Kazan görüşündə də qazanc olmadı

Müharibə bəyanatları özünü doğruldacaqmı?

Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündə heç bir sənəd imzalanmayıb. Görüşdən sonra prezidentlərin yaydığı birgə bəyanatda yalnız bəzi məsələlərdə qarşılıqlı anlaşmanın əldə edildiyi vurğulanır. Ancaq maraqlıdır ki, budəfəki görüşdən əvvəl ciddi ajiotaj yaşanmaqda idi. ABŞ və Fransa prezidentlərinin münaqişə tərəflərinə müraciəti də bu ajiotajı bir qədər də artırdı. Lakin görüşün nəticəsi ajiotaja uyğun olmadı. Hətta rusiyalı ekspertlər razılaşma əldə edilməyəcəyi təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğunu deyirdi. Bu ehtimallar nə dərəcədə doğrudur və görüşün nəticəsiz başa çatmasının əsas səbəbi nədir?

«Uğursuz Kazan görüşündən sonra cəbhə bölgəsində bir müddət atəşkəsin pozulması halları intensivləşə bilər»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Kazan görüşündən fərqli nəticə gözləməyə dəyməzdi. Baxmayaraq ki, görüşdən əvvəl müəyyən canlanma hiss olunurdu: “Deyirdilər hər şey tərəflərin özündən asılıdır. Tərəflərin özündən asılı olsaydı, məsələ çoxdan həll edilərdi. Əslində Kazan görüşündə başqa nəticə ola bilməzdi. Çünki danışıqları dalana dirəyən böyük sədd aradan qaldırılmayıb. Azərbaycan mərhələli həll yolunun tərəfdarıdır. Ermənistan isə referendum tarixinin bəri başdan təyin olunmasını istəyir. Bu, çox ciddi fərqdir. Bəzən diplomatlar deyir ki, 95 faiz məsələ razılaşdırılıb. Bütün prinsipial məsələlər elə 5 faizdə yığılıb. Bu məsələlər həllini tapmayana qədər sülh əldə etmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, Kazan görüşü göstərdi ki, prinsipial məsələlər həllini tapmayıb. Digər tərəfdən, Ermənistan təzyiqlə üzləşməyənə qədər geri addım atmayacaq.
Ekspertin fikrincə, son illər Azərbaycan hakimiyyətinin Rusiyaya yaxın olmaq istəyi də nəticə vermir: “Rusiyaya yaxınlaşmaq məqsədi ilə rəsmi Bakı NATO-ya üzvlüyü də hədəf kimi qarşısına qoymadı. ”Nabucco” layihəsində iştirakını ləngidir. “Qoşulmayanlar hərəkatı”na qoşuldu. Ancaq hadisələr göstərdi ki, nə qədər Rusiyanı ələ almağa çalışsaq da, o, Ermənistanın əleyhinə addım atmayacaq. Kazan görüşü bunu bir daha sübut etdi”.
Ekspert növbəti uğursuz görüşdən sonra cəbhə bölgəsində bir müddətə vəziyyətin yenə gərginləşə biləcəyini deyir. Əvvəlki görüşlərin nümunəsi də bunu deməyə əsas verir: “Ötən il bu vaxtda da prezidentlər bir araya gəlmişdi. Müzakirələr gedən dövrdə atəşkəs pozuldu. Bu ilin martında Medvedevin vasitəsilə Azərbaycan və Ermənistan prezidentləri Soçidə bir araya gəldilər. Orda prezidentlər qərara gəlmişdilər ki, artıq atəşkəsin pozulması halları ciddi araşdırılacaq. ATƏT də bu prosesə qoşulacaq. Soçi görüşündən sonra erməni snayperinin atəşi nəticəsində 9 yaşlı uşaq qətlə yetirildi. Bu məsələ araşdırılmadı. Eyni təhlükəni yenə yaşaya bilərik. Uğursuz Kazan görüşündən sonra cəbhə bölgəsində bir müddət atəşkəsin pozulması halları intensivləşə bilər”.

«Heç bir müharibədən söhbət gedə bilməz»

Konfliktoloq Arif Yunus əvvəlcədən bu görüşdən heç bir nəticə gözləmədiyini qeyd etdi. Buna səbəb isə münaqişə tərəflərinin mövqeyinin bir-birindən xeyli uzaq olmasıdır.
Ekspert cəbhə bölgəsində heç bir gərginliyin yaşanmayacağını da deyir: “Heç bir müharibədən söhbət gedə bilməz. Biz nədənsə bu danışıqların tarixini unuduruq. Dəfələrlə belə vəziyyət yaranıb. Həmsədrlər müxtəlif təkliflər irəli sürürdü. Hər dəfə tərəflərdən biri bunu qəbul etmirdi. Ancaq bundan sonra müharibə olmurdu. Indi də eyni vəziyyətdir. Kazan görüşü nəticəsiz oldu. Bununla bağlı iki variant ola bilər. Danışıqlar ya Madrid prinsipləri əsasında davam edəcək, ya da yeni layihə ilə çıxış etməlidirlər”.
Ekspert yalnız qısamüddətli gərginliyin ola biləcəyini deyir.

Fizzə