Dünyanın mütərəqqi, güclü, rifahlı, ardıcıl inkişaf nümayiş etdirən, ən başlıcası, demokratik və azad ölkələrinin mənəvi-ictimai birliyi olan Qərblə əlaqələrini daha da pisləşdirib, əksinə, problemləri və ziddiyyətləri hər gün daha da dərinləşən Rusiyanın təsiri dairəsinə son vaxtlar bir az da çox qapılması Ilham Əliyevin əsas uğursuzluğudur. Rusiyanın Ermənistanı silahlandırması kimi arqumenti önə çəkib demaqoji təəssüratlar yaratmaq istəyindən uzağam. Amma Rusiyanın ən böyük müttəfiq layihəsi olan Belarusun indi nələr yaşadığı ortadadır. Azərbaycanın maliyyə imkanları yaxın dövrdə o cür krizisləri vəd etmir, bununla belə, Rusiyanın nəhəng iqtisadiyyatı elə mürəkkəb struktura malikdir ki, sosial-iqtisadi təlatümlər bu ölkənin ya özünü, ya da dünyadakı yerini gec-tez dəyişəcək. Onun himayə etdiyi rejimlərin yetim qalacağı şəksizdir. Dünyada ağırlığın inqilabi sürətlə demokratik ölkələrin xeyrinə dəyişdiyi, yeni tarixi küləklərin əsdiyi bir vaxtda bu, Ilham Əliyev üçün strateji uğursuzluqdur.
Ilham Əliyev ərəb dalğasına reaksiya verə bilmədi. Bu, ciddi uğursuzluq sayılmalıdır. Ərəb ölkələrində baş verənlər tarixi bir prosesdir və ondan dərs ala bilməmək isə ondan qoruna bilməmək deməkdir. Konkret desək, Misir dəyişdi, Azərbaycan isə əvvəlki Misir olaraq qalır. Deməli, Misiri gözləyən dəyişikliklər bizim ölkə üçün də sosial sifarişdir.
Ilham Əliyevin korrupsiya ilə mübarizə kampaniyası onun əleyhinə işləyəcək ən böyük dəlilə çevrildi. Rejimin sözçüləri illərdir xalqı aldadır ki, Azərbaycan çətin regionda yerləşir, düşmənləri var, bu səbəbdən siyasi islahatlar aparmaq asan deyil. Bəs korrupsiya? Onu ki artıq etiraf etdilər. Buna görə də düşmənlərmi günahkardır? Bəs niyə korrupsiya ilə mübarizə kampaniyası başlamamış dayandı? Xalq bu sual üzərində düşünməyə bilməz və düşündükcə də kələyin miqyasını, əsl ünvanını görür. Xalq gördü ki, Ilham Əliyev korrupsiyanı etiraf edir, amma mübarizə aparmağa gəldikdə cəmiyyəti aldadır: sözdə mübarizədən danışılsa da, reallıqda korrupsiya davam edir. Bir-iki nəfər kiçik məmuru tutmaqla xalqın gözünə kül üfürürlər.
Yumurta uğursuzluğu. Xalqın geniş hissəsi prezidentin əmri ilə, yəni inzibati qaydada yumurtanın qiymətini endirməyin azad bazar prinsiplərinə zidd olmasını düşünmür. Amma xalq gördü ki, prezident istəyəndə bir çox işlər onun xeyrinə ola bilər. Bu, ondan asılıdır. Xalq əyrilikləri və əziyyətləri yaşadıqca, onun əsl səbəbkarını daha aydın görür. Ümumiyyətlə, yumurtanın qiymətinin endirilməsi bu hakimiyyəti biabır edən hadisəyə çevrildi.
“Eurovision”“” uğursuzluğu. Azərbaycan hakimiyyəti elə bir dövrə gəlib ki, uğurlar da onun əleyhinə işləyir. Dünya təəccüb içindədir, Avropa heyrətlənib. Azərbaycan kimi avtoritar bir ölkə bir Avropa tədbirinə necə ev sahibliyi edəcək? Ölkədə siyasi məhbuslar var, söz azadlığı qorunmur, sərbəst toplaşma hüququ işləmir, korrupsiya geniş yayılıb. “Eurovision”“” qələbəsi bizim şanlı hakimiyyətin əsl dərdinə çevrilir. Tədbiri keçirmək üçün texniki çətinliklər bir yana qalsın, ciddi ictimai addımlar atmadıqda, bir çox ölkələr bu tədbirə gəlməyə də bilər. Simvolik şahzadələrin Azərbaycana gəlməsinə qarşı çıxan Avropa ictimaiyyəti bu tədbir zamanı da sakit oturan deyil.
Ümumilikdə, avtoritar rejimlərin və dövlət başçılarının indiki dünyada azaldığı və daha ikrahla qarşılandığı son vaxtlarda Ilham Əliyev daha çox avtoritarlaşmağa məcbur olub. Çünki başqa cür olmağı bacarmayıb. Nəhayət, hər şeyə rəğmən, Azərbaycan cəmiyyəti dəyişikliklərə, demokratiyaya keçidə daha inamlıdır. Aydınca görünür ki, Azərbaycan xalqı fürsətə bənddir…