Rusiyanı möcüzə xilas edə bilər

Ölkənin gələcəyi ilə bağlı beş ssenari

Rusiyanın gələcəyi acınacaqlıdır. Onu sözün əsl mənasında yalnız möcüzə xilas edə bilər. Belə nəticəyə siyasi elmlər doktoru, MDBMI-nin müqayisəli politologiya kafedrasının dosenti Yelena Ponomoryova “Rusiyanın gələcəyinin layihəsi” yazısında gəlib. Ekspertin sözlərinə görə, ölkənin gələcəyi beş ssenari ilə inkişaf edə bilər.

Birinci ssenari – hazırkı durumun, durğunluğun qorunmasıdır. Yaxın illərdə əhalinin tam yoxsul duruma düşməsinə qədər hazırkı vəziyyətin saxlanılması, infrastrukturun dağıdılması, ərzaq təhlükəsizliyinin itirilməsi və s. Bu ssenari ölkənin yarıdağılmış vəziyyətə düşməsinin müjdəçisidir.

Hadisələrin inkişafının ikinci variantı bundan da pessimistdir. Müəllif onu “yarıparçalanma, yaxud Balkan ssenarisi” adlandırır. Yəni bütövlüyün hüquqi qorunması ilə yanaşı faktiki parçalanma. Ekspertin sözlərinə görə, Qərb Rusiyadan məhz bunu gözləyir. Ölkənin əraziləri nəzarətdən çıxır, hökumət kömək üçün NATO və AI-yə müraciət edir. Rusiyanın bəzi regionları faktiki olaraq işğal edilir, Qərb ölkələrinin idarə etdiyi protektoratlar yaradılır.

Daha bir pessimist ssenari bütün dünya sisteminin qlobal böhranı fonunda inkişaf edə bilər. Çoxsaylı silahlı münaqişələr nəinki Rusiyanı, lider ölkələri də zəiflədəcək. Bu halda Rusiyanın digərlərindən daha az zərər çəkəcəyi şansı var. Beləliklə, baha başa gəlsə də, əvvəlki mövqelərini qaytara bilər.

Dördüncü perspektivli variantı Yelena Ponomoryova “Rusiyanın qara qu quşu” adlandırır. Ssenari “Qara qu quşu nəzəriyyəsi”nə əsaslanır. Nəzəriyyə faktiki olaraq, “möcüzə” – əhəmiyyətli nəticəsi olan çətin proqnozlaşdırılan və nadir hadisə anlayışına arxalanır. Nəzəriyyəyə əsasən, belə hadisələr mütəmadi olaraq baş verir. Sonra da ekspertlər belə nəticəyə gəlir ki, onlar təsadüfən baş verməyib. Onların meydana gəlməsi rasional səbəblərdən ortaya çıxıb.
“Rusiya möcüzəsi bir tərəfdən ölkənin düşə biləcəyi çıxılmaz vəziyyətə reaksiya kimi meydana gələ bilər. Ancaq buna iqtisadi və siyasi təkan vermək lazımdır. Vergi mexanizmləri, təhsil və səhiyyə sistemlərinin təşkili prinsipləri kökündən dəyişməlidir. Əsas isə – siyasi elita özü üçün müəyyən etməlidir – ”qatarın dalınca qaçmaq” və Qərb layihəsinə uyğunlaşmalı, yoxsa ölkənin gələcəyini qurmalıdır”.

Son və ən qorxunc ssenari isə təbii, texnogen, yaxud Yerdən kənar xarakterli qlobal fəlakət ola bilər. Məsələn, Yerin digər göy cismləri ilə toqquşması. Müəllif hesab edir ki, bir qism insanların appokalensik əhvalı təsadüfi deyil – görünür, bu, məhz belə fəlakətin qabaqcadan duyulmasıdır.
Müəllif rahat gələcək üçün yalnız birinci və dördüncü variantları məqbul sayır. Baxmayaraq ki, durğunluq məntiqlə ölkənin dağılmasına gətirib çıxarır.
Maksimal münasib variant kimi ekspert “Rusiyanın qara qu quşu” variantını qiymətləndirir. Bu, bazar iqtisadiyyatının mövcud neoliberal modelindən tədricən imtina və idarəçiliyin sosial-demokratik prinsiplərinə keçid yolu ilə Rusiya dövlətçiliyinin qorunmasını təmin edə bilər.
Beləliklə, Rusiya yalnız inzibati-məkan mənasında deyil, ümumilikdə imperiyasayağı quruluş olmalıdır.
“Svobodnaya pressa” qəzetinə müsahibəsində Yelena Ponomoryova Rusiyanın niyə yalnız möcüzəyə ümid etdiyini və bunun baş verməsi üçün nə etməli olduğunu deyib.

Ekspertin sözlərinə görə, keçmişə baxanda nikbinlik üçün əsas olmadığını görmək olar. Rusiya nəhəng enerji ölkəsi adlandırılsa da, bu sərvətlər ölkənin başağrısıdır. Rusiyadakı xammal və məhəlli sərvətlər qeyri-rasional istifadə olunur. Ölkə iqtisadiyyatında enerji daşıyıcılarının payı 60%-dir. Bu da mənfi hal kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, sənaye inkişaf etmir, müvafiq iş yerləri yoxdur. Istifadə ediyimiz geyim, əşyaların yalnız 2%-i ölkədə istehsal edilir. Qalanlarına görə verdiyimiz pullar ölkədən gedir. Digər bir təhlükə isə ölkədən kütləvi axındır. Baş verənlər hazırkı sistemin inkişafının nəticəsidir. Qərb bu prosesləri 200-300 il əvvəl keçib.

Fizzə