Bayrağı tərs asdılar ki, Ilham Əliyevin gözünə düz görünsün

Avropa Ittifaqında Azərbaycan bayrağının tərs asılması “Qaçqınkom” sədri Əli Həsənovun ölkədə boşanmaların sayının artmasını Avropaya inteqrasiya ilə əlaqələndirməsindən bir neçə saat sonraya təsadüf etdi.

“Təsadüf etdi” deyirəm, amma əslində, burada bir qanuna və məntiqə uyğunluq var. Bir halda ki, bizim hakimiyyət avropalaşmağı tərsinə başa düşür, Avropa qurumlarına tərs gözlə baxır, o zaman bayrağımızı Avropa Ittifaqında niyə tərs asmasınlar? Zatən elə də etdilər, tərs asdılar ki, Ilham Əliyevin gözlərinə düz görünsün.Bizim kralın bayrağın tərs asılmasına reaksiya verməməsi də buna görə idi. Tərsdən baxanda əslində bayraq düz asılmışdı axı.“Qaçqınkom” yaxşıdı, amma Avropa Birliyi pisdir?

Azərbaycan hakimiyyətində hamı bir nəfər kimi düşünüb, o bir nəfər kimi danışdığı üçün, heç kimin öz fikri, münasibəti olmadığı üçün əslində, “Qaçqınkom” sədrinin Avropanı baltalamasını da Ilham Əliyevin mövqeyi hesab etmək lazımdır.

Düzdür, mən indi bu sətirləri yazarkən kral həzrətləri Avropadadır, orada hansısa qaz danışıqları aparır. Amma Ilham Əliyev hətta Avropada olarkən də Avropada deyil. Onun ruhu, zəkası, qəlbi, təfəkkürü Avropanı rədd edir. Çünki artıq Avropa bir coğrafi anlayış olmaqdan çıxıb, artıq Avropa həyat tərzi deməkdir, düşüncə forması deməkdir, davranış biçimi deməkdir. Artıq Avropa azadlıq sözünün sinonimidir. Avropa rifahla eyni mənanı daşıyır.Ilham Əliyevin isə ağlının bir yerində, qəlbinin ən dərin qatında krallıq eşqi, despotluq sevdası hakimdir. O, Avropada səfərdə olarkən belə, ürəyi Səudiyyə Ərəbistanındadır, Zambiyadadır, Banqladeşdədir.

Ona görə də icazə verir ki, “Qaçqınkom” kimi başdan-ayağa rüşvət saçan, qaranlıq, korrupsiyalaşmış bir qurumun sədri Avropanı aşağılasın, asıb-kəssin, ittiham etsin.

Ilham Əliyev üçün “Qaçqınkom” Avropa Birliyindən daha vacib, daha önəmlidir. Onun üçün Avropa Ittifaqı Dövlət Gömrük Komitəsinin yanında bir heçdir. Onun üçün prioritet Neft Fondudur, nəinki Avropa Şurası. Çünki məsələn, Əli Həsənov heç vaxt Ilham Əliyevdən mitinqlərə icazə tələb edə bilməz. Azad sözə sayğı tələb edə bilməz. Azad seçki tələb edə bilməz. Amma Avropa Birliyindən hər şey gözləmək olar. Bir gün çıxıb Ilham Əliyevə biz “Avropa qurumlarının üzvü olan bir ölkədə monarx istəmirik” də deyə bilərlər.

Aptekə girib kartof-soğan soruşmaq

Mən hərdən oturub fikirləşirəm: ümumiyyətlə, Avropaya inteqrasiya, hətta kağız üzərində də olsa, Əliyev rejiminin nəyinə lazımdır? Avropada bunlar üçün vacib olan, ehtiyaclarını ödəyəcək, əyin-başlarına uyğun gələn nə var ki?

Hüquq var – ehtiyacları yoxdur, onsuz da adı gələndə belə, tükləri tikan-tikan olur. Demokratiya var – ona da ehtiyacları yoxdur. Buraxın demokratiyanı, hətta demokratiyanın “d”sini eşidəndə belə, qaşınma tutur bunları. Çağdaşlıq, modernizm var – nifrət edirlər zatən. Azad söz var, sərbəst toplaşmaq var – işlərinə yaramır.Elə isə bunlar hansı məntiqlə Avropanı seçməlidirlər, Avropanı sevməlidirlər, Avropaya üz tutmalıdırlar? Bunlara lazım olan korrupsiyadır, seçki saxtakarlığıdır, monarxiyadır, hüquqi nihilizmdir, tayfabazlıqdır ki, onların da heç biri Avropada yoxdur.

Əgər bunların heç biri Avropada yoxdursa, Əliyev rejiminin Avropada nə işi var? Məntiqlə bu saat Azərbaycanın Afrika Birliyində olması gərəkmirmi?Ağlı başında olan adam da heç kartof almaq üçün aptekə girərmi? Ya da bir ayaqqabı dükanına girib başağrısı dərmanı istəyərmi? Əlbəttə, yox. Indi bunlara lazım olan heç nə Avropada yoxdursa, niyə Avropanı seçsinlər, niyə Avropanın bir parçası olmaq istəsinlər ki?

Amma madam ki, bunlar Afrika Birliyinə üzv olacaqları yerdə tam tərsinə, gedib Avropa qurumlarına üzv olublar, o zaman bayrağımızın orada tərsinə asılmasına da nə qızmalıyıq, nə qırılmalıyıq.

Avropaya tərsdən baxmağa davam etməliyik, çünki belədə əslində, orada bayrağımızın düz asıldığını görəcəyik. Necə ki, Ilham Əliyev gördü, ona görə də heç bir reaksiya vermədi.