Rusiyanın bu günü və gələcəyi ilə bağlı narahatlıq dünya mediasının başlıca müzakirə mövzularındandır
Böyük qonşumuz olduğu üçün Rusiyada baş verən ictimai-siyasi hadisələr Azərbaycan üçün də son dərəcə önəm kəsb edir. Son iki yüz il ərzində yerləşdiyimiz regionun ümumi həyatında baş verənlərin bir başa Rusiya ilə əlaqəli olduğunu nəzərə alsaq, bu tezis başa düşülən sayılmalıdır. Hazırda prezident Medvedevlə baş nazir Putin arasında hakimiyyətdə daha önəmli fiqur olmaq uğrunda gizli-aşkar siyasi mübarizənin getdiyi sezilməkdədir. Onlar nə qədər belə bir mövqe savaşının getmədiyini tez-tez təkrarlasalar da.
Xüsusilə, Medvedevin hakimiyyətə gəldiyi vaxtdan modernizasiya xətti yürütməsinə, iqtisadiyyatda liberallığı müdafiə etməsinə, özəl mülkiyyətin önəmini qabartmasına və ən əsası son kadr islahatlarına nəzər salanda, onun daha çox bugünədək Putinə sadiq olan və ayrı-ayrı vaxtlarda onunla təmasları olmuş, sonradan vəzifəyə çəkilmiş şəxsləri sıradışı etməsi diqqətdən yayına bilməz. Yenilər isə birbaşa Medvedevin adamlarıdır deyə bilərik. Ilk baxışdan modern, xoşməramlı, gülərüz təəssüratı oyadan Medvedevin təbəssümlərinin altında nələrin yatdığını bu son kadr dəyişikliklərindən, çıxışlarından da anlamaq mümkündür. Düzdür, o, vaxtaşırı Putinlə kofe də içir, xizək də sürür, velosipedlə də gəzintiyə çıxır, ancaq siyasət “iki üstəgəl iki dörd edər” məntiqinə tərsmütənasib olduğu üçün, bu gün bir-birinin üzünə gülən adamların sabah bir-birinə silah çəkməyəcəyini ehtimal etməmək mümkün deyil. Rusiya böyük dövlətdir və orada baş verənlər, əlbəttə, dünya mediasının da diqqət mərkəzindədir. Dünyanın nəhəng media orqanları hər gün bu ölkənin dünəni, bu günü və gələcəyi ilə bağlı çeşidli mövzularda materiallar dərc edirlər. Xüsusilə, Medvedev-Putin çəkişməsi indilərdə daha aktual olduğu üçün dünya mediasının bu yöndə şərhlərinin oxucular üçün də maraqlı olduğunu nəzərə alıb, onu bölüşmək qərarına gəldik.
Sparrinq üzrə partnyorlar
Məsələn, “The Wall Street Journal”ın məqalələrindən birinin sərlövhəsi “Sparrinq üzrə partnyorlar” adlanır. Problem-2008 (iki prezidentlik müddətini nəzərdə tutan konstitusiya limitini gözləməklə Putin rejimini necə hakimiyyətdə saxlamaq), görünür, uğurla həll olunmuşdur, deyə jurnalist Julian Evans yazır. Indi isə, qarşıda yeni bir məsələ durur: kim prezident olacaq – Putin yoxsa Medvedev?
Müəllif Putinin lehinə bir xeyli arqument sadalayır: böyük reytinq, uzunmüddətli təcrübə, kifayət qədər geniş baza. Bununla belə, Yeltsin dövrünün öz kapitallarını qoruyub saxlayan və modernizasiyanı, o cümlədən Rusiyanın açıq cəmiyyət olmasını dəstəkləyən bir çox oliqarxları – Medvedevin tərəfindədirlər. “Qərb eyni zamanda Medvedevin yeni prezidentlik müddətinin Putinin üçüncü revanşı ilə müqayisədə daha liberal olacağını təsəvvür etməyi də xoşlayır”, – deyə məqalədə vurğulanır. “Görünür, Qərbdə səni daha liberal hesab etmələri üçün kifayətdir ki, əlinə bir ”aypad” götürəsən”, – deyə analitik Qleb Kuznetsov bu məsələyə diqqət çəkib. Nə də olmasa, ali təhsilli orta statistik hər bir rusiyalı vətəndaş, əgər alternativ Putindirsə, çox düşünmədən Medvedevin üzərində dayanacaq, deyə müəllif belə hesab edir.
Hökumət internetə nəzarət edə bilmir
“The Wall Street Journal”ın başqa bir səhifəsi isə runetə (internet domen) həsr olunub. Qəzet yazır ki, internet rus hökumətinin ənənəvi KIV üzərində sərt nəzarətini artıq darmadağın etməkdədir. “Baxmayaraq ki, televiziya 80 faiz rus vətəndaşının əsas xəbər mənbəyidir, internet onu sürətlə ötüb keçməkdədir”, – deyə müəllif əlavə olaraq, qeyd edir ki, Rusiyada hakimiyyətin internet üzərində təsiri minimaldır. Əsas telekanallar üzərində dövlət nəzarəti Rusiyanın mədəni həyatının bütün aspektlərinə təsir etməkdədir. Bununla belə, internet bu gün informasiya əldə etmək baxımından daha populyar mənbədir. “Levada-sentra”nın məlumatına görə, şəbəkədən ictimai-siyasi məlumatlar alan rusların sayı 2007-ci ildən 13 faizdən 31 faizədək artıb. “Bir çox siyasi blogerlər, məsələn, Aleksey Navalnının oxucuları federal qəzetlərinkindən daha çoxdur, internet vasitəsilə blogerlər məmurların korrupsiya əməllərilə və hakimiyyətin qəddarlığı ilə bağlı sənədləri və videogörüntüləri bölüşə bilirlər”, – deyə müəllif vurğulayıb.
“The Financial Times” qəzeti də bu mövzuya toxunub. “Söz azadlığı baxımından internet şəbəkəsi qiymətli sahəyə çevrilməkdədir” başlığı ilə təqdim edilən yazıda qeyd edilir ki, internet Rusiyada birtərəfli inkişafı əks etdirən ən yaxşı media sektorlarından biridir. Düzdür, siyasi münasibətlərdə avtoritarizmə geri qayıdış şəbəkəni qiymətə mindirib, ancaq həm də müzakirələr üçün natamam meydançaya çevirib. Bəzi araşdırmaların nəticəsindən də bəlli olur ki, yaxın dörd il ərzində internetdən istifədə səviyyəsi Rusiya əhalisi arasında 40 faizdən 70 faizə qədər sıçrayacaq, bununla belə, on-line debatlara əhalinin müqayisəli olaraq çox az hissəsi qatılır, məqalədə belə deyilir. Analitik Mari Lipman hesab edir ki, ərəb stilində olduğu kimi, Rusiyada sosial şəbəkə vasitəsilə inqilabın olacağı az ehtimal olunandır: “Insanlar kifayət qədər qəzəblidirlər, ancaq ”biz heç nəyi dəyişmək gücündə deyilik” kimi ümumi tezis hələ ki, dəyişməyib”.
Medvedevin islahatları onun reytinqi üçün önəmlidir
“The Financial Times” qəzetinin toxunduğu daha bir mövzu Rusiyanın neft-qaz sənayesi barədədir. Ötən on ilin böyük bir kəsiyində neft-qaz səhəsinin durmadan artan böyük gəlirləri hesabına Rusiya özünü kifayət qədər rahat aparırdı, deyə jurnalist Çarlz Klover yazır. Ancaq bir sıra rus siyasətçilərə aydındır: neft və qaz ixracından asılı olmaq inkişaf etmiş dövlətlər liqasına can atan ölkə üçün sadəcə maneədir. Rusiyanın “qərb” sərhədlərinə nümayiş kimi düşünülmüş Peterburq Beynəlxalq Iqtisadi Forumu ərəfəsində də bu ölkə nəinki gənc demokratik Avropa ölkəsinə, əksinə, Yaxın Şərqin neft avtokratiyasına daha çox bənzəyirdi, deyə müəllif qeyd edir.
Maliyyə naziri Kudrin bugünlərdə bəyan edib ki, neft sayəsində qalxınma erası artıq bitmək üzrədir, ancaq Kloverin fikrincə, Medvedevin verdiyi vədə baxmayaraq, Rusiyada islahat indiyə qədər çox az müşahidə edilir. “Istənilən iqtisadi modernizasiyaya cəhd üçün kilid faktor investisiyaların həcmini artırmaqdır”, Rusiyada isə investisiyaların ÜDM-də həcmi, Çinin 40 faizlik göstəricisilə müqayisədə, sadəcə 20 faizdir. Daxili investisiyalardakı defisitin başlıca səbəbi isə rusların istehlak xərclərinin çoxluğudur. Müəllif qeyd edir ki, Medvedevin iqtisadiyyatı idarə etmək cəhdi prezident administrasiyası ilə Putinə bağlı olan nazirlər kabineti arasındakı rəqabəti daha da mürəkkəbləşdirir. Medvedev mümkün qədər iqtisadi islahatlar sayəsində mübarizəni gücləndirməklə özünün siyasi hakimiyyətini genişləndirməyə çalışır”, – deyə Klover vurğulayıb.
ABŞ Rusiya üçün vacib ölkədir
“Rus-amerikan ilişkilərində buzların əriməsi münasibətlərdə yeni eraya ümid yaradır”, – deyə “The Financial Times”də özünün Rusiya ilə bağlı materialında Nil Bakli yazır. Onun fikrincə, son dövrlərdə Putin və Buş tərəfindən pozulmuş ikitərəfli münasibətləri qaydaya salmaq üçün əlverişli zəmin hazırlamaq Barak Obama üçün həlli vacib ilk məsələlərdən biri olub. “ABŞ-da anlayırdılar ki, nüvə silahının yayılmasına və qlobal terrorizm kimi kilid problemlərin həllində Rusiyanın dəstəyinə ehtiyac var”. Məsələ burasındadır ki, bu mülayim hava nə vaxtadək davam edəcək. Əsas gərginlik mənbəyi isə NATO-nun Ukrayna və Gürcüstana qədər genişləndirilməsi, amerikanların Avropada hava hücümundan müdafiə sistemlərinin qurulması ilə bağlı proyekt kimi məsələlərdir. Bundan əlavə, rusları məyus edən digər məsələ işgüzar əlaqələrin inkişafıdır. Rusların amerikan texnologiyalarına və investisiyalarına böyük ehtiyacı var, ancaq əvvəlcə xarici siyasi münasibətləri yaxşılaşdırmağa ehtiyac var. Ancaq məsələ ondadır ki, ABŞ-dan investisiya axını üçün şərtlər hələ uyğun deyil, deyə qəzet yazır və daşlaşmış postulatı təkrarlamağa gərək görür: ABŞ-dan və başqa Qərb ölkələrindən investisiyaların cəlb olunması üçün ölkədə investisiya ab-havasını və korrupsiyanın cilovlanmasından ötrü qanunun aliliyinə münasibəti yaxşılaşdırmağa ehtiyac var.
Rusiyada investisiya mühiti bərbaddır
“The Wall Street Journal”ın önəm verdiyi ayrı bir sahə isə Rusiyadakı IPO ilə bağlı paradoksal situasiyadır. “Rusiya fond bazarlarında paradoks: bir tərəfdən bazarlar bum həyəcanı keçirirlər… Ancaq digər tərəfdən isə, rus səhmlərinin ilkin yerləşdirilməsi çətinliklə başa gəlir”, – deyə məqalədə deyilir. Rusiyaya məxsus IPO “ənənəvi olaraq, aşağı nəticəli proqnozlaşdırılır” və nöqsansız reputasiya gözlənilmir. Rusiya bazarlarında özünü daha komfortlu o kəslər hiss edir ki, inkişaf edən bazarlarda uzunmüddətli alətlərə daha çox investisiya yönəldirlər. Problem ondadır ki, uzunmüddətli öhdəliklərin emissiyasının səviyyəsi getdikcə aşağı düşür. “The Wall Street Journal”ın müxbiri bunu onunla əlaqələndirir ki, Rusiyada neft-qaz çıxaran şirkətlər nağd pul çatışmazlığını hiss etmirlər. Eyni zamanda, “Birja investisiya fondları, xarici investorlar üçün rus şirkətlərinin uçotunu aparmadan və çətin siyasi şəraiti düşünmək kimi əlavə güc sərf etmədən böyüyən Rusiya bazarına çıxış üçün çox asan vasitədir”.
“Yaxşı, Qərbin portfel investorları Rusiyanı sevirlər yoxsa yox?”, – deyə yazı müəllifi sual edir. Rusiyanın birja investisiya fondlarının populyarlığı, onun fikrincə, daha çox neftin qiymət səviyyəsilə əlaqəlidir. O, Bank of Amerika-nın eksperti Merill Linçin sözlərini xatırladır, kim ki, Rusiyanın perspektivini “çox pozitiv” hesab edir”. “Bu ölkənin iqtisadiyyatı ”hələ bundan sonra da neftin yüksək qiymətlərilə himayə olunacaq”, – deyə ekspert bildirib.
Onlar ölkəni niyə tərk edirlər?
Bu gün Rusiyada ən ciddi problemlərdən biri vətəndaşların ölkəni durmadan tərk etməsidir. Ali təhsilli orta klas vətəndaşlar yeni şans və azadlıqlar əldə etmək xatirinə doğma vətəni xaricə dəyişirlər. Gənc ruslar deyir: 2012-ci ildə kimin prezident olmasından asılı olmayaraq, Rusiyanı yenə də əvvəlki bir yığın siyasətçi və xüsusi xidmət orqanlarının zabitləri idarə edəcək, deyə “The Wall Street Journal” qəzeti “Onlar niyə ölkəni tərk edirlər?” başlıqlı məqaləsində yazır. “Levada-sentra”nın məlumatlarına görə, 2002-ci ildə emiqrasiyanın ən geniş yayılmış səbəbi kimi, insanlar maliyyə cəhətdən götür-qoyun üzərində dayanırdılarsa, 2009-cu ildə sosial-mədəni səbəblər daha geniş yayılmışdı. Bir çox rus ziyalılar hökumətin telexəbərlər, kino və hətta pop-musiqi üzərində hədsiz nəzarətindən özlərini özgəninkiləşmiş kimi hiss etməyə başlayıblar, deyə məqalədə deyilir.
Müəllif vurğulayır ki, ölkəni tərk edişin daha bir vacib stimulu Rusiyada aşağı səviyyəli həyat şəraitidir. Burada ailə həyatı həqiqətən çox ağırdır, səhiyyə sistemi dağılıb, məktəbdə və bağçalarda yer tapmaq olduqca çətinləşib: “Ambisiyalı gənc rusları isə eyni zamanda həm də Rusiyada şəxsi azadlıq hüququnun etibarsızlığı ruhdan salır. Londonda kifayət qədər çox sayda rus biznesmenlər var. Bir müddət əvvəl özləri və onları siyasi cəhətdən himayə edən çevrələr hakimiyyətin gözündən düşdükdə, British Airwais-in elə ilk, ən yaxın reysi ilə uçmaq məcburiyyətində qalmışdılar bu gənclər”.
Idman ambisiyaları nəticə verəcəkmi?
Nəhayət, “The Wall Street Journal” Rusiyanın olimpiya ambisiyaları haqda material dərc edib. Rusiya önümüzdəki müddətdə gərgin qrafikə malikdir: 2014-cü ildə Soçi Yay Olimpiya Oyunları, 2016-cı ildə hokkey üzrə dünya çempionatı, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı. Jurnalist Julian Evans bildirir ki, Rusiya bütün bu beynəlxalq səviyyətli tədbirləri nöqsansız başa vurmaqda kifayət qədər qərarlı görünür. “Vladimir Putin üçün qeyd olunan idman tədbirlərini keçirmək, görünür, şəxsi və milli hakimiyyətin yaxşı mənada nümayişi üçün çox vacibdir”, – deyə qəzet qeyd edir. Ola bilsin, Kreml düşünür ki, idman qələbələri ölkə səviyyəsində milli ideya ətrafında birləşdirici faktora çevrilə bilər. Onsuz da, Putin özünün güclü və idmançı imicini qabartmağı xoşlayır, bununla demək istəyir ki, əvvəlki sərxoş Yeltsin dövrü ilə müqayisədə, Rusiya indi yeniləşib və sağlamdır. Kremlin satın ala bilmədiyi yeganə şey isə, uğurdur! Futbol üzrə Rusiya yığması ötən il DÇ-nin seçmələrini keçə bilməmişdi, 2010-Qış Olimpiya Oyunlarında bu ölkənin yığması medal sayına görə ilk onluğa belə, düşə bilmədi, mayda isə hokkey üzrə milli komanda dünya çempionatı kubokundan məhrum oldu.
Rus idmançılar artıq indidən məşqlərə başlamalı idilər, axı onlara böyük pullar ayrılıb”, – deyə müəllif yazını bitirir.
Hazırladı: Rəşad Alp