Kazan görüşü bir tərəfə, bu görüş ərəfəsində çoxlu təzə şeylər eşitdik. Məsələn, bildik ki, sən demə, Fransa da Ermənistanın bacısı imiş! Bunu Ermənistanın prezidentinə N.Sarkozi yazmışdı! Və yaxud, məlum oldu ki, Dağlıq Qarabağa uzun müddət Italiya ilə Avstriya arasında mübahisə predmeti olmuş cənubi Tirolun statusuna bərabər status verə bilərik! Mən də bununla maraqlandım və demək istəmirəm ki, bu, çox təhlükəli şeydir. Amma kifayət qədər, hətta bu vaxta qədər eşitdiklərimizin hamısından yüksək statusdur – mərkəzin funksiyası bu muxtariyyət vahidinə demək olar ki, ancaq dotasiya ayırmaq və onu dolandırmaq olur, qalan bütün sahələrdə tam müstəqillikdir, böyük siyasi-iqtisadi muxtariyyət nəzərdə tutulur.
Əvvəllər də kiçik muxtariyyətlə kifayətlənmirdik. Məsələn, Dağlıq Qarabağa Tatarıstanın statusuna bərabər bir status vermək istəyirdik. Olsun. Hələ tələsməyək, görək, bu işlərin axırı nə olur! Ermənilərdən heç gözüm su içmir. Bunlar ancaq müstəqillik deyir!
Doğrudan da qəribə millətdir. Bunlara demək lazımdır ki, bir dövləti yaşada bilmirsiniz, çevirmisiniz Rusiyanın ucqar vilayətinə, axı ikinci dövlət sizlərin nəyinə lazımdır?! Nə edəcəksiniz onunla? Amma mən düşünürəm ki, bütün bunların başında Rusiya dayanır. Siyasi komediya təşkil edirlər, ay nə bilim, filan görüş də elə gəldi, filan görüş belə getdi. Əslində isə Rusiyanın bircə işarəsi kifayətdir ki, ermənilər rədd olub buradan getsinlər!
Bəli, hakimiyyət lazımdır ki, bütün bunları heç olmasa, bircə dəfə Rusiya prezidentinin üzünə desin və M.Saakaşvili kimi qapını çırpsın! Bəziləri M.Saakaşvilinin siyasi və diplomatik baxımdan düz hərəkət etmədiyini deyir. Amma mənə elə gəlir ki, o, hər şeyi öz adı ilə adlandırdı, Gürcüstanı illüziyalardan qurtardı. Nə vaxta qədər özünü aldatmaq olar?! Bizim hakimiyyət isə bizi Rusiyanın girovuna çevirib. Öz maraqları ucbatından Rusiyadan ayrıla bilmirlər, bizi də elə şirin xəyalların əsirinə çeviriblər!
Amerikalılar məsləhətləşmək üçün özləri Bakıya gəlir
Bu da qəribə oldu. Bunlar təhlükəsizlik məsələlərilə bağlı məsləhətləşmələri təxirə salmışdılar. Axırda dövlət katibinin nümayəndəsi özü Bakıya gəldi və məsləhətləşmələr burada keçirildi. Deməli, ABŞ bu məsləhətləşmələrə azca olsa da önəm verir, əks təqdirdə bundan ötrü durub Bakıya gəlməzdilər. Hə, bunlar deyirdi ki, əgər biz ciddi şəkildə NATO-ya inteqrasiya olunmaq yolu tutsaydıq, heç kim bizim təhlükəsizliyimizi təmin etməyəcəkdi! Amma onda sual yaranır: Bəs təhlükəsizliklə bağlı məsləhətləşmələr özündə nəyi ehtiva edir? Heç olmasa, bircə dəfə ABŞ qarşısında bu məsələni qaldırmışdınızmı?Digər tərəfdən, elə bir resursu olmayan Gürcüstanın təhlükəsizliyini kim təmin edir? Onlar duruş gətirirsə, deməli, biz də bacarardıq. Amma məsələ heç də təhlükəsizlikdə deyildi, NATO tamam başqa bir səbəblərdən bunların könlünü oxşamır. Çünki bunların monarxiya qurmaq arzuları NATO-ya üzv olmaqla uzlaşmır, məsələ bundadır…
Hər halda, güman edirəm ki, ABŞ bir daha Azərbaycanla bağlı siyasətini müəyyənləşdirməli olacaq. Artıq gələn il ABŞ qoşunları Əfqanıstandan çıxacaq, çox güman, Iraqda da çox qalmazlar və oranı da tərk edəcəklər. Onda bəs ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlıq hansı məzmun kəsb edəcək? Üstəlik, diktaturaların domino tək süqutundan, “ərəb baharı”ndan sonra iki ölkə arasındakı münasibətlərə yeni bir baxış keçirmək lazım gəlməyəcəkmi?
Qarabağ problemindən sonra
Güman edirəm ki, sülh müqaviləsindən sonra bir siyasi qüvvə kimi bunlara olan ehtiyac azalacaq. Yəqin ki, bunlar da bunu dərk edir. Amma bunlar bir başqa şeyi də bilirlər – bütün hallarda dəyişikliklər ölkənin içindən baş verməlidir. Ona görə də diqqətləri ölkənin içindədir, çalışırlar ki, ölkədə hər hansı müxalifət qalmasın. Amma bir az yanlışlığa yol verirlər. Əslindəsə, ölkədə müxalifətin olması prosesləri bir məcraya salır. Qorxulu hal kortəbii etirazlardır, elə ərəb ölkələrində olduğu kimi. Bunlar bunu heç dərk edirmi? Hər halda, ərəb ölkələri elə də uzaq deyil!