölkənin hər sahəsinə daşınmasına imkan versin. Insanların rahatca, sərbəstcə məmləkət məsələlərini dartışa bilməsinə “yaşıl işıq” yandırsın. Kral olmaq sevdasından əl çəksin. Monarxiya yolundan geri dönsün. Ölkəni böyük bir inadla fironluqlar dövrünə qaytarmaq niyyətindən vaz keçsin.

Əks halda gec ya tez, elə bir gün gələcək ki, hər kəs ən azı mənim qədər 88-ci ilə nostalji ilə, həsədlə, qibtə ilə, ağzı sulana-sulana baxacaq. Buraxın 1988-i, hətta 1888-də yaşamağa belə, razı olacaq.

Məndən bu qədər… Gerisini artıq özünüz düşünün və qərar verin.