Kəmaləddin Heydərovdan Rövnəq Abdullayevə zərbə

Naxçıvana yanacağın buraxılmaması «fövqəlnazir»lə ARDNŞ şefi arasındakı qarşıdurmanın təzahürüdür

Naxçıvan Muxtar Respublikasında yanacağın bahalaşması gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, Muxtar Respublikaya yanacaq daşıyan avtomobillərin gömrükdən buraxılmaması Naxçıvanda benzin qıtlığı yaradıb. Nəticədə benzinin qiyməti 80 qəpiyə qədər bahalaşıb.
Lakin rəsmi qurumlar baş verənlərin səbəbini izah etmir. Hətta Naxçıvana yanacaq daşıyan sürücülərin Nazirlər Kabinetinin qarşısında aksiya keçirməsinin də nəticəsi olmayıb. Yeri gəlmişkən, sürücülər də gömrüyün bu addımının səbəbi barədə məlumatsız olduqlarını deyirlər.
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, əslində baş verənlər fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə aralarında olan ziddiyyətlərin təzahürüdür. Bildirilir ki, əslində Naxçıvana tələbatdan artıq yanacaq daşınır. Bu da Rövnəq Abdulllayevin şəxsi kapitalını artırmasına xidmət edir. ARDNŞ şefi ilə münasibətləri gərgin olan  Kəmaləddin Heydərov isə Rövnəq Abdullayevin biznes maraqlarına zərbə vurmaq üçün nəzarətində olan Dövlət Gömrük Komitəsinə Naxçıvana tələbatdan artıq yanacaq buraxılmamasını tapşırıb. Məlumatlarda deyilir ki, gömrükdən sürücülərə açıq şəkildə deyilir ki, yanacaq “SOCAR”dan alındığına görə, Naxçıvana buraxılmayacaq. Həmçinin bildirilir ki, “fövqəlnazir” “yuxarılar”ı Naxçıvana tələbatdan artıq yanacağın daşınmasını məqsədəuyğun olmadığına inandıra bilib. O, bildirib ki, əslində, Naxçıvana daşınan yanacaq qaranlıq məqsədlərə xidmət edir ki, bu da Azərbaycan hakimiyyəti üçün mənfi nəticələrə səbəb ola bilər.

Informasiya şöbəsi