BIR: Elçibəyin tarixi vardı, Heydər Əliyevin isə keçmişi…
IKI: Elçibəy Heydər Əliyevi belə, sevə bilərdi, Heydər Əliyev isə hətta Rəsulzadəni belə, sevmədi…
ÜÇ: Elçibəy andiçmə mərasimində bayrağı öpərkən çox səmimi idi, Heydər Əliyev isə yox. Çünki Heydər Əliyev bayrağı öpənədək artıq gedib tank da öpmüşdü…
DÖRD: Elçibəy Azərbaycanın Güneyi ilə Quzeyini birləşdirməyə çalışmaq qədər irəli getmişdi, Heydər Əliyev isə, hətta Azərbaycanın Quzeyini belə, regionlara parçalayacaq qədər geri getdi…
BEŞ: Elçibəyin zamanında neft – gələcək üçün, çağdaş dünyaya qovuşmaq üçün bir ümid idi, Heydər Əliyev zamanında isə neft – ölkəni keçmişin, orta çağların girovuna çevirmək üçün alət oldu…
ALTI: Elçibəy şeiri sevirdi, Heydər Əliyev isə şairi…
YEDDI: Elçibəyin yanlışları vardı, Heydər Əliyevin isə yalanları…
Avropa qorxusunun sirri
“Qaçqınkom” sədri Əli Həsənov ölkədə boşanmaların sayının artmasını “Azərbaycanın Avropaya inteqrasiyası” ilə əlaqələndirib. Bu, köhnə mifdir və sadəcə, gülüş doğurur.
Hər kəs bilir ki, Azərbaycanda ailələrin dağılmasının əsas səbəbi büdcə pullarını, ölkənin sərvətlərini bir ailənin dağıtmasıdır, nəticədə ölkədə yoxsulluğun dərinləşməsi, işsizliyin böyüməsi, insanların ən kiçik məişət ehtiyacları qarşısında çarəsiz qalması və çıxış yolunu ailə yükünü üzərindən atmaqda görməsidir.
Indi bunu bir kənara qoyub, suçu Avropalaşmanın üzərinə atmaqla hakimiyyətin əlinə heç nə keçməyəcək. Artıq bizim qarnımız belə savadsız, bəsit söhbətlərə toxdur.
Üstəlik, biz onu da yaxşı bilirik ki, sizin qarnınızın ağrısı nədir, niyə Avropaya inteqrasiyadan bu qədər qorxursunuz, niyə hər fürsətdə belə düşük söhbətlərlə Avropalaşmağı gözdən salmaq istəyirsiniz.
Çünki ən azı bizim qədər siz də bilirsiniz ki, Avropaya inteqrasiya Azərbaycan ailələrini yox, Azərbaycandakı ailə hakimiyyətini dağıdacaq.
Ən azı bizim qədər siz də fərqindəsiniz ki, Avropaya inteqrasiya xalqı monarxiyadan, despotizmdən “boşandıracaq”.
Qoyun deyilik, başa düşürük, həyəcanınız da, əndişəniz də buna görədir.
Istibdadın istedadı məhv etməsinə daha bir parlaq nümunə
Mən yazıçının həyatı ilə yaradıcılığı arasındakı “və” bağlayıcısına qarşıyam. Mən yazıçının yaşadıqları ilə yazdıqları arasında bir bərabərlik işarəsi qoyulması gərəkdiyinə inanıram. Mən ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşahın nökərinə çevrilməyi rədd edirəm.
Bunların üzərinə də indiyədək yüzlərlə yazı yazmışam. Yenidən yazmaq ehtiyacı hiss etməyimin isə səbəbi var.
90-cı illərdə Qərbdə avstriyalı yazıçı Peter Handke fırtınası əsirdi. Handke Nobel ödülünə ən layiqli namizədlərdən sayılırdı. Əsərləri yüksək tirajla çap olunur və çox satılırdı. Ədəbi dairələrdə yüksək nüfuzu vardı.
Amma günlərin birində heç kimin gözləmədiyi baş verdi: Handke nəfsinə sahib olmayınca, ötən yüzilliyin son cəlladlarından biri Miloşeviçin dostuna və müdafiəçisinə çevrildi. Bütün dünya Miloşeviçin insanlığa qarşı cinayətlərini qəzəblə və nifrətlə qarşıladığı bir vaxtda yeni çağın önəmli yazarlarından biri yolunda inamla irəliləyən Handke onu dəstəkləməklə diktatora qarşı təpkilərin xeylisini üzərinə çəkdi.
Və həmin vaxtdan Nobel xəyal olmağa başladı onun üçün.
Boş verin Nobel-filan, oxucularını, kitablarının tirajını, ədəbi çevrələrdəki nüfuzunu, ağırlığını itirməyə başladı.
Bu, onun yaradıcılığına da təsir etdi, yazdıqları əvvəlkilərin kölgəsində qaldı.
Get-gedə unuduldu, bir sözlə. Haqqında nə yazıldısa, keçmiş zamanda yazıldı, barəsində nə danışıldısa, keçmiş zamanda danışıldı.
Qısacası: Handkenin tarixçəsi istibdadın istedadı necə məhv etdiyinin, ədəbiyyatda yüksək dəyərləri təbliğ edib həyatda despotizmin tərəfini tutmağın hansı acı nəticələrə gətirib çıxardığının parlaq nümunəsidir.
Yazıçının şəxsiyyəti ilə yaradıcılığını bir-birindən ayıranlar bunun əksini sübut edən bir nümunə qoysunlar ortaya, mübahisəni həmin yerdən davam etdirək.
Ya da lütfən, ayıblarına kor olub sussunlar artıq.

Elçibəylə Heydər Əliyevin 7 fərqi
•
•