Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu
1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artileriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batolyonu təşkil edilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu – 1918-ci ildə, Azərbaycana qarşı Ermənistan və Rusiya tərəfindən hərbi təcavüz təhlükəsinin qarşısının alınması məqsədilə yaradılmışdır.
Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi bütövlüyü, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.
Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bəzi istisnalar nəzərə alınmasa, əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən, Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi.
Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi. Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil I.Ziyadxanov olmuşdur. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da rus general-leytenantı Əliağa Şıxlinski onun müavini təyin edildi. General-leytenant Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi.
Ağır günlərin ordusu
1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan korpusunun komandanı general Əliağa Şıxlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun lahiyəsini hazırlamışdır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin təyin edilməsini, korpuslar əvəzinə ənənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları – istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə, ağır cəzalanacaq. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizlik, ərazi bütövlüyü və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı, vətəndaşlıq nümunəsi göstərməlidirlər.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, “Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması – bir sözlə ”salam”, cavabı isə “əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “mərhaba”, əsgər cavab verməlidir “çox sağ ol”. Zabitlərin çoxu rusdilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.
Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 9 qanunvericilik aktını müzakirə etmiş, hərbi nazirliyi kifayət qədər vəsaitlə təmin etmək üçün müvafiq qərarlar qəbul etmişdi. Bu xüsusi diqqət onunla əlaqədar idi ki, ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi.Ordunu milli zabit kadrları ilə təmin etmək üçün hərbi təhsil müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi məktəbə çevrildi. Məktəbin üç şöbəsində – ümumi, topçuluq və mühəndislik şöbələrində 250 dinləyici oxuyurdu.
Hərbi təhsil müəssisələri
1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində kovalyer, topçuluq və snayper məktəbləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə polkları daxil idi. Ikinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay polkları daxil idi. Şirvan polku bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci Tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası yaradıldı.Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və “yardım alayı” – Milis polku yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. Ingilislər köçüb getdikdən sonra, hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmasını yenidən qurdu, “Qars” və “Ərdahan” adlı gəmiləri, “Astrabad”, “Araz” və “Nargin” adlı lodkaları, onun sərəncamına verdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ordunun müvafiq silah növləri və hərbi sursatla təmin edilməsi üçün daim axtarışlar aparır və ciddi tədbirlər həyata keçirirdi. Bu sahədə Azərbaycan parlamentinin 27 iyun 1919-cu ildə təsdiq etdiyi “Azərbaycan-Gürcüstan hərbi müdafiə paktı” böyük rol oynamışdır. Bu müqaviləyə müvafiq olaraq Azərbaycan Tiflisdən 12 yüngül, 12 dağ topu, 24 “Maksim” tipli pulemyot, 3 min tüfəng, çoxlu hərbi sursat aldı. Silah- sursat almaq üçün Italiya hərbi nazirliyi ilə danışıqlar başlandı.Ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra cənuba qaçan denikinçilər 1920-ci ilin mart ayında Azərbaycan ordusuna 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron verdilər.
Azərbaycan ordusunu silah-sursatla təmin etmək məqsədi ilə hökumət 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antantanın Ali şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə təmin edilməsini xahiş etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir.
Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatırladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Xalq Cümhuriyyətinin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. Elə bu təsəvvürlə erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini mühasirəyə aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı, milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir