Daha bir aksiya başa çatdı. Nə demək olar? Hakimiyyətin necə zəif, gücsüz olduğu bir daha üzə çıxdı. Bəli, bunların ideoloji məmurları çox şey söyləyə bilər. Amma ortalıqda məntiq var. Əgər güclüsünüzsə, niyə bu qədər polisi şəhərə tökürsünüz? Əgər güclüsünüzsə, niyə insanlara sakitcə aksiyalarını keçirməyə imkan vermirsiniz? Qoy, onlar aksiyalarını keçirsin, hamı görsün ki, bunlara heç kim məhəl qoymur, bunların heç bir sosial dayağı yoxdur və hətta cəmiyyət də bunları anlamır!… Amma belə deyil axı!
Özünüz bilirsiniz ki, belə deyil! Deyirlər ki, qorxaqlar həm də qəddar olurlar! Mən düz 18 ildir ki, bunun təsdiqini görürəm! Düz 18 ildir ki, bunlar insanları süngü ilə idarə edirlər! Kim bunların yerində olsaydı bezərdi belə idarəçilikdən. Axı insanın bir psixoloji ehtiyacı var, başqalarının onun haqqındaca necə düşündüyünü bilmək istəyir. Bəzi yerlərdə, demokratik ölkələrdəcə bunun üçün insanlara tam sərbəstlik verirlər, digər ölkələrdə isə təhlükəsizlik orqanlarının köməyi ilə əsl ictimai rəyi öyrənirlər. Yox, mən belə düşünmürəm ki, bunlar tamam etinasızdırlar. Bunların davranışı arxayın adamların davranışına bənzəmir, əgər arxayın olsaydılar heç məhəl qoymazdılar müxalifətə, deyərdilər, əşşi, beş-on adamdır, qoy, harada istəyir toplaşsınlar, nə istəyirlər danışsınlar, onsuz da onlara fikir verən yoxdur! Amma bunlar belə hərəkət etmir, bu cür davranmırlar, adi bir bəyanatdan vahiməyə düşürlər, bəlkə gecələr də rahat yata bilmirlər. Deməli, bunlar özləri haqda əsl həqiqəti bilirlər və cəmiyyətin onlar haqqında nə düşündüyünü, onlara necə münasibət bəslədiyini bilirlər və nifrətə nifrətlə cavab verirlər, ən kiçik etirazı belə, boğmağa çalışırlar, ən kiçikcə hərəkəti belə, cavabsız qoymurlar.
Bunların digər oxşar rejimlərdən bir fərqi də var. Yazılana görə, L.Brejnev Y.Andropovu az qəbul etməyə çalışırmış və bunu onunla əsaslandırırmış ki, sonuncunun əsl reallığı göstərən hesabatları onu məyus edir, kefini pozur. O, bu hesabatlardan sonra sözün əsl mənasında apatiyaya düşürmüş. Buna inanıram. Hətta L.Brejnev də tək özünün diktaturasını qurmamışdı, o, müəyyən bir ideologiyanın və sistemin – sovet sisteminin düzgünlüyünə və qüsursuzluğuna inanırdı, ona görə də əsl həqiqətlərdən apatiyaya düşürdü, çünki bütün varlığı ilə inandığı sistem özünü doğrultmurdu. Amma bunlar, bizim hakimiyyət, belə hisslərdən uzaq bir zümrədir. Bunların ürəkdən inandığı heç bir ideologiya və sistem yoxdur və bunlar sadəcə öz şəxsi maraqları zəminində mövcud olan kiçik qrupdur. Bunlar heç bir apatiya-filan keçirmirlər, çünki cəmiyyətin bunlar haqqında nə düşündüyünü gözəl bilirlər, bunların düşmənləri ölkənin xaricində deyil, ölkənin içindədir – bunlar cəmiyyəti düşmən gözündə görür və ölkəni də əsl qəsbkarlar kimi idarə edirlər. Bunlar üçün hər hansı bir romantika yaddır və bunların “üstünlüyü” ondadır ki, heç nəyə ürəkdən inanmırlar, davranışları da heç bir məhdudiyyət tanımır. Bunlar hər hansı bir ictimai öhdəlikdən tam yuxarıdadırlar, ondan asılı deyil, onlarla ictimai sözü, hətta uzlaşmır, çünki o qədər eqoistləşiblər ki, ancaq şəxsi hisslərin əsirinə çevriliblər, bəli, şəxsi hisslərin fetişləşdirməsi bunları cəmiyyətin fövqünə qaldırıb. Bəli, cəmiyyət bunlar üçün hər addımda əngəldir, çünki bunlar mütləq sərbəstliyə can atır və onu arzulayırlar, qalan hər şey bunlar üçün maneədir, əngəldir, bunların mütləq azadıqlarına qarşı yönələn aktdır, hərəkətdir! Bunların bir inanc yeri var – banklardakı şəxsi hesabları! Ancaq ona güvənir və onu sevirlər…
Kiçik sözardı
Avtoritar, totalitar hakimiyyətlərin siyasi psixologiyası mənim üçün həmişə maraq kəsb edib. Amma bu hakimiyyətə avtoritar hakimiyyət deyəndə belə, bir az acığıma gəlir. Bunlarda, hətta hakimiyyət psixologiyası fərqlidir, bütün hallarda hakimiyyət ictimai-siyasi institutdur, o, aid olduğu xalqın müəyyən cizgilərini özündə ehtiva edir, cəmiyyət qarşısında müəyyən qədər öhdəlik daşıyır. Amma bunlar daha çox işğalçı rejimə bənzəyirlər…