Doğrusunu söyləsəm, bu başlığın uğurlu alındığına o qədər də əmin deyiləm. Bəlkə də fikri, mənanı tam ifadə eləməyəcək.
Demək istədiyim budur: Ən gözəl bir şey də Azərbaycana gələndə üzərində elə əməliyyatlar aparılır ki, burada forma və məzmununu dəyişib murdar şəkil alır. Həmin gözəllik ən murdar şeylər üçün ən münbit şərait yaradır. Gözəlliyə xidmət eləmək, insanların ondan öz zövqlərini daha da cilalamaq yerinə ortaya ən iyrənc əməllər, görsənişlər çıxır.
“Avrovizyon” yarışmasındakı qələbəmiz bu törənin gələn il Azərbaycanda keçirilməsini təmin elədi və qəfildən məlum oldu ki, bu qədər tikinti-söküntü gedən ölkə sən demə, belə bir müsabiqəyə ev sahibliyi eləmək imkanından nə qədər uzaq imiş. Bütün öyünclər kimi, fenomenal iqtisadiyyat, analoqsuz inkişaf yalan-palandan başqa bir şey deyilmiş. Eynən sovet dövründəki şişirtmələr kimi. Onsuz da bu ölkədə bütün idarəçilik sistemi əski totalitar formada davam etdirilir – buraya cəngəllik kapitalizminin də əlavə edildiyini nəzərə alsaq, necə iyrənc bir hibrid alındığını görmək olar.
Indi hansısa mənbə “Avrovizyon” mərasiminin keçirilməsi üçün dənizdə 300 milyon manata yaxın bir vəsaitə başa gələcək tikinti üçün rayonların rəhbərlərindən, xüsusilə yeni təyin olunmuş icra başçılarından pul yığılmasına göstəriş verildiyi xəbərini pıçıldayır. Keçmiş səhiyyə naziri Əli Insanov bu mexanizm haqda məhkəmədə geniş məlumat vermişdi. Indi də eyni mexanizm işə düşüb – tikinti üçün vəsait büdcədən ayrılacaq, lakin bu məbləğin az qala hamısı məlum zümrənin cibinə axacaq, əvəzində isə yerlərdən yığılan paralar işə sərf ediləcək. Ad büdcənin olacaq, dad büdcə sahiblərinin. Nə qədər məmur borc-xərc çiyninə düşən hissəni tapıb yuxarı ötürəcək, sonra borcdan çıxmaq üçün gənə kimi xalqın qanını sormağa başlayacaq. Təbii ki, xalq da passiv şəkildə, məsələn, yorğanın altında gileylənməklə kifayətlənəcək, Ictimai Palata etiraz aksiyaları keçirəcək, fədakar gənclər döyüləcək, həbs ediləcək, yorğanının altında hakimiyyətdən pıçıltıyla gileylənənlər yenə də ucadan “müxalifət çox zəifdi,- deyəcək,- xalqı ayağa qaldıra bilmir, hakimiyyətə gücü çatmır”,- və. s.. Beləcə, “Avrovizyon”la ölkəmizə sıza bilmiş Avropa Azərbaycanda elə eybəcər hala düşəcək ki, bu ölkənin yalnız ətalət hesabına mövcudluğu bilinən insanları Avropaya da, “Avrovizyon”a da, onun dəyərlərinə də bir daha səmimi qəlbdən nifrət eləyəcək.
Bu minvalla gözəllik çevrilib elə dəhşətli murdarlığa, iyrəncliyə, üfunətə çevriləcək ki, görən gözlərini, hiss eləyən burnunu tutacaq. Necə deyərlər, “Al, nənə, bu da sənə Yuryev günü”.
Bu ölkədə hər şey kəllə-mayallaq gedir. Yalan olmasın, bir az obrazlı düşünsək, yaşamaq üçün camaat ayaqları üstə deyil, başı üstə gəzir. Görünür, elə bu səbəbdəndi ki, bu dövlətin başçısı sayılan adam gözünün önündəcə kəllə-mayallaq asılan bayrağını doğru-düzgün görə bilmir, onun tərsə asılmasına görə səsini çıxarmır. Öz aləmində onu qınamaq olmaz. Çünki bu duruşla yanaşanda bayraq necə lazımdı elə də asılıb – göyü göydə, yaşılı yerdə, ay-ulduzlu qırmızısı yerlə göy arasında.
Nə isə, “Avrovizyon” bizə gəlib çatanda Avaravizyon olur – avara görüntü. Holland pendirini motala töksən, əlbəttə, motal pendirinin iyini verəcək. Tamı isə nə Hollandlıq olacaq, nə motallıq. Gərək elə yazımın adını “Holland pendiri motalda” qoyaydım…