182 ölkə üzrə hazırlanan siyahıda keçmiş SSRI-nin 6 ölkəsi Azərbaycanı geridə qoyur
Dünyanın ən zəngin ölkələrinin yeni reytinqi açıqlanıb. “Global Finance” jurnalı tərəfindən hazırlanan reytinqdə 182 ölkənin adı yer alıb. Reytinq cədvəlinə Qətər başçılıq edir. Jurnal bu ölkədə ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən həcmini 90 149 dollar həcmində qiymətləndirib.
“Ən zəngin ölkələr” siyahısının ilk 20 pilləsində Qətərdən savayı, ərəb ölkələrindən yalnız Küveyt və Birləşmiş Ərəb Əmirlikləri var. 115 mlrd. barel neftlə dünyanın ən böyük “qara qızıl” ehtiyatlarına malik Iraq isə daxili qeyri-stabillik üzündən siyahıda 124-cü yerdədir.
Reytinqdə sonuncu yeri ÜDM-in adambaşına düşən həcmi 342 dollar olan Konqo tutub.
Siyahıda birinci və sonuncu yeri tutan ölkələrin gəlirləri arasında 263 dəfə fərq var. Azərbaycan sözügedən siyahıda 82-ci yerdə qərarlaşıb. Postsovet məkanına daxil olan ölkələrdən Estoniya 47-ci, Litva 51-ci, Rusiya 52-ci, Latviya 62-ci, Belarus 63-cü, Qazaxıstan isə 70-ci pillədə qərarlaşmaqla Azərbaycanı qabaqlayıblar.