Kazanda Qarabağ danışıqları nəticəsiz bitdi

Üç saatlıq görüşdə heç bir sənəd imzalanmayıb… “Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə edilsə də, hər hansı sənəd imzalanmayıb”, – deyə Kazanda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri yaydıqları birgə bəyanatda bildirilir.

“Azadlıq” radiosunun məlumatına görə, bəyanatda Ilham Əliyev və Serj Sərkisyan vasitəçilərə təşəkkür ediblər. Prezidentlər bildiriblər ki, görüşdə “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”.
Sənəddə qeyd olunub ki, görüş iştirakçıları əsas prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər.
Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransaya “Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxladıqlarına” görə təşəkkür ediblər. Əliyev və Sərkisyan Rusiya prezidenti Medvedevin danışıqların baş tutması və razılığın əldə edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.
Rusiya prezidenti Dmitri Medvedev, Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti Ilham Əliyev ilə birgə görüşü 3 saata yaxın davam edib. Görüşdən öncə həm həmsədr ölkələr, həm də tərəflərin verdikləri bəyanatlarda Kazan görüşündə baza prinsipləri üzrə razılaşmanın imzalanmasına çağırılırdı.

 

***

***

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirilən görüşünü işıqlandırmağa gələn yerli jurnalistləri Kremldən uzaqlaşdırıblar. AzadlıqRadiosunun müxbiri Bikə Timerovanın verdiyi məlumata görə, prezidentlər Prezident sarayına gələndən  və görüş başlandıqdan bir qədər sonra bütün yerli jurnalistləri avtobusla ippodroma aparıblar. Azərbaycan, Ermənistan, Rusiya prezidentləri üçtərəfli görüşdən sonra cıdır meydanına gəlib prezident kuboku at yarışlarını izləməlidirlər.

İlkin proqrama görə, prezidentlərin Bakı vaxtıyla saat 21.00-da cıdıra gəlməsi nəzərdə tutulub.

İlham Əliyev, Serj Sarkisyan və Dmitriy Medvedevin danışıqları hazırda Kazandakı Kreml kompleksində davam edir.

***

Yol xəritəsi imzalana bilər

Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin iyunun 24-ü Kazanda keçiriləcək görüşü ərəfəsində Fransa prezidenti Nikola Sarkozi erməni həmkarı Serj Sərkisyana məktub göndərib.
“Media forum” saytının məlumatına görə, Sarkozi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prinsiplərin təsdiq olunması anının yetişdiyini bildirib: “Tarixdə elə anlar olur ki, dövlət başçıları öz xalqlarına cəsarət, müdriklik və sülh yolu nümayiş etdirməlidir. Bu an gəlib. İstənilən halda mən və Ermənistanı özünə bacı hesab edən Fransa sizə bu həlledici görüşdə səmimi arzularımızı göndəririk. Mənim ölkəm Qarabağ məsələsinin həlli üçün səyini əsirgəməyəcək”.
Rusiyanın “Kommersant” qəzeti 24 iyun sayında diplomatik mənbələrə istinadla yazır ki, bu gün Kazanda Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan yol xəritəsi imzalanacaq. Qəzetin iddiasına görə, yol xəritəsi Azərbaycan və Ermənistanın 2007-ci ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərə təqdim etdiyi Madrid prinsiplərinin qəbulunu və sülh müqaviləsi layihəsinin hazırlanmasını nəzərdə tutur.

***

Bu gün Azərbaycan və Ermənistanın dövlət başçıları Kazanda Rusiya prezidentinin vasitəçiliyi ilə görüşəcəklər. Bu, Serj Sərkisyan 2008-ci ildə prezident seçiləndən bəri Azərbaycan və Ermənistan liderlərinin 13-cü görüşü olacaq. Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan baza (Madrid) prinsipləri müzakirə ediləcək.
Azərbaycan prezidenti İlham Əliyev görüş məqsədi ilə artıq Kazandadır.