Müstəntiqə rüşvət təklif edirsən, yaramaz?

Iki min də gətir!

Inanıram ki, Ilham Əliyev səmimi şəkildə korrupsiya və rüşvətə qarşı mübarizəyə başlamaq barədə qərar vermişdi. Çünki bu adam dilənçi deyil, şərəfli bir kişidir, heç bir zaman əhalinin əlinə göz dikən rüşvət sisteminin fəaliyyətinə razı olmaz.

Ancaq bu qərarın icrası mümkün olmadı və heç mümkün də deyildi. Ən azı ona görə ki, Ilham Əliyevi hakimiyyətə gətirən məhz həmin “korrupsiya və rüşvətdir”; ikincisi ona görə ki, Əliyev idarəetmə sisteminin mahiyyəti məhz korrupsiya, rüşvət və monopoliyadır. Zatən, bunlara qarşı mübarizə aparmaq bütün sistemi dəyişmək deməkdir. Ilham Əliyev sistemi dəyişsə, prezident ştatında işləyə bilərmi?

Yazmışdıq, yazmışdıq ki, rüşvətə qarşı mübarizəni SSRI məkanında, 70-ci illərdə ilk dəfə Heydər Əliyev başlamışdı.

Yazmışdıq, yazmışdıq ki, Heydər Əliyevin rüşvətə qarşı mübarizəsi əks-effekt verdi – respublikada rüşvət dəfələrlə artdı, siyasi rəqiblər türmələrə dolduruldu…

Bunları 6 il öncə çap olunan kitabımızda yazmışdıq.

Ilham Əliyevin başlatdığı “antikorrupsiyanın” da eyni effekti verəcəyini bilirdik. Başqa variantı yoxdur: Azərbaycanı keçmiş kommunistlər, 70-ci illərdə “korrupsiyaya qarşı” mübarizə aparanlar və onların yetirmələri idarə edir və 70-ci ildə olduğu kimi, analoji situasiyanın yaranacağına şübhə ola bilməzdi: həmin sistem, həmin mübarizə, həmin komanda – necə deyərlər, “həmin dalğa, həmin koordinat”!

Dünən aldığım bir dəhşətli informasiyadan sonra əmin oldum ki, 70-ci illərin kommunistləri varisləri olan YAP hakimiyyəti ilə fəxr edə, qürur duya bilərlər. Çünki bu “antikorrupsiya” 40 il əvvəlkindən daha möhtəşəmcəsinə həyata keçirilir.

Deməli, Bakının rayonlarından birində iki yeniyetmə avara-avara veyillənəndə yanlarında bir maşın dayanır: dostları “yeni aldığı” maşında onları gəzməyə dəvət edir.

Gəzirlər, şellənirlər, evə gəlirlər və səhərisi dallarıyca polis gəlir. Ki, demə dünən dostlarının “yeni aldığı” maşın oğurluqmuş – müşahidə kameralarının köməyi ilə oğrunu ikicə saata tapıblar.

Istintaq başlayır – maşın oğrusuna dəlil-sübuta imza atdırıb dərhal maddəsini oxuyurlar, bir saatlıq “dost maşınında” gəzdiyinə görə zibilə düşən yeniyetmələrə isə deyirlər ki, iki yolunuz var: ya adama 1000 manat gətirin, ya da sizi də “iştirakçı” kimi dostunuzun cinayətinə şərik edəcəyik.Pul nə gəzir bu xaraba məmləkətdə? Ilham Əliyev iqtidarının yürütdüyü möhtəşəm siyasət nəticəsində ölkə vətəndaşları acından ölməmək üçün mübarizəyə yox, müharibəyə qalxıblar, deyilən məbləği hardan tapsınlar?

Nəsə, bir müddətdən sonra müstəntiq şəxsən zəng edir, Azərbaycan qanunlarına uyğun olaraq heç kimi hərləmədən elə telefondaca iki yeniyetmənin valideyninə bəyan edir ki, adama 500 manat gətirin, balalarınızı aparın!Razılaşırlar. Iki valideyn, hərəsinin əlində 500 manat gedir, müstəntiqlə görüşür, 500 manatı stolun üstünə qoyur və…

…Içəri IKI nəfər hansı vəzifə daşıdıqları bilinməyən “antikorrupsioner” girir, Ilham Əliyevin rüşvətə qarşı mübarizə tədbirlərindən danışır, “müstəntiqə rüşvət təklif edən” IKI valideyni dərhal qandalladır və içəri atır, cəmi IKI saatdan sonra həmin müstəntiq gəlir və deyir ki, korrupsiyaya qarşı mübarizə aparan həmin zabitlər IKI min istəyir!

Onları evə buraxırlar, övladlarını da – hərəsindən borc-xərc düzəltdikləri 2500 manatı çığırda-çığırda almaqla.

70-ci illərdə də belə olmuşdu – kampaniya zamanı rüşvətxorluq və məzənnə fantastik səviyyədə qalxmışdı.

Amma o dövrdə sovet repressiv aparatında çalışanların belə həyasızcasına şərləmə qabiliyyətlərinə malik olub-olmadıqları haqda məlumatım yoxdur.