Rusiya mətbuatından sensassiyalı məlumat
Rusiyanın “Kommersant” qəzeti iyunun 24-də Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçirilən görüşü barədə maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, görüşün nəticəsiz bitməsi tərəflər arasında vasitəçilik edən Rusiya prezidenti Dmitri Medvedevi bərk məyus edib və o, vasitəçilik missiyasını dayandırmaq qərarına gəlib.
Qəzet öz məlumatında Kremldəki mənbələrə istinad edib, amma mənbələrin adı açıqlanmayıb. Qəzet yazır ki, Rusiya prezidenti Əliyevlə Sərkisyanın növbəti görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinə dair nəhayət, hər hansı sənəd imzalanacağı təqdirdə təşkil etmək niyyətindədir. Kremlin nümayəndəsi qəzetə bildirib ki, hərçənd Bakı və İrəvan danışıqların davam etdirilməsi haqda çıxışlar edir, amma uğursuz nəticələnən Kazan görüşü bu dialoqun taleni sual altına qoyur.
Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, Kazan görüşündə iştirak edən bəzi diplomatların narazılığı ortaya çıxıb. Həmsədrlər bu problemləri artıq həll edilmiş hesab edirdilər: “Bu sənədlərdə texniki xarakterli, eləcə də real məsələlər var. Məsələn, Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə dair əhəmiyyətli məsələlər. Lakin problem heç bu ziddiyyətlərin özündə də deyil, məsələ bundadır ki, tərəflər bir neçə dəfə mövqelərini dəyişiblər. Belə olmaz”.