İcazəsiz aksiyalarda bundan sonra da iştirak edəcəyik

KXCP funksioneri Ictimai Palatanın mövqeyini dəstəkləyir

Ədalət Yusibov: «Razılaşdırılmamış aksiyaların özü razılaşdırılmış aksiyaların keçirilməsi üçün bir vasitədir»

Qurultayları üzündən Ictimai Palatanın iyunun 19-da keçirilən aksiyasına hazırlığa KXCP bütün qüvvəsini ayıra bilməsə də, partiya sədrinin mitinqdən sonrakı açıqlaması maraq doğurur.
IP-nin ilk aksiyalarının keçirilməsi ilə bağlı müsbət rəy verən KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, kütləvi aksiyaları siyasi təşkilatların inhisarından çıxarmaq və onu həqiqətən kütləvi aksiya kimi keçirmək lazımdır. M.Mirəlioğlunun sözlərinə görə, nəticəyə nail olmaq üçün razılaşdırılmış mitinqlər keçirilməlidir: “Buna nail olmaq lazımdır. Bunu da öncədən hər kəsə demişik. Ictimai Palatanın razılaşdırılmamış aksiyalar keçirməsi ilə bağlı qərarına əvvəlcədən münasibətimizi bildirmişdik”.
M.Mirəlioğlunun fikirləri ilə tam tanış olmadığını deyən KXCP Idarə Heyətinin üzvü Ədalət Yusibov bildirdi ki, bu üzdən o, aksiyalarda iştirakla bağlı öz fikrini söyləyə bilər: “Qənaətimcə, razılaşdırılmamış aksiyaların özü razılaşdırılmış aksiyaların keçirilməsi üçün bir vasitədir. Ona görə Ictimai Palatanın razılaşdırılmamış aksiyalarla bağlı mövqeyini normal qiymətləndirirəm”.
Partiyanın iyunun 19-u aksiyası ərəfəsində qurultaya hazırlaşmasına baxmayaraq, bir çox üzvlərinin mitinqə qatıldığını deyən Ə.Yusibov vurğuladı ki, aksiyada həbs olunan KXCP üzvləri də var. Növbəti aksiyalarda KXCP-nin iştirakına gəlincə, Ə.Yusibov vurğuladı ki, IP-də təmsil olunan partiya kimi KXCP-nin də qəbul edilən qərara münasibəti adekvat olacaq.

Xəyal