“Eurovision” soyğunçuluğu başlandı

Rayon rəhbərləri bütün idarə və müəssisə sahiblərindən 7000 manat pul tələb edir

Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” musiqi yarışmasının qalibi olan Azərbaycan gələn ilin mayında bu festivala ev sahibliyi edəcək. Artıq bununla bağlı hazırlıqlara başlanılıb və festivalın təşkili məqsədi ilə bağlı ötən ay komissiya da yaradılıb.
Bundan başqa, yarışın keçirilməsi üçün Azərbaycan hökuməti unikal bir variantın da həyata keçirilməsinə start verib. Dənizin içində möhtəşəm konsert kompleksinin tikilməsi üçün qollarını çırmayan rəsmi Bakı büdcədən həmin məqsədin reallaşmasına 215 milyon manat vəsait ayırmağı düşünür.
Amma büdcə öz yerində, oradan ayrılan pullar bir qayda olaraq təyinatı üzrə xərclənmir, bu ayırmalar hansısa hesaba köçürülür. Nəzərdə tutulan işi isə ya bu və ya başqa məmurun, ya da özəl şirkət rəhbərinin üzərinə atırlar. Tikilən Olimpiya komplekslərinin, Diaqnostika mərkəzlərinin çoxu bu yolla ərsəyə gəlib. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, “Eurovision” yarışmasının keçiriləcəyi binanın tikintisi üçün rayonlardan pul yığımı başlanıb. Qaynağın dediyinə görə, əksər rayonların icra başçıları (xüsusən də son dövrlər yerləri dəyişdirilən və ya yenicə təyin olunmuş icra başçıları – R.D.) bütün idarə və müəssisə rəhbərlərinə dənizin ortasında tikiləcək bina üçün maliyyə vəsaiti gərək olduğunu bildiriblər. Bunun ardından isə onların hər birindən “ümumi fonda” 7 min manat pul keçirmələri tələb olunub.
Məlumatda o da vurğulanır ki, ilk addım Neftçalada atılıb. Belə ki, yeni icra başçısı Ismayıl Vəliyev bu yaxınlarda rayonun idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlardan “Eurovision” üçün pul yığmalarını tələb edib. Tədbirdə iştirak edənlər bundan narazı qalıblar. Bildirilir ki, idarə və müəssisə rəhbərləri icra başçısına bu pulu toplamaq imkanlarının məhdud olduğunu deyiblər. Ancaq işdən çıxarılma qorxusu onları həmin pulu borc da olsa, tapıb düzəltməyə vadar edir.
Qaynağın verdiyi məlumatda o da qeyd edilir ki, Azərbaycan hökumətinin “Eurovision” üçün binanın tikilməsinə yetərincə pulu var: “Rayonlarda belə addımın atılması isə bir qədər şübhəlidir. Çünki indiyə qədər icra başçılarından dəfələrlə hansısa tədbir adı altında pul yığıldığının şahidi olmuşuq. O da mümkündür ki, icra başçıları ”Eurovision” məsələsini bəhanə gətirərək, idarə və müəssisələrdən pul yığmağa cəhd edirlər”.
Ancaq onu da vurğulamaq lazımdır ki, bu, kütləvi hal alıbsa, deməli, “yuxarı”dan tapşırıq verilib.

Ramin DEKO