Prezident Administrasiyası bu tibb ocağından niyə çəkinir?
Fəlakət Əsədova: «Iki əlil övladı atasız qoymuş həkimlə sonadək mübarizə aparacağam»
Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini Fəlakət Bahadur qızı Əsədova məktubla “Azadlıq”a müraciət edib. F.Əsədova məktubda həyat yoldaşı, 1970-ci il təvəllüdlü Yavər Isbəndiyar oğlu Rəcəbovun Mərkəzi Klinik Xəstəxananın həkimi neyrocərrah Əli Ələkbərovun düzgün əməliyyat etməməsi, klinikada üzləşdiyi qeyri-insani rəftardan bəhs edir. Məktub müəllifinin iddiasına görə, məhz Ə.Ələkbərovun səhlənkarlığı həyat yoldaşının bu il martın 30-da dünyasını dəyişməsiylə sonuclanıb.
Biz məktub müəllifi Fəlakət Əsədovayla görüşdük. Həyat yoldaşının ölümündən 3 ay ötməsinə baxmayaraq, bu qadını həyəcansız dinləmək mümkün deyildi.
Fəlakət xanımın dediklərindən: “2005-ci ildə Yavərin səhhətində yaranmış problemlə əlaqədar onu Respublika Neyrocərrahiyyə Xəstəxanasına götürdük. 05.04.2005-ci il tarixdə onun üzərində həkim Sabir Etibarlı və Afər Allahverdiyev ”sağ arxa gicgah-təpə-ənsə nahiyyəsində dekompressiv trepensiya və mədəciyin meninginomasının xaric edilməsi” əməliyyatı apardı. Əməliyyatdan sonra S.Etibarlı həyat yoldaşımın beynində şiş olduğunu söyləyib ikinci dəfə əməliyyat etməyin riskli olduğunu bildirdi. Bu ilin fevralında Yavərin başındakı ağrılar kəskinləşdi. Bir müddət Mərkəzi Gömrük Hospitalında müayinə olundu. Bildirildi ki, yenidən əməliyyata ehtiyac var. Dövlət xəstəxanası olduğu üçün yenidən Neyrocərrahiyyə xəstəxanasına müraciət etdik. Burada həmin əməliyyatın aparılmasının mümkünsüzlüyünü bildirdilər. Maddi imkanımız ağır olduğundan müalicəyə yardım göstərməsi üçün ölkə başçısına məktubla müraciət etdim. Həmin müraciətdən sonra Qəbələ Rayon Icra Hakimiyyətindən daxil olan məktubda həyat yoldaşımın müalicəsiylə məşğul olmağın rayon mərkəzi xəstəxanasının baş həkiminə həvalə olunduğu bildirilirdi. Qəbələ RMX-nin baş həkimi Sabir Bayramov da öz növbəsində bizə Mərkəzi Klinik Xəstəxananın neyrocərrahı Əli Ələkbərovla əlaqə saxlamağı məsləhət bildi”.
F.Əsədova baş həkimin tövsiyəsinə uyğun olaraq həyat yoldaşını MKX-ya gətirib. Ilkin müayinədən sonra Ə.Ələkbərov əməliyyatın mümkünlüyünü, bunun üçün 4000 manat tələb olunduğunu söyləyib. Fəlakət xanımın sözlərinə görə, 40 yaşlı ailə başçısının sağalması üçün riskə gedərək bir hektar pay torpaqlarını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Qalan pul bankdan kredit götürülüb: “Martın 17-də axşam saat 21-də Yavər MKX-ya qəbul edildi və elə həmin an tələb olunan 3500 manatı klinikanın hesabına köçürdük. Ertəsi gün, martın 18-də bizə əlavə 240 manat da ödətdirdilər. Saat 9-da həyat yoldaşımı əməliyyata götürdülər. Əməliyyat başlanandan bir neçə saat sonra xəstəxananın həyətində bir nəfər bizə yaxınlaşıb bir vərəqəyə imza atdırdı. Sonradan bildik ki, bu, ”xəstə yaxını razılığı” kağızıymış. Orada belə bir bənd vardı ki, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq klinikaya ödənilən 3740 manat məbləğin geri ödənilməyəcəyini qəbul edirəm. Halbuki, bu prosedurları əməliyyatdan öncə həyata keçirməliydilər. Etiraz etmək çox gec idi. Əməliyyatdan sonra Yavərin vəziyyəti bir qədər yaxşılaşdı. 3-cü gün həkimin göstərişiylə xəstəxananın əməkdaşları ərimin qolundan tutub gəzdirməyə cəhd etdilər. Bundan sonra Yavərin vəziyyəti yenidən ağırlaşdı. Hərarəti yüksəldiyindən xüsusi borular yenidən bədəninə birləşdirildi. Ertəsi gün güclü qıcolma baş verdiyindən Yavəri huşsuz vəziyyətdə klinikaya məxsus tibbi görüntüləmə mərkəzinə götürdülər. Ə.Ələkbərov xəstənin beynində yerdəyişmə, sürüşmə baş verdiyini bildirdi.
Ayın 22-də kassaya növbəti dəfə 300 manat ödədim. 3 gün ərzində ödədiyim pullar (4040 manat) həkimin əvvəlcədən söylədiyi məbləğdən də artıq idi. Ə.Ələkbərov ərimin vəziyyətinin kəskinləşdiyini görüb belə bir təklif etdi: “Müalicənin reanimasiya şöbəsində davam etdirilməsi üçün gününə 800 manat, palata şəraitində qalması üçün 150-200 manat ödəməlisiz. Əks təqdirdə bütün yardımlar dayandırılacaq”.
Ondan xəstənin hansısa dövlət xəstəxanasına köçürülməsinə yardımçı olmasını və şəxsən nəzarətdə saxlamasını xahiş etsəm də, bundan qəti imtina etdi. Bundan sonra o, Qəbələ RMX-nın baş həkimi S.Bayramovla telefon əlaqəsi saxlayıb Yavəri xəstəxananın reanimasiya şöbəsinə qəbul etməsini xahiş etdi. Etirazlarıma baxmayaraq o, Ramiz adlı köməkçisini evdən çağırtdırdı. Həyat yoldaşım komadaykən süni tənəffüs aparatından və sistemdən ayrıldı. Klinikadan çıxmazdan öncə əlavə 800 manat ödəməyi tələb etdilər. 2 gün öncə 300 manat ödədiyimi, nə həyat yoldaşımın, nə də özümün yemək yediyimi bildirdim. Beləcə, ağır vəziyyətdə, həmin vaxt təsadüfən Bakıya qan dalınca gəlmiş Qəbələ RMX-nın təcili tibbi yardım maşınına qoyaraq Ramiz adlı həkimin müşayiəti ilə bizi rayona yolladılar. Yolda klinikadan telefonuma zəng gəldi. Bildirdilər ki, xəstənin 400 manat borcu qalıb, təcili ödəməlisiniz. Dedim, mən xəstə yox, üstündə quru nəfəsi olan meyit aparıram”.
F.Əsədovanın sözlərinə görə, Qəbələ RMX reanimasiya şöbəsinin müdiri Telman Sərkərov xəstəni bu vəziyyətdə görüb əvvəlcə onu qəbul etməyə tərəddüd edib. Belə xəstələrin Bakıya göndərildiyini deyən həkim ailənin maddi durumunun ağırlığını nəzərə alıb, Yavərin müalicə alması üçün şərait yaradıb: “Vəziyyət kritik həddə çatmışdı. Rayona gətirilərkən Şamaxı dolaylarında xərəkdən yıxılan Yavərin yarasından çoxlu qan axmışdı. Martın 30-da gecə saat 3 radələrində Yavər dünyasını dəyişdi. Ölüm kağızında ölümün səbəbi kəskin tənəffüs ürək-damar çatışmazlığı, III-IV dərəcəli koma qeyd olundu”.
Məlumat üçün bildirək ki, F.Əsədova hazırda Qəbələ rayonunun Mıxlıqovaq kənd kitabxanasında çalışır. Ürək xəstəsi olan anası və 2 əlil övladıyla birgə yaşayan bu ailənin yeganə dolanışıq mənbəyi əmək haqqı kimi aldığı 110 manat maaşdır ki, onun da üzərinə borc-xərc pul qoyub 170 manat kredit ödəyir. Fəlakət xanım həyat yoldaşının ölümündən sonra bir neçə dəfə onu əməliyyat etmiş həkim Ə.Ələkbərovla əlaqə saxladığını deyir: “Həkim nə ölümün səbəbini izah edə bilir, nə də ki, ərimi sağaltmaq adıyla aldığı pulun heç olmasa bir hissəsini qaytarmaq barədə bir şey söyləyir. Gah deyir, həyat yoldaşın neyrocərrahiyyə xəstəxanasında səhv əməliyyat olunub, gah da həkimin səhvi üzündən ərimin başında bint qaldığını deyir. Guya həmin bint də sonradan çirklənməyə səbəb olub. Neyrocərrahiyyə xəstəxanasının 40 illik təcrübəsi olan həkimi Sabir Etibarlı isə bunu qətiyyətlə inkar edir. Çünki S.Etibarlı bizə Yavərin ikinci dəfə əməliyyata alınmasının çox riskli olduğunu əvvəlcədən bildirmişdi. Ə.Ələkbərov mənim sonadək mübarizə aparacağımı görüb ”nə etsən, onsuz da xeyri olmayacaq, bura özəl xəstəxanadır, buranın arxasında elə adamlar durub ki, onlara bata bilməzsən” – dedi”.
Yeri gəlmişkən, F.Əsədovanın Prezident Administrasiyasına ünvanladığı məktuba da elə bu məzmunda, yəni “klinika özəldir, biz onların işinə müdaxilə edə bilmərik” cavabı verilib.
Indi Fəlakət xanımı bir sual düşündürür: “Məgər özəl xəstəxanalar bu ölkənin qanunlarına tabe deyil? Adını özəl qoymuş bu klinika rəhbərlərinə xəstə yaxınlarından aldıqları külli miqdarda vəsaitin müqabilində onların həyatıyla oynamaq səlahiyyətini kim verib? Həyat yoldaşımın ölümündən bir müddət sonra onu Mərkəzi Klinik Xəstəxanaya yollamış Qəbələ RMX-nın baş həkimi S.Bayramlının qəbulunda oldum. Rayonda olduqca mənfi imici formalaşmış baş həkim məni küçə söyüşləriylə təhqir edərək otaqdan qovdu”.
Ölkə başçısına, baş prokurora, səhiyyə nazirinə, Ombudsmana və digər instansiyalara məktubla müraciət edən Fəlakət xanım haqq-ədalətin yerini tapacağına ümidlidir: “Əgər Yavər avtomobil qəzası, ya bədbəxt hadisə nəticəsində dünyasını dəyişsəydi, məni bu qədər ağrıtmazdı. Iş burasındadır ki, həyat yoldaşım özünü həkim adlandıran, Hippokrat andı içib xalqın puluna, malına tamah salmış ağ xalata layiq olmayan insanların naşılığının qurbanı olub. Yavərin ölümüylə iki əlil uşağı yetim qoymuş şəxslərin heç nə olmamış kimi, azadlıqda dolaşmasıyla barışa bilmirəm. Sözsüz, bu adamlara veriləcək ən sərt cəza belə, həyat yoldaşımı geri qaytarmayacaq. Sadəcə, mən növbəti Yavərlərin bu tip insanların qurbanına çevrilməməsini istəyirəm”.
Zeyd
P.S. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.