“O üz ki, göz dəyincə Allahı xatırladır…”

Insan… Iplikte büklüm, suda bir anlık suret…

Allah… Olmanın ona mahsus olduğu kudret…
O yüz, her hattı tevhif kaleminde bir satır;
O yüz ki, göz değince Allah’ı hatırlatır…
(Necip Fazil Kısakürək)

Deyirlər, həyatda ən silinməz iz qoyan insanlar böyük xəyalları, hədəfləri və idealları olan insanlardır. 
Şübhəsiz, həyatda böyük idealları gerçəkləşdirmək də belə inanclı, inadlı, fədakar insanlara məxsusdur. Təkcə bir xalqın, bir millətin deyil, bütünlükdə insanlığın tarixinə misilsiz dəyərlər vermiş insanlar… zamanın əbədi yolçuları. Illər uzunu yaşanan qaranlığa bir aydınlıq gətirən, uzaq üfiqlərə yol açan, köhnədən kök salmış üsulları dəyişməyə can atan uğur yolçuları…Əbülfəz Elçibəy kimi…

Universitetdə oxuduğum illərdə Onu metroda görürdüm ara-sıra. Başqalarından fərqli görkəmi, işıq dolu arıq üzü və şokolad rəngli pencəyi indiyə qədər gözlərimin önündə. Tələbə dostlarımdan eşitmişdim haqqında. Dissident fəaliyyəti, Sovetləri tənqid etdiyi üçün həbsdə yatdığını da onlar danışmışdılar. Sonradan tale elə gətirdi ki, Onu xalq hərəkatına rəhbərlik etdiyi illərdə daha yaxından tanımaq xoşbəxtliyi nəsib oldu mənə…

Biz bir həqiqi vətənpərvər necə olur, ondan öyrəndik. Bir ideya adamı, bir millətçi, bir modern düşüncəli aydın necə olur, ondan öyrəndik. Bir demokrat, bir idealist öz əqidəsi uğruna necə mücadilə aparar, necə dayanar, necə davam edər, ondan öyrəndik.

Biz Azərbaycanın haqq və azadlıq davasında heç tərəddüd etmədən dar ağacına yürüyən bu böyük insanın simasında tanıdıq özümüzü. Bir insanın yürüdüyü uzun yolda verə biləcəyi qurbanlara necə hazır olacağını da O öyrətdi bizə.

Söhbət Əbülfəz Elçibəydən gedirsə… Öyrəndiklərimiz yalnız bumu? Axı onun adının qarşısında böyük insan olmaqdan başqa, bir gözəl insan titulu da var. Insan 60 yaşlara gəlib, könlünü bir çöl çiçəyi kimi gözəl, tərtəmiz saxlamağı necə bacarar! Insan necə çevrədəki bu qədər çirkin, çirkinliyin içində əxlaqına zərrə qədər kölgə düşürməyə bilər! Əxlaq yaşamın özüdürsə, bu nümunəni yaradan insan Elçibəydir. Gözəl yaşamaq ədəbdən başqa bir şey deyilsə, biz zamanımızda bu ədəb-ərkanı məhz Əbülfəz bəyin simasında gördük. Gözəl insan olmağın adına elə əxlaq deyilirsə, bu ad yenə də ona məxsusdur.

Hələ bizim ondan öyrəndiyimiz başqa gözəl bir şey də var – insanları sevmək. Təpədən-dırnağa sevgi dolu olmaq, bu qədər dərd-sərlə könüldə nifrətə heç yer buraxmamaq! O belə bir insandı, gözəl baxmağı, gözəl görməyi bacaran insan! Çevrəsini Allah xatirinə sevən, yalnız Allaha xoş gedən əməllərə könül açan insan!

O, ideal bir cəmiyyətdə siyasi rəhbər olmağa layiq siyasətçiydi. Başqalarına çox məqbul görünməsə də, siyasətdə belə əxlaqi dəyərlərdən vaz keçməyi qəbul etməyən bir siyasətçi. Mənsəb və mövqeyi nəyin bahasına olursa-olsun ələ keçirmək kimi bir dərdi yoxdu Onun. Özünü yalnız haqq etdiyi yerdə görmək istəyirdi. Başqalarını da elə… Insanlara sonsuz inamı da bu dürüstlüyündən irəli gəlirdi.

O belə bir insandı. Hər birimizin həyatında, yaşamında, xatirələrində Ondan gözəl nəsə var. Biz Onu belə gördük, belə tanıdıq. Nə yaxşı ki, gördük və tanıdıq…