Nə imiş, müxalifət şüarlarını dəyişməliymiş, artıq “Istefa” hayqırmaqla heç nəyə nail olmaq mümkün olmazmış-filan.
Bunu deyən adamlardan birinə baxıram, adına “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinir. Demək ki, adamın adı 1600 ildir köhnəlməyib, amma Azərbaycanın siyasi leksikonuna vur-tut 20 ildir daxil olan “Istefa” sözü köhnəlibmiş, dəyişmək lazımmış, eləmi? Ay sən öləsən!..
***
Deyək ki, siz bir basketbol oyununa baxırsınız televizorda, amma spiker durmadan oyunu sizə futbol terminləri ilə anladır: küncdən zərbə elə gəldi, ofsayd belə getdi, qapı dirəyi, 11 metrlik cərimə zərbəsi-zad da öz yerində. Xoşunuza gələrmi?Həmən durub “bunun məsələyə nə dəxli var” deməyin. Çox dəxli var. Bir basketbol oyunu futbol terminləri ilə şərh olunmadığı kimi, bir qeyri-demokratik, vurdumduymaz, gönüqalın, geridəqalmış rejimlə mübarizə də normal demokratik ölkələrin siyasi mübarizə tərzi, siyasi mübarizə leksikonu ilə aparılmaz. Aparılsa belə, havada qalar, sizin deyil, qarşı tərəfin işinə yarayar. Adil seçkinin keçirilmədiyi, hüququn işləmədiyi yerdə yeni çıxış yolu – yenə köhnə çıxış yoludur.
Devrimdir, küçə etirazlarıdır, yürüşlərdir, mitinqlərdir, hətta üç-üç, beş-beş də olsa, toplaşmaq və “Istefa!” hayqırmaqdır, “Rədd olsun diktatura!” bağırmaqdır.
***
Əlbəttə, biz qoyun deyilik, bir “Istefa!” hayqırmaqla rejimin şələ-küləsini yığışdırıb getməyəcəyini də gözəl bilirik. Amma onu da bilirik ki, Əliyevsayağı sistemlərin nifrət etdiyi, eşitmək istəmədiyi, siyasi leksikondan silməyə, daha yumşaq ifadələrlə əvəzləməyə çalışdığı sözlər var. Onlardan biri və birincisidir “Istefa”.
Bu sözdən o qədər qorxur, o qədər ürkür, o qədər əndişələnirlər ki… 17 aprel mitinqində “Istefa” bağıran 5 yaşlı qıza aqressiyanın səbəbi də bu idi. Nə olacaqdı dili yenicə söz tutan bir cocuq “Istefa” hayqırsa? Xəncərlərinin qaşımı düşəcəkdi, çemodanlarını yığışdırıb dabanlarına tüpürməlimi olacaqdılar? Əlbəttə, yox.
Sadəcə, avtoritar rejimlərin ənənəvi qorxusudur, ilanın acığı yarpızdan gedən kimi, bunların da zəhləsi “Istefa” sözündən gedir.Və indi biriləri müxalifətçi libasında ortaya çıxıb, “artıq bu ”Istefa” şüarlarından əl çəkmək lazımdır, hakimiyyətə yeni mesajlar vermək haqqında düşünmək lazımdır” deyə müdrik-müdrik zəvzəkləyərkən rejimin ürəyindən xəbər verdiklərini unudurlar. Düşünün yeni mesajlar, qabağınızı kəsənmi var?Amma hakimiyyəti ən çox ürküdən, ən çox həyəcanlandıran bir şüarı da şərləməyin, ləkələməyin, siyasi leksikonumuzdan silməyə çalışmayın. Əmin olun ki, Ilham Əliyevin əlacı olsa, bu ölkənin insanları üçün yeni dil yaradar, o dildə də heç vaxt “Istefa” sözü olmaz.Necə ki, “azadlıq” sözü də olmaz.
Necə ki, “demokratiya” sözü də olmaz.
Necə ki, “hüquq” sözü də olmaz.
Necə ki, “ədalət”, “seçki”, “sevgi”, “həqiqət” sözləri də olmaz.
***
Ilham Əliyev hakimiyyətinin “Istefa” sözünə allergiyasının bir nümunəsini də deyim. Xatırlayın, bundan əvvəlki parlamenti… Pənah Hüseyn hakimiyyətin korrupsiya əməlləri haqqında faktlara dayanan çıxışlar edirdi, çıxışları da bir qayda olaraq, iqtisadiyyat və hüquq elminin prinsiplərinə söykənirdi. “Çırt” vardımı? Yoxdu. Olsa-olsa iqtidar deputatlarının bir-iki replikası, vəssalam.
Nə zaman ki, Pənah bəy parlamentdə Ilham Əliyevin istefasını istədi, o zaman mənzərə tamamən dəyişdi. Qarşı tərəfdən bir aqressiya, bir nifrin, bir qəzəb püskürməyə başladı, gəl görəsən. Hətta bir ara ona danışmağın qadağan edilməsinin arxasında da o “Istefa” tələbindən doğan kin vardı, əminəm.Indi oturun düşünün: zatən bir parlamentin 120 deputatı kralın əmr quludur. Onun iki dodağının arasından çıxan sözə tabedir. Elə isə bir deputat “Istefa!” desə, dünyamı dağılar? Sənin də o deputat batalyonun qalxar “Ilham!” qışqırar, olar-bitər.
Amma yooox… Despotik rejimlərdə o qədər sehrli sözdür “Istefa”, heç bir tiran onu eşitmək istəmir. O zaman da düşünür adam: tiranların eşitmək istəmədiyi sözü müxalifətçi qiyafəsindəki bəzi hüsnü mübarəklər niyə eşitmək istəmir əcəba?Yoxsa çomağın bir başı da onları tutmasın…