mtn

MTN zabitlərinə qarşı rüşvət ittihamı

Tərtər sakini nazirliyin yerli şöbəsinə 6000 manat pul verdiyini iddia edir

Tərtər rayon Dəmirçilər kəndinin sakini Natiq Ismayılov “Azadlıq”a müraciət edib. Natiq Ismayılov bildirir ki, oğlu Nahid Razimlinin Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında oxumasını istəyib.
Bunun üçün MTN-nin Tərtər rayon şöbəsinin rəisinə müraciət edib: “Şöbənin rəisi Raquf müəllimlə görüşdükdən sonra lazım olan sənədləri toplamağa başladım. Bütün sənədlər toplanıb nazirliyə təqdim edildi. Lakin uşağın həkim komissiyasından keçməsi üçün məndən pul tələb etdilər. Mən də 6000 min AZN MTN-nin yerli şöbəsinin rəhbərliyinə verdim. Lakin oğlum həkim komissiyasından keçmədi və beləliklə də onun akademiyaya daxil olması baş tutmadı. Indi mən pulumu geri istəyirəm. Amma MTN-nin Tərtər rayon şöbəsinin rəisi Raquf müəllim, Seymur, Cavad və Hikmət adlı əməkdaşlarından pulumu ala bilmirəm”.
Natiq Ismayılov deyir ki, məsələ ilə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova da müraciət edib. Lakin heç bir nəticəsi olmayıb. Şikayətçi qəzetimiz vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edərək ondan bu məsələdə yardımçı olmasını istəyir.
Natiq Ismayılovun iddiaları ilə bağlı MTN-nin də mövqeyini öyrənməyə çalışdıq. Lakin səylərimiz nəticə vermədi. Mövzunu diqqətdə saxlayacağıq.

İnformasiya şöbəsi