19 iyun aksiyası hakimiyyəti ifşa etdi

Aksiyanın dağıdılması iqtidarın mitinqlərlə bağlı tələblərə məhəl qoymadığını bir daha göstərdi

Ictimai Palatanın 19 iyun mitinqi əvvəlki aksiyalardan fərqli formada keçirildi. 2 və 17 aprel aksiyalarında müxalifət fəalları yalnız Ictimai Palatanın elan etdiyi yerə toplaşdısa, bu dəfə onlar Bakının müxtəlif yerlərində görünərək “Azadlıq”, “Istefa” şüarları ilə vətəndaşların diqqətini cəlb edə bildilər.
Həmçinin lokal aksiyalar polis üçün sürpriz oldu. Polis qüvvələri əsasən müxalifətin elan etdiyi yerə – “Nərimanov” kinoteatrının qarşısına toplaşdığı üçün, digər yerlərdə aksiyaların qarşısını dərhal ala bilmədilər. Bu isə müəyyən mənada aksiyanın qarşısına qoyduğu məqsədə nail olmasını şərtləndirdi. 19 iyun aksiyası geniş coğrafiyanı əhatə etdiyinə görə, həm də say məsələsini  kölgədə qoydu.
Bu aksiya həm də hakimiyyətin “demokratiya nağılları”nı ifşa etdi. 19 iyun aksiyası göstərdi ki, demokratiyadan danışan hakimiyyət ölkədə fövqəladə vəziyyət elan edib. Eyni zamanda bir daha aydın oldu ki, iqtidar nüfuzlu beynəlxalq quruluşların sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı tələblərini yerinə yetirmək niyyətində deyil. Əksinə, hakimiyyət dünya ilə konfrantasiyaya gedərək bütün potensialı ilə avtoritarizmi dərinləşdirməyə çalışır.

Azad