Suriyada ölkəböyü antihkökumət mitinqləri keçirildi; diktator yenə qan tökdü
Suriyada Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyaları davam edir. İyunun 24-də paytaxt Dəməşq başda olmaqla ölkənin şimal-şərqindəki Qamışlı, Dəraa, Həma, Hums, Dər əl Çətin, Amuda şəhərlərində və digər vilayətlərdə Cümə namazından sonra küçələrə axışan etirazçılar Bəşər Əsədin istefasını tələb ediblər. Müxalifət ölkəböyu keçirilən aksiyaları “Rejimin Süqut Cüməsi” və ya “Son Cümə” adlandırıb.
Etiraz aksiyalarını dağıtmatağa cəhd edən hökumət qüvvələri nümayişçiləri atəşə tutub. Paytaxt Dəməşqdə keçirilən mitinqin dağıdılması zamanı 9 etirazçı həlak olub, onlarla insan yaralanıb. Kürdlərin sıx məskunlaşdığı Qamışlı şəhərində də təhülkəsizlik qüvvələri ilə Bəşər Əsədin istefasını tələb edən etirazçılar arasında qarşıdurma yaşanıb. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Suriyalı hüquq müdafiəçisi Məhəmməd Ənad Süleymani paytaxt Dəməşqdən bir neçə klometr cənubda yerləşən Kessua şəhərində keçirilən antihökumət aksiyasına təhlükəsizlik qüvvələrinin atəş açdığını bildirib. İnsident zamanı 5 adamın öldüyünü, 6 nəfərin yaralandığını söyləyib. Humus şəhərində baş tutan mitinqi dağıtmağa çalışan əsgərlərin açdığı atəş nəticəsində 1 nəfər dünyasını dəyişib.
Başqa bir hüquq müdafiəçisi Rami Əbdürrəhman “AFP” agentliyinə verdiyi açıqlamasında hər cümə namazından sonra olduğu kimi bu cümə də minlərlə adamın ölkənin bütün şəhərlərində rejimin dəyişməsi üçün küçələrə axışdığını vurğulayıb. Onuns sözlərinə görə, Dəməşqdə keçirilən mitinq zamanı hökumət qüvvələri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin dəyənək və odlu silahdan istifadə edib. Dər əl Çətin şəhərində 30 min insan, ölkənin şimal-qərbindəki İdleb bölgəsində isə 10 min etirazçının qatıldığı mitinqlərdə Bəşər Əsədin istefası tələb olunub.
Hakimiyyət əleyhinə etirazların qarşısını almağa çalışan Əsəd rejimi mitinqlərin keçiriləcəyi gözlənilən bölgələrə əlavə silahlı qüvvələr yerləşdirib. Əsgərlər hərbi texnikanın müşaiyyəti ilə paytaxt Dəməşqin ətrafındakı Zəbadani və Bərzah bölgələrinə daxil olub. Ölkənin orta seqmentlərindəki Hums şəhərində isə mərkəzə gedən bütün yollar bağlanıb.
Bu arada Avropa Birliyinin Suriya rəhbərliyinə qarşı sanksiyalar yeni paketi dünən qüvvəyə minib. “Məhdudlaşdırma tədbirləri” adlanan yeni sanksiyalar paketindəki siyahıya Suriyanın güc strukturları ilə əlaqəsi olan dörd şirkət, dinc əhaliyə güc tətbiq etməkdə məsuliyyət daşıyan 7 vəzifəli şəxs daxil edilib. Onların arasında Suriya diktatoru Bəşər Əsədin yaxın qohumları Zulim Şaliş və Riyad Şaliş də var. Onların Avropa Birliyi ölkələrinə daxil olmasına qadağa qoyulub və birlik ərazisindəki maliyyə aktivləri dondurulub.
Avropa Birliyi həmçisinin dinc aksiya iştirakçılarına qarşı zorakılıq hallarında göstərdikləri yardıma görə 3 İran rəsmisinə də sanksiya tətbiq edilməsi haqda qərar çıxarıb. Qadağalara məruz qalan İran rəsmiləri İnqilab Keşikçiləri Korpusunun (“SEPAH”) baş komandanı Məhəmmədəli Cəfəri, “SEPAH”ın “Qüds” qanadının komandanı Qasım Süleymani və “SEPAH” ETTELAAT-ının komandiri Hüseyn Taibdir. Avropa Birliyindən yayılan açıqlamada bildirilir ki, həmin 3 İran rəsmisi Suriyadakı etiraz aksiyaları zamanı dinc müxaliflərə qarşı zorakılıq törətmək məqsədiylə Əsəd rejiminə hərbi sursat və digər yardımlar göstəriblər.
İnformasiya şöbəsi