Bəylər Əyyubovun adı daha bir qalmaqalda

Generalın bacısı oğlu Göygöl polisləri ilə dalaşıb

Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyevlə Göygöl polisləri arasında insident baş verib. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb. 
Məlumatda deyilir ki, bir neçə gün əvvəl baş vermiş qarşıdurmaya səbəb Azər Şahverdiyevin plyonkalı maşınla hərəkət etməsi olub. Rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyevin şəxsi göstərişi əsasında Azər Şahverdiyevin avtomobili saxlanılaraq, cərimə meydançasına aparılıb. Yol Patrul Xidməti əməkdaşlarına qarşı zor tətbiq edən Azər Şahverdiyev onlarla mübahisə edib. Mübahisə nəticəsində Azər Şahverdiyevin polislərə qarşı güc tətbiq etdiyi də bildirilir.
Məlumatda o da bildirilir ki, Azər Şahverdiyevin maşınından plyonkalar söküldükdən sonra cərimə meydançasından azad edilib.
Azər Şahverdiyev hazırda Polis Akademiyasında təhsil alır. Hələ bir neçə ay əvvəl onun MTN-nin Gəncə Şəhər Idarəsinin əməkdaşlarından birini döyməsi barədə də mətbuatda məlumat getmişdi. Onun Göygölün hərbi komissarı işləyən qardaşı Mail Şahverdiyev isə bir il əvvəl yol qəzası törətmişdi. Hadisə nəticəsində Mail Şahverdiyevin özü ağır yaralanmışdı.