Buna səbəb əhalinin gəlir səviyyəsinin aşağı düşməsidir
Əhalinin sosial-iqtisadi durumunun necə olmasını yəqinləşdirmək üçün bir məqama diqqət yetirmək kifayətdir. Belə ki, problemli kreditlərin həcmi keçən illə müqayisədə 51,5 faiz artıb. Onun ümumi kredit portfelində məbləği 553,2 milyon manata çatıb. Bu isə təxminən, yarım milyard manatı ötmək deməkdir.
May ayının ilk gününə aid olan bu vəziyyət hələ ilin yarısını əhatə edir. Bu ilin sonuna qədərki müddəti də nəzərə alsaq, kifayət qədər böyük rəqəmin olması ehtimalı yaranır. Görəsən, bir il ərzində problemli kreditin həcminin 51,5 faiz artmasının səbəbi nədir? Nədən krediti qaytarmaq ildən-ilə çətinləşir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, yaranmış problemi aradan qaldırmaq, mövcud vəziyyəti dəyişmək üçün əhalinin müxtəlif mənbələrdən gəlir imkanı olmalıdır. Imkanlar hansısa formada azalırsa, bu, şübhəsiz ki, problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq: “Hansısa biznes layihələri keçirilir və onunla bağlı ciddi maneələr yaranmırsa, onda təbii ki, problemli kreditlərin həcmi aşağı düşəcək”. M.Talıblı söylədi ki, beynəlxalq təcrübə baxımından Azərbaycanda problemli kreditlərin həcmi çoxdur və o, günü-gündən artır. Ölkədə biznes şərtləri normal olmadığı üçün sahibkarlar problemli kreditləri qaytarmaqda çətinlik çəkir. Eyni zamanda bu, təkcə sahibkarlarla bağlı deyil, banklardan alınan kreditlərin içində istehlak kreditləri xüsusi olaraq diqqəti çəkir: “Görünür, əhalinin gəlirlik səviyyəsi əhəmiyyətli dərəcədə artmadığından istehlak kreditləri içində problemlilərin faiz dərəcəsi yüksəlib. Ona görə də bu məsələdə biznes mühiti və əhalinin gəlirlilik səviyyəsi də mühüm əhəmiyyət kəsb edir”.
Nigar